İcra başçısı olmayan rayonların sayı 5-ə endi – SİYAHIbackend

İcra başçısı olmayan rayonların sayı 5-ə endi – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin bu gün Şəmkir və Cəlilabad rayonlarına yeni icra başçıları təyin etdikdən sonra rəhbərsiz qalan rayonların sayı 7-dən 5-ə enib. Xatırladaq ki, dövlət başçısı Rafiq Cəlilovu Cəlilabada, Rəşad Tağıyevi isə Şəmkirə icra başçısı təyin edilib.

Hər iki rayonun sabiq rəhbərləri Namiz Zeynalov və Alimpaşa Məmmədov korrupsiya, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. cinayətlərlə ittiham olunaraq həbs ediliblər. Yaxın günlərdə onların hakim qarşısına çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Prezident sonuncu dəfə avqustun 9-da Həbib İbrahimovu Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. 

Bundan əvvəl, avqustun 20-də Ceyhun Cəfərov Kürdəmirin, aprelin 29-da isə Rövşən Bağırov Lerik rayonunun icra başçısı postundan azad ediliblər.

Dövlət başçısı R. Bağırovu Ağsuya icra başçısı təyin edib. Hazırda Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boşdur. 

Bundan əlavə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi də boşdur. Bu il mayın 22-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Akif oğlu Seyidov vəzifədən azad edilib. O, bu vəzifəyə 2006-ci ilin fevralın 23-də təyin olunmuşdu.

Uzun müddətdir, icra başçısı olmayan rayonlardan biri də Bakı şəhərinin Nizami rayonudur. Ölkə başçısının ötən ilin iyulun 11-də imzaladığı sərəncama əsasən, Arif Adil oğlu Qasımov vəzifəsindən azad olunub. Onun yerinə bu günə qədər təyinat aparılmayıb.

Xatırladaq ki, Arif Qasımov 1965-ci ildə Şərur rayonunda doğulub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. 2015-ci ildən Nizami rayonun icra başçısı vəzifəsində çalışan Arıf Qasımov, 2011-ci ildə rayonun bələdiyyə sədri olub. O, 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləyib.

A.Qasımovun vəzifəsindən azad edilməsi isə qalmaqallı hadisədən sonra baş verib. Belə ki, dövlət televiziyası Nizami rayonunun Məhəməmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən parkda qanunsuz tikilmiş obyektlə bağlı reportaj yayımlayıb. Həmin sujetdə icra başçısının dolayısı ilə dövlətin həyata keçirdiyi sosial layihələri sabotaj etdiyi, öz biznes maraqlarını rəhbər tutaraq, qanunsuzluqlara imza atdığı vurğulanıb. Ertməsi gün sözügedən obyekt sökülüb və icra başçısı vəzifəsindən azad edilib.

Arif Qasımov mətbuata açıqlamasında Prezidentin qərarının çox düzgün olduğunu və səhvinə görə işdən azad edildiyini bildirib.