Tribuna İnformasiya Agentliyi

İki nazirlik artezian sularının keyfiyyətini yoxlayacaq

05 Dekabr
 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə Bakı və Abşeron yarımadasında əhalinin istifadə etdiyi yeraltı artezian sularının pulsuz səyyar ekspress analizlərinin aparılması proqramına start verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimovun  verdiyi məlumata görə, kampaniyanın keçirilməsində məqsəd artezian sularının keyfiyyətinin öyrənilməsi, çirklənmədən mühafizəsi və əhali tərəfindın düzgün istifadə qaydalarının təbliğindən ibarətdir.

O qeyd edib ki, pulsuz analizlərin aparılmasına dekabrın 10-dan etibarən ilk olaraq Sabunçu rayonunun Maştağa qəsəbəsində başlanılacaq və 10 gün ərzində hər iki Nazirliyin mütəxəssisləri tərəfindən artezian sularının keyfiyyəti təhlil olunacaq.

F.Mütəllimov bildirib ki, keçirilən kampaniya çərçivəsində yerli sakinlərlə maarifləndirici söhbətlər aparılacaq, tövsiyələr veriləcək.