İcra başçısı və millət vəkili Şirvan şəhərində görülən abadlıq işləri ilə tanış olubbackend

İcra başçısı və millət vəkili Şirvan şəhərində görülən abadlıq işləri ilə tanış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində 2020-ci ildə Şirvan şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb. Ölkə rəhbərinin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində ölkəmizi əhatə edən abadlıq işlərinin davamı olaraq magistral və məhəllədaxili yollara asfalt çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması, nümunəvi məhəllələrin, park və yaşıllıqların salınması bunun bariz nümunəsidir.

TİA.AZ xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili İltizam Yusifov, İcra Hakimiyyətinin məsul işçiləri, aidiyyatı qurumların nümayəndələri ilə birgə Şirvan şəhər ərazisində aparılan abadlıq, təmir-bərpa və tikinti işləri ilə yerində tanış olub.

Öncə T.Ələkbərov küçəsində piyadalar üçün yeni salınan səkiyə, F.Eynullayev küçəsi 9 saylı binanın qarşısında tikintisi başa çatan yeni məhəlləyə baxış keçirilib, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanılıb. 28 May küçəsi 3, 4, 5 və 7 saylı binaların qarşısında yekunlaşmaq üzrə olan abadlıq işləri ilə yerində tanış olunub, belə ki əraziyə tamet tavalar döşənib, söhbətgahlar qurulub, binalara dam örtüyü vurulub, avtomobillərin saxlanması üçün ərazilər və məhəllədaxili yollar asfaltlanıb.

Sonra millət vəkili və şəhər icra başçısı aidiyyəti qurumların rəhbərləri ilə birlikdə 2021-ci ildə görüləcək abadlıq işləri ilə bağlı ərazilərə baxış keçirib. Bildirilib ki, bu il Bağ evləri yaşayış massivinə, Naxçıvan, Xəqani, N.Nərimanov, Energetik küçələrinə asfalt betion örtüyünün vurulması planlaşdırılır. Çılpaqlı yaşayış massivində, Mahir Mirzəyev küçəsində, Kənd evləri yaşayış massivində asfalt beton örtüyünün vurulması nəzərdə tutulan küçələrə baxış keçirilib və müvafiq tövsiyələr verilib. İcra başçısı İlqar Abbasov bəzi küçələrdə işqılandırma sistemlərinin yeniləri ilə əvəz olunmasına, səkilərin bərpasına, habelə şəhərin müxtəlif ərazilərində yerləşən dalan və ara küçələrinin də asfaltlanmasına dair müvafiq tapşırıqlar verib.

Daha sonra “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata keçirilən “Bizim həyət” layihəsinə uyğun olaraq L.İbrahimov 4, 20 Yanvar 4a saylı binaların qarşısında salınacaq “Abad məhəllə”nin layihəsi ilə tanış olublar. Bu, “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə Bakı şəhərindən sonra ilk olaraq Şirvan şəhərində salınacaq ikinci abad məhəllə olacaq.

Görülən işlərlə tanışlıq zamanı şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və millət vəkili İltizam Yusifov həmin ərazilərdə yaşayan sakinlərlə görüşüb, onların problemlərini dinləyiblər. Sakinləri narahat edən məsələlərin qısa zaman ərzində həllini tapmasi üçün müvafiq tədbirlərin görüləcəyini bildirərək sakinləri əmin ediblər ki, şəhərdə abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi üçün lazımi bütün imkanlardan istifadə ediləcəkdir.

Sakinlər bütün dünyanı bürüyən pandemiya vəziyyətinə baxmayaraq, vətəndaşların rahatlığı üçün şəhərdə aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirib, görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq dolu ürək sözlərini ifadə ediblər. Səmimi söhbət edən sakinlər bu gün Azərbaycanda vətəndaş amilinin ön planda dayandığını, icra başçısının və millət vəkilinin sakinləri narahat edən məsələlərlə yerində maraqlanmasını vətəndaşlara göstərilən qayğının bariz nümunəsi kimi qeyd ediblər.