İlham Əliyev: “Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi”backend

İlham Əliyev: “Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şuşanın bərpası ilə bağlı ilk səfərim çərçivəsində bütün lazımi göstərişlər verildi və yanvar ayından bu günə qədər, 7 ay ərzində artıq çox böyük işlər görülüb və Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görür”.

TİA.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib.

“Bəli, şəhər hələ ki, dağılmış vəziyyətdədir. Çünki ermənilər nə qədər çalışalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb və Şuşanın bərpası 14 yanvardan başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu 14 yanvarda gördük. Biz Füzulidən haradasa iki yarım-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq”.

Prezident bildirib ki, Şuşanın elektrik təsərrüfatı bərpa edildi, yüksəkgərginlikli xətlər Füzulidən gətirildi bura, yarımstansiya tikildi, yəni Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi: “Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı, Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi, dünən onun ikinci açılışı olmuşdur. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhər Ağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhər Ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, indi su gəlir. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular. Əgər bu, erməni şəhəri idisə, nə üçün siz bu bulaqları qurudursunuz? Ondan sonra “Xarıbülbül” oteli istifadəyə verildi və artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər addımlar atıldı”.

“Ermənilər tərəfindən gülləboran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mənim tərəfimdən mərkəzi meydanda qoyuldu və dünən Şuşanın dirçəlişinin növbəti mərhələsi idi. Qeyd etdiyim kimi, Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onu da mənfur düşmən dağıtmışdı. Üzeyir Hacıbəylinin dağılmış evinin bərpası ilə bağlı göstəriş verildi. Dünən Polad Bülbüloğlu ilə və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə Bülbülün evinin açılışını biz qeyd etdik. Polad atasının evini bərpa etdi, indi çox gözəl muzey yaradılmışdır. Dünən “Qarabağ” hoteli əsaslı təmirdən sonra yenidən qonaqların üzünə öz qapılarını açdı. İşğal dövründə “Qarabağ” hoteli nə gündə idi, onu biz işğaldan sonra görmüşdük. Cəmi iki mərtəbəsi işləyirdi, nə su var idi, nə işıq var idi. Bərbad vəziyyətdə idi, dağılmış vəziyyətdə idi. O kadrlar var. O da bərpa edildi və hesab edirəm ki, bu tədbirlərin içində ən önəmlisi yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Yeni otel beşulduzlu otel olacaq. Orada 150 otaq olacaq, hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” otellərində 150 otaq mövcuddur, 300 otaq olacaqdır, böyük konfrans zalı və tədbirlər üçün yerlər, beşulduzlu otel onun da yeri də seçildi mənim tərəfimdən, həmin yerdə mənfur düşmən dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdur və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi”, – Prezident İlham Əliyev əlavə edib.