I Qarabağ müharibəsi şəhidinin ailəsi diqqətsizlikdən şikayətçidir: “Hələ də bizə mənzil verilməyib”backend

I Qarabağ müharibəsi şəhidinin ailəsi diqqətsizlikdən şikayətçidir: “Hələ də bizə mənzil verilməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıtdan olan şəhid Ruslan Seyidovun ailəsi 29 ildir ki, laqeyd və etinasız münasibətlə üz-üzədir.

Bu barədə AFN.az-a şəhidin həyat yoldaşı Minarə Seyidova bildirib: “Həyat yoldaşım şəhid olandan sonra ailənin bütün qayğı və ehtiyacları mənim üzərimə düşüb. İki övladımı tibb bacısı işləyərək min bir əziyyətlə boya -başa çatdırmışam. 29 il ərzində mən birdəfəlik 11 000 manat sığorta ödənişindən və şəhid ailəsinə verilən təqaüddən savayı qanunla şəhid ailələri üçün nəzərdə tutulmuş heç bir imtiyazdan və güzəştdən istifadə etməmişəm. Baxmayaraq ki, himayəmdə 2 uşaq olub, yaşayış şəraitim, maddi vəziyyətimin pis olduğuna görə məsul şəxslərə, yerli bələdiyyəyə, Ombusmana, deputat Qənirə Paşayevaya , Sumqayıtın 4 icra başçına – Təvəkkül Məmmədova, Vaqif Əliyevə, Eldar Əliyevə, indiki icra başçısı Zakir Fərəcova rəsmən müraciətlər etmişəm , prezidentə, vitse-prezidentə , aidiyyatı qurumlara yüzlərlə teleqaram vurmuşam, şikayət ərizələri ilə müraciət etmişəm, indiyəcən heç bir müsbət nəticə olmayıb, mənə köməklik edilməyib”.

M.Seyidova bildirib ki, 1993-cü ildən indiyəcən 1-2 tədbirə dəvəti, bayramları, əlamətdar günləri istisna etməklə, demək olar ki, heç bir rəsmi qurumdan qapısnı döyməyiblər, ailə şəraiti ilə, sosial durumu ilə maraqlanmayıblar: “Halbuki dediyim kimi, mən sosial durumumun yaxşılaşması üçün çoxlu sayda rəsmi qurumlara müraciətlər etmişəm. Sanki heç belə bir şəhid ailəsi yoxdur. Bu cür laqeydlik mənə və övladlarıma ilk növbədə mənəvi olaraq pis təsir edir. Çünki mənim həyat yoldaşım torpaqlarımızın düşməndən azad olunması uğrunda canını qurban verib. İndi isə çoxlu sayda müraciət etsəm də, bizə fərdi yaşıyış yeri tikmək üçün nə torpaq sahəsi verilib, nə mənə düşsə də Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi haqda qüvvədə olan qanunvericiliyə müvafiq olaraq mənzillə təmin olunmuşam, nə də övladlarım ixtisasına uyğun işlə təmin olunub. Qızım ali təhsilli, 3 diplomu ola-ola işsizdir, oğlum isə ailəsini dolandırmaq üçün Azərbaycandan kənarda, qonşu ölkədə işləmək məcburiyyətindədir, yollardadır. Halbuki mən qızımın və oğlumun dövlət müəsissələrində ixtisalarına uyğun işlə təmin olunması üçün rəsmi qurumlara yüzlərlə müraciət etmişəm. Bu müraciətlərə cavab olaraq Sumqayıt İcra Hakimiyyətindən uzağı ofisant və satıcı kimi iş yerləri təklif olunub. Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirninin müavininin qəbulunda olandan sonra mənə yerli idarədən işə CV yazmağı məsləhət görüblər. Halbuki bunları biz nazirliksiz, icra hakimiyyətsiz də özümüz də edə bilərik. Şəhid ailəsi olaraq nəinki evlə təmin olmamışıq, bizi indiyəcən mənzil almaq üçün heç uçota da salmayıblar, növbəyə belə götürməyiblər. Hələ üstəlik mənə deyilib ki, sənə mənzil düşmür, hələ sizin mənzil sahəniz artıqdır 7 kv m2. Halbuki cəmi 28 m2 sahəli evdə 4 nəfər qeydiyyatdadır və mənzil şəraitimizin yaxşılaşdırmasına ehtiyacımı var.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdindəki Mənzil təssərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovaya dəfələrlə şəhid ailəsi olaraq evlə təmin olunmağımızla müraciət etmişəm, amma müsbət olmayıb, indiyəcən məndən əlavə sənədlər istənilıir. Şəhid ailəsi olsaq da, həmişə rəsmi qurumların diqqətindən kənarda qalmışıq. 2001–ci ildə ailəmə köməklik edilməsini xahiş edərək Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Təvəkkül Məmmədovun qəbulunda olarkən mənə nəinki köməklik edildi, əksinə çox pis münasibət gördüm . Ondan sonrakı icra başçısı Vaqif Əliyevin də qəbulunda olarkən o mənə dedi ki, bizim əlimizdə heç bir imkanımız yoxdur, imkanımız olan kimi nəzərə alacağıq. O da icra başçısı vəzifəsindən gedənə kimi heç bir köməklik etmədi. 2011-ci ildə icra başçısı Eldar Əzizovun qəbuluna dəfələrlə yazılsam da, düşə bilməmişəm.

Hazırkı icra başçısı Zakir Fərəvov ümumiyyətlə özü qəbul etmir, dedilər, yalnız müavini, ya kimsə başqa məmur qəbul edə bilər. Amma icra hakimiyyətində şikayətimiz dinləsələr də, heç bir tədbir görülməyib, nəticə olmayıb.Yəni ,şəhid ailəsinə bu cür etinasızlıq 30 ilə yaxındır davam edir”.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev məsələ ilə bağlı sualımıza cavab olaraq bildirdi ki Sumqayıt şəhərində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş hərbçilərimizin ailələri diqqət mərkəzində saxlanılır: “Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları Seyidov Ruslan Yusif oğlunun həyat yoldaşı Minarə Seyidova ilə görüşülüb və qanunvericilikdə nəzərdə tutulan sənədlərin siyahısı ona təqdim olunub. Sənədləri hazırlayaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim etdikdən sonra ailnin mənzil növbəsinə qəbul olunması məsələsinə baxılacaq”.