İlham Əliyev: “Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır”backend

İlham Əliyev: “Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır”

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

TİA.AZ xəbər verir ki, dövlətimizin başçısı sonda yekun nitqi ilə çıxış edib. O, çıxışında Azərbaycanın dünya əhəmiyyətli nəhəng layihələr icra etdiyindən söz açıb:

“Bu layihələr arasında Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri var. Cənub Qaz Dəhlizi bu il istismara veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib və bu yol vasitəsilə yükdaşımaların həcmi ildən-ilə artır. Bakı-Tbilisi-Qars Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsidir. Biz bu layihəni qonşu ölkələrlə – Türkiyə və Gürcüstan ilə uğurla icra etdik. Digər qonşularımızla – Rusiya və İran ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər uğurla gedir və demək olar ki, bu dəhliz fəaliyyət göstərir. Sadəcə olaraq, bu dəhlizi daha da səmərəli etmək üçün növbəti addımlar atılır”.

İlham Əliyev çıxışında qeyd edib ki, bu nəhəng enerji və nəqliyyat layihələri Ermənistandan yan keçib:

“Bu, bizim qonşularımızdır, eyni zamanda, Rusiya istisna olmaqla, Ermənistanın da qonşularıdır. Yəni, biz qonşularla dostluq, əməkdaşlıq, səmimiyyət əsasında münasibətləri qurmuşuq və məhz buna görə bu layihələrə nail olmuşuq. Ermənistan isə əsrlərboyu qonşulara xor gözlə baxır, qonşulardan nəsə qoparmaq istəyir, onların torpağına iddia edir, tarixi saxtalaşdırır, tarixi abidələri saxtalaşdırır və özününküləşdirməyə cəhd edir. Fərq bundan ibarətdir.

Ermənistanı bu enerji və nəqliyyat layihələrindən biz təcrid etmişik və bunu heç vaxt gizlətməmişik. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi sözümüzə sadiq qaldıq”.

Prezident qeyd edib ki, Ermənistanı siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanı adlandırıb:

“Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq. Beləliklə, Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat əsasında Ermənistanı Azərbaycanla müqayisə etmək istəsə, yaxşı fikirləşsin. Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək.

Bilirsiniz, əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün məcbur olub, bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim. Özü də mənim gətirdiyim rəqəmlər həqiqəti əks etdirir, Ermənistanın gətirdiyi rəqəmlər növbəti əfsanədir, növbəti yalandır”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki