İcra hakimiyyətlərinin ləğvinə doğru və ya idarəetmənin Qarabağ modelibackend

İcra hakimiyyətlərinin ləğvinə doğru və ya idarəetmənin Qarabağ modeli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Deputat: “Prezident açıq bəyan etdi ki, daha heç nə əvvəlki kimi olmayacaq”

Ekspert: “Bu yaxşı başlanğıcdır. Digər iqtisadi rayonlar üzrə də nümayəndələr təyin edilməlidir”

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısının sərəncamı ilə Birinci vitse-prezidentin köməkçisi, buna qədər Prezidentin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi postunda çalışmış Emin Hüseynov bu vəzifəyə təyinat alıb.

Uzun müddətdir icra hakimiyyətlərinin ləğv edilməsi, regionlar üzrə vahid idarəetmə sisteminin yaradılması təşəbbüsləri irəli sürülür. Prezident İlham Əliyevin son Sərəncamı mövzunu yenidən aktuallaşdırmaqla yanaşı, gələcəkdə gözlənilən və referendum yolu ilə ediləcək Konstitusiya dəyişiklikləri zamanı bu məsələnin də öz həllini tapacağına böyük ümidlər yaradıb

İcra hakimiyyətlərinin yarıtmaz fəaliyyəti, son dövrlər xeyli sayda icra başçısının korrupsiya əməllərinə görə həbs edilməsi, əksər nazirliklər və dövlət qurumlarının regional idarəetməyə keçid etməsi fonunda bu dəyişikliklər həm də cəmiyyətdən gələn sosial sifariş olaraq qiymətləndirilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov AYNA-ya açıqlamasında bildirib ki, Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsinin təyin olunması müsbət hadisədir: “Bilirsiniz ki, cənab Prezident son inauqurasiya çıxışı zamanı ölkəmizin çoxvektorlu islahatlar dövrünə qədəm qoyduğunu bəyan etdi. Bu dövrdə Azərbaycanda kompleks islahatlar həyata keçirilib. Bu islahatlar hakimiyyətin bütün qollarını – qanunverici, icraedici və məhkəmə sahələrini əhadə edib. İstər mərkəzi icra hakimiyyəti, istərsə də regional idarəetmə sistemində ciddi islahatlar aparılıb”.

“Elə bir sahə yoxdur ki, bu islahatlar prosesindən kənarda qalsın. 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra xalqa müraciətləri və mətbuata müsahibələri zamanı dövlət başçısının verdiyi xüsusi mesajlardan biri də bu idi ki, daha heç nə əvvəlki kimi olmayacaq. Təbii ki, islahatlar prosesi bundan sonra da davam edəcək. Bu islahatların mahiyyətində isə dövlət-vətəndaş münasibətlərinin yüksəldilməsi, elektron hökumətə keçid, idarəetmədə şəffaflığın təmin edilməsi, optimal idarəetmə sisteminin formalaşması dayanır” – deputat söyləyir.

O əlavə edir ki, gələcəkdə regional idarəetməyə keçid mümkündür: “Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi daha çox işğaldan azad olunmuş ərazilərin yenidən qurulması işlərinə məsul olacaq. Çünki ermənilər işğal müddətində bu ərazilərdə daşı daş üstündə qoymayıblar. Digər iqtisadi rayonlar üzrə xüsusi nümayəndələrin təyinatı məsləsinə gəldikdə, təbii ki, bu da baş verə bilər. Lakin bunun üçün Konstitusiya referendumu keçirilməlidir. Çünki bu məsələ ali qanunumuzla tənzimlənir. Azərbaycanın inkişafı üçün nə gərəkdirsə, Prezident onu edir. Dövlət rəhbəri olaraq mövcud situasiyanı daha aydın görür və qiymətləndirir. Hesab edirəm ki, ehtiyac olacağı təqdirdə bu məsələyə də baxıla bilər” – deyə Məmmədov fikirini yekunlaşdırır.

ReAl Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, bu olduqca vacib məsələdir: “Uzun müddərdir ReAl Partiyası olaraq bununla bağlı hökumətə təkliflər veririk. Dəfələrlə bəyan etmişik ki, regional idarəçiliyə keçid ölkəmizin qarşısında böyük imkanlar açar. Bu, həm biznesin çiçəklənməsinə zəmin yaradar, həm də dövlət vəsaitlərinə qənaət olunmasına gətirib çıxarar. Kiçik rayonlara sərmayə cəlb etmək çətindir. Böyük regionlara investisiya cəlb etmək isə nisbətən rahatdır. Bu gün Azərbaycanda 80-dən çox icra hakimiyyəti var və onların hər biri müstəqil büdcəyə malikdir. Say çoxaldıqca büdcədən yayınmalar, israfçılıq halları da artmış olur”.

“Lakin bunun üçün mütləq şəkildə Kontitusiya dəyişikliyi olmalıdır. Bu məqsədlə referendum keçirilərsə, bütün siyasi qüvvələr buna dəstək verməlidir. ReAl olaraq biz də tam dəstək verməyə hazırıq. Hesab edirik ki, regional özünüidarəetmə orqanları seçkilər yolu ilə seçilməlidir. Belə olduqda onlar məsuliyyəti öz üzərinə götürürmüş olacaqlar. Bu isə hesabatlı idarəetmə sisteminin formalaşmasına səbəb olacaq. Hazırda dünyanın inkişaf etmiş bir çox dövlətlərində, misal üçün, Fransada bundan istifadə edilir. Kifayət qədər də uğurlu nəticələri var” – ekspert qeyd edir.

Onun sözlərinə görə, Prezidentin iqtisadi rayonlar üzrə nümayəndələrinin təyin olunması yaxşı başlanğıcdır: “Prezident Qarabağ iqtisadi rayonunda olduğu kimi, digər iqtisadi rayonlarda da öz səlahiyyətli nümayəndələrini təyin etməlidir. Həmin nümayəndələr qanunların icra olunmasına nəzarəti həyata keçirir, fövqəladə situasiyalarda idarəetməni öz üzərinə götürürlər. Lakin bütün zəruri funksiyalar xalq tərəfindən seçilmiş özünüidarəetmə orqanlarına verilir. Bu addım həm vətəndaşların rifah halının yüksəlməsinə xidmət edir, həm də dövlətin mənafeyinə uyğundur. Yalnız bu yolla əyalətlərdə optimal idarəetmə sistemini təmin etmək olar” – deyə Cəfərli vurğulayıb.

Müəllif: Azər Niftiyev