İlin sonuna doğru bəzi banklar bağlana bilər (ŞƏRH)backend

İlin sonuna doğru bəzi banklar bağlana bilər (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ölkədə fəaliyyət göstərən bəzi bankların zərərlə işləməsinin əsas səbəbi problemli kreditlərlə bağlıdır. Pandemiya şəraitində sahibkarlar krediti vaxtında ödəyə bilmirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında maliyyə, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov cari ilin ikinci rübündə Azərbaycanda mövcud olan 26 bankdan 7-sinin zərərlə işləməsinin səbəblərinə toxunarkən deyib. Ekspert bildirib ki, banklar verdiyi kreditlərin bir hissəsini vaxtında yığa bilmir, bir hissəsini də vaxtında ödəmirlər:
“Banklar əsasən əmanətçilərin qoyduğu pullar hesabına kredit verir. Belədə günün bir günü müştəri vaxtında ödəniş etməyəndə bank üçün problem yaranır və o zərərə düşür. Bu halda bank məcburdur ki, ehtiyat yaratsın. Ehtiyat isə bankın xərc hissəsinə aiddir. Azərbaycan banklarının müəyyən hissəsi problemli kreditlərin həcmini gizlədir. “AtaBank” 2016-cı ildən müflis olsa da, yalnız 4 ildən sonra onu müflis elan etdilər. Bu dövr ərzində “AtaBank” guya mənfəətlə işlədiyini bəyan edirdi. Lakin buna görə heç kim məsuliyyətə cəlb olunmadı”.
Əkrəm Həsənov hesab edir ki, zərərlə işləyib, müflisləşmə təhlükəsilə üz-üzə qalan bankların sayı əslində daha çoxdur:
”Sadəcə banklar bağlanma təhlükəsilə üzləşməmək üçün bunu gizlədir”.
Ancaq həmsöhbətimiz onu da qeyd edib ki, bankın zərərlə işləməsi hələ onun müflisləşməsi, bağlanması anlamına da gəlməməlidir:
“Ola bilər banklardan bəziləri gələcəkdə problemli kreditlərin müəyyən hissəsini geri qaytara bildi. Digər tərəfdən, bank sahibləri ora əlavə kapital qoyuluşu edə, yaxud da yeni səhmdarlar cəlb oluna bilər. Bununla belə müflisləşmə təhlükəsilə üz-üzə qalan bankların bəziləri ilin sonuna doğru son nəticədə bağlana bilər. Bu gözləniləndir. elə bir təhlükə var”.
Qeyd edək ki, 2021-ci ilin birinci rübündə Azərbaycanda 2 bank zərərlə işləyirdisə, rəsmi statistikaya görə ikinci rübdə belə vəziyyətə düşən bankların sayı 7-yə çatıb.