İki dəfə yanan “Eurohome”un taleyi qaranlıqdırbackend

İki dəfə yanan “Eurohome”un taleyi qaranlıqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat deyir ki, sahibkarları dövlətlə üz-üzə qoymaq olmaz

Yarım il ərzində iki dəfə yanan “Eurohome” ticarət mərkəzinin bağlanması xəbərləri yayılıb. Sonuncu dəfə mayın 11-də yanan bazarda çalışan sahibkarlara deyiblər ki, gəlin mallarınızı çıxarın.

Sahibkarlardan biri Rasim Musayev bildirib ki, mayın 21-də onlara artıq işləməyəcəkləri deyilib: “Bazarın sahibi Azay Möhnətov gəlib dedi ki, istintaq gedir deyə bazar işləməməlidir. Amma nə vaxta qədər işləməyəcəyini demirlər. Bizim dükanlara aidiyyəti olmayan yerdə 4-5 mağaza yanıb. İstintaq orada işini görsün, imkan versinlər biz də işləyib çörəyimizi qazanaq”.

Digər sahibkar Rövşən Əliyev qeyd edib ki, “Sədərək” və digər ticarət mərkəzlərində də dəfələrlə yanğın baş verib, amma onları qapatmayıblar.  Sahibkar Əhməd Nəsibovun sözlərinə görə, onlara mallarını mağazalardan çıxarmaq tapşırılıb: “Bu o deməkdir ki, bazar bağlanır. Bizə deyirlər gedin başınıza çarə tapın”.

Bu isə arzuolunmaz mənzərədir. Dövlət tərəfindən iş adamlarına dəstək verildiyi bildirilir, Prezident tez-tez çıxışlarında sahibkarlara köməklik göstərilməsinin vacibliyini vurğulayır, onlara əngəl törədilməməsi tapşırılır.

Amma “Eurohome”da sahibkarların işləməsinə icazə verilmir, onlara bazarı tərk edib başlarına çarə axtarmaları tövsiyə edilir.

Mayın 21-də də sahibkarlar yanan ticarət mərkəzinin önünə toplaşıblar, işləməyə icazə verilmədiyi üçün şikayətləniblər.

Lakin iş adamlarını dövlətdən narazı salan “Eurohome”un sahibi vəziyyətlə əlaqədar hər hansı addım atmır, güzəşlər etmir.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov “Yeni Müsavat”a bildirdi ki, insanların üzləşdiyi çətinliyi başa düşür.

Vahid Əhmədov deputatlarla bağlı dəyişiklikləri PİSLƏDİ - modern.az

Vahid Əhmədov

Onun sözlərinə görə, bir müddət əvvəl də “Diqlas” ticarət mərkəzi yanmışdı və prezident İlham Əliyev sahibkarların düşdüyü vəziyyəti nəzərə alaraq, dövlət tərəfindən zərər çəkmişlərə yardım göstərilməsini tapşırdı: “Ancaq hər bir obyekt sahibi bilməlidir ki, müəssisəni sığorta etdirmək lazımdır. Azərbaycanda kifayət qədər sığorta şirkətləri var və obyektlər sığorta olunmalıdır”.

V.Əhmədov dedi ki, bir yandan pandemiya dövrünün problemləri meydana gəlib, bir yandan neftin dünya bazarında qiyməti kəskin ucuzlaşıb, belə şəraitdə dövlətin indi “Eurohome” ticarətçilərinin məsələsini üzərinə götürməsi çətindir:

“Obyekt sahibi özü fikirləşməlidir ki, camaatın pulunu ödəsin. Başa düşürəm ki, insanlar çətin vəziyyətlə üzləşib, iş qurublar, indi əmlakları yanıb. Amma obyekt sahibi bilməlidir ki, sahibkarları dövlətlə üz-üzə qoymaq olmaz. Vaxtında obyekt tikmisən, pul qazanmısan, sığorta eləməlisən və həmin adamlara kömək göstərməlisən”.

Millət vəkili Musa Quliyev Facebook-u bağlamağa çağırdı

Musa Quliyev

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə “Yeni Müsavat”a bildirdi ki, dövlət dəfələrlə sahibkarlara sığorta barədə xəbərdarlıq edib, yolları izah olunub. Onun sözlərinə görə, dövlət mümkün qədər öz dəstəyini həmişə verir, amma bütün məsuliyyəti üzərinə götürməli deyil:

“Obyekt sahibi sığorta etməyəndə bu cür itki ilə üzləşir.  Sahibkarlar sığortanın nə olduğunu bilməlidirlər, bir sığorta mədəniyyəti yaranmalıdır.

Biz hər dəfə problemi dövlətin üzərinə qoymalı deyilik. Hesab etmirəm ki, “Eurohome”da baş verənlər dövlətin problemidir”.

Deputatın sözlərinə görə, obyekt sığortalananda dəymiş ziyan qiymətləndirilir: “Hər hansı zəlzələ, selbasma, yanğın olanda sığortalı obyekt vəziyyətdən çıxa bilir.

Bizdə sovet yanaşması qalıb ki, dövlət yardım etsin. Axı sovet vaxtı özəl mülkiyyət yoxuydu, dövlət zərəri qarşılayırdı. İndi hər dəyən ziyanı dövlətin üstünə yükləmək olmaz.

Sahibkarlar özləri məsuliyyəti dərk etməlidirlər. Çünki vaxtında profilaktik tədbir görməyəndə altını çəkirsən”.

Emil SALAMOĞLU