Tribuna İnformasiya Agentliyi

İllərdir sirri açılmayan “intihar köpüsü”: Siz yox, yanınızdakı özünü atır…

12 Sentyabr
Overton körpüsü Şotlandiyanın Qərbi Dandortonşeyr bölgəsində, Milton yaxınlarında yerləşir. Tarixi Overton qalasına getmək üçün istifadə edilən və 2 metr genişliyi olan körpüdə digər körpülərdə baş verməyən qeyri-adi hadisələr yaşanmaqdadır.
Həm memarlıq, həm estetik, həm də tarixi baxımdan olduqca önəm kəsb edən körpü sırf bu fərqliliyinə görə, daha çox ziyarət edilir. Bu vaxta qədər sirri açılmayan Overton körpüsü o qədər müammalıdır ki, artıq “intihar körpüsü” olaraq tanınır və adı dünyanın getməyə cəsarət edilməyən yerləri siyahısında keçir.
Bəs bu sirli hadisə nədir?
Qaynarinfo xəbər verir ki, körpünün inşasına 1859-cu ildə başlanılıb. 1950-ci ildə, yəni körpü istifadə verildikdən 1 il sonra burada qəribə hadisə baş verir. Həmin gün qalaya girmək üçün körpüdən bir nəfər keçir. Lakin o tək deyildi. Yanında da bir iti vardı. Körpünün girişində heç bir problem yaşanmır, amma həmin şəxs ortaya çatanda itin davranışlarında qeyri-adi hərəkətlər sezilir. İt əsəbiləşir və sahibi nə olduğunu anlamadan bir anda it onun əlindən çıxaraq saniyələr içərisində körpüdən tullanaraq intihar edir.
600-ə yaxın it bu şəkildə intihar edir 
 
Maraqlısı budur ki, hadisə bununla bitmir. 1950-ci ildən sonra Overton körpüsündən kim iti ilə birgə keçirsə, heyvanlar eyni davranışları sərgiləyir və körpüdən özlərini ataraq intihar edirlər. Belə ki, bu vaxta burada intihar edən itlərin sayı 600-ə yaxındır.
Hamısı eynilə əvvəllərdə normal şəkildə gedir, lakin ortaya çatanda əsəbiləşir, gözlənilməyən bir anda sahiblərinin əllərindən çıxaraq özlərini aşağı atırlar. Maraqlısı isə budur ki, hamısı da eyni nöqtədən və eyni vəziyyətdə tullanırlar.
Elm, yoxsa kəhanət?
İntihar hadisələri artdıqdan sonra yerli əhali bunu cadugərliklə əlaqələndirməyə başlayır. Onların fikrincə Overton qalasında olan pis ruhlar itlərin içəri girməsini istəmir və onları lənətləyərək körpüdən keçmələrini əngəlləyərək, intihara məcbur edirlər.
Xalqın fantastik şərhlərindənsə, heyvan davranışları üzrə mütəxəssis Dr. Devid Sandın araşdırmaları həqiqətə daha yaxındır. Mütəxəssis hadisəni araşdırmaq üçün sözügedən körpüyə gedir. Araşdırmalar nəticəsində itlərin özünü buradan atmasının səbəbini öyrənir. Onun fikrincə körpünün altında dələlər yaşayır və onların ətrafa yaydıqları pis qoxu itləri əsəbiləşdirir. Qoxuya dözə bilməyən itlər, onun mənbəyini tapmaq üçün refleks olaraq özlərini körpüdən aşağı atırlar. Lakin xalq itlərin həmişə eyni nöqtədən və eyni vəziyyətdə tullanmalarının heç vaxt elmlə açıqlana bilməyəcəyinə inanmağa davam edirlər. Son çarə olaraq körpünün hər tərəfinə ziyarətçilər üçün itlərini bərk-bərk tutmaq barədə xəbərdarlıq lövhələri asılır.
Çingiz Səfərli