Tribuna İnformasiya Agentliyi

İcra başçısı Əlillər günündə 15 qazini işdən çıxardıb (İDDİA)

04 Dekabr
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun 3 dekabr beynəlxalq Əlillər günündə 15 nəfər Qarabağ əlilini işdən çıxardığına dair məlumat yayılıb. Belə ki, 33 saylı marşrut xəttindən Qarabağ əlillərinin avtobusları çıxarılıb. Həmin marşrut xətti üzrə avtobuslarda çalışan Qarabağ əlilləri də faktı təsdiq ediblər.
Bu barədə məlumatı Qarabağ qazisi Rey Kərimoğlu özünün “Facebook” səhifəsində paylaşıb.
Məsələ ilə bağlı oxu.az-a Sumqayıt şəhər İcra Hakimiyyətindən açıqlama verilib.
Bildirilib ki, heç bir sürücü işdən çıxarılmayıb:
“Avtobuslar köhnə olduğundan xətdən çıxarılıb. Şəhərimizin müasirləşməsi üçün son dövrlər 200-dən çox avtobus gətirilərək xəttə buraxılıb. Sonuncu sıralarda isə 33 saylı marşurut xəttində istifadə edilən avtobuslar olub. Onlar istifadəyə yararsız olduqları üçün xəttdən çıxarılıb və yeni gətiriləcək avtobuslarla Sumqayıt Nəqliyyat MMC-nin tərkibində faliyyət göstərəcəkdir. Bu barədə işçilərə məlumat verilib. Sürücülər 1 həftə öncədən dəvət edilib və onlarla müqavilə bağlanılıb. Həmin xəttin sürücüləri arasında müqavilə imzalayanlar avtobuslar xəttə buraxıldıqda fəaliyyətini davam etdirəcək. Müqavilə bağlamaqdan imtina edən sürücülər də olub ki, bu onların şəxsi seçimidir. Narahatlığa heç bir əsas yoxdur”.