İcra başçısı onun əmlakından yazan hüquqşünası HƏBS ETDİRİRbackend

İcra başçısı onun əmlakından yazan hüquqşünası HƏBS ETDİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bu rayonun sakini, hüquqşünas Fərid Qəribovu həbs elətdirmək istəyir. Səbəb isə hüquqşünasın bu icra başçısının sərvəti, oğlunun maaşına adekvat olmayan bahalı maşını, həmçinin rayonda əhalinin susuzluqdan əziyyət çəkməsi, torpaqlarının əllərindən alınması, Balakəndə abadlaşdırmaya ayrılan büdcə vəsaitlərinin yeyintisi və s. haqda yazdıqlarıdır.

TİA.AZ Bizimyol.info-ya istinadən xəbər verir ki, 31 yaşlı Fərid Qəribov həmin yazıları iyulun 24-də “Facebook” hesabından paylaşıb. Buna görə də icra başçısı onun haqqında xüsusi ittiham qaydasında iddia qaldırıb. Hüquqşünasın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edir. Avqustun 11-də Balakən rayon Məhkəməsində hakim Zamin Talıbovun sədrliyilə bu iş üzrə məhkəmənin hazırlıq iclası keşirilib.

İcra başçısı iddia ərizəsində yazıb ki, onun harın həyat tərzi sürməsi, büdcə vəsaitlərinin mənimsənilməsi və s. haqda yazılanlar şər-böhtandır.

Fərid Qəribov isə deyir ki, o, icra başçısını nə təhqir edib, nə də böhtan atıb, İ.Rzayevin Balakənin icra başçısı olduğu 9 il ərzindəki fəaliyyətini təhlil edib.

O,  açıqlamasında bildirib ki, sosial mediada icra başçısı haqqında paylaşımından sonra Balakən rayon Polis Şöbəsinə çağrılıb, orada kobud rəftarla üzləşib. Həmçinin telefonuna müdaxilə edilərək, icra başçısı haqqında tənqidi statusu pozublar: “Mənə deyirdilər ki, müxalifətçilik eləyirsən. Dedim ki, birincisi, müxalifətçi də adamdı, bu nə yanaşmadı. İkincisi, mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Deyirdilər ki, icra başçısını təhqir eləmisən. Cavab verdim ki, təhqir yox, tənqid eləmişəm”.

Fərid Qəribov bildirir ki, bunun ardınca atasını da 42 il çalışdığı işindən uzaqlaşdırıblar. Onun sözlərinə görə, atası Qarabağ müharibəsinin iştirakçısı olub. Nə bunu, nə pandemiya dövrünü, nə də təqaüdə çıxmasına cəmi 11 ay qalmasını nəzərə almadan, atasını ərizə yazmağa məcbur edib, işdən çıxarıblar: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırıb, işdən çıxarıblar. Atam Prezident Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiə nazirinə və digər dövlət orqanlarına şikayət edib”.

Daxili İşlər Nazirliyi Fərid Qəribovun Balakən rayon Polis Şöbəsində kobud rəftara məruz qalması haqda deyilənləri təkzib edib.