Hüseynbala Mirələmov: “Həyat yoldaşımın başı nəvələrə elə qarışıb ki, məni də yaddan çıxarıb”backend

Hüseynbala Mirələmov: “Həyat yoldaşımın başı nəvələrə elə qarışıb ki, məni də yaddan çıxarıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda xoşagəlməz görüntülərlə gündəm olan sabiq deputat Hüseynbala Mirələmov bu müsahibəni 2019-cu ildə modern.az saytına verib.

Oxucu marağını nəzərə alıb, müsahibəni ixtisarla dərc edirik.

– Hüseynbala müəllim, əsərləriniz tamaşaya qoyularkən məmurlar, deputatlar, nazirlər arasında sizə dəstək olanlar varmı?

– Mənim üçün dəstək odur ki, tamaşalarıma gedib baxırlar. Bu mənim üçün mənəvi stimuldur. Belə hallar çox olur..

– Yaradıcı insanlarda azadlıq eşqi daha güclüdür.

– Tamamilə doğrudur.

– Hüseynbala müəllim, siyasi fəaliyyətiniz azadlığınızı buxovlaya bilirmi?

– Buxovlaya bilmir. Yeri gələndə siyasətdə də sözümü kəskin deyə bilirəm.

– Bir ara mətbuat qardaşınız oğlundan yazırdı, vəz sizin adınızı da yazırdılar. Hadisə ilə yaxınlığınız olmuşdu?

– Əvvəla, qardaşım oğlu kimlərləsə dalaşmışdı. Dalaşan zaman hər iki tərəf bir-birini təhqir etmişdi. Sonra qardaşım oğlu dalaşdığı adamı öldürmüşdü. Buna mən nə edə bilərəm?! Siz deyin!

– Hər halda, heç nə…

– Mən evimdə yatmışam və səhəri eşitmişəm ki, belə hadisə olub. Hadisədə günahkar olan qardaşım oğlu tutuldu və cəzasını aldı. Hesab edirəm ki, bu məsələni mənim adımdan reklam etdilər. Mətbuatda qəribə tendensiya var. Hansısa bacım oğlunu işdən çıxarırlar. Bu zaman şəklimi də qoyub yazırlar. “Deputatın bacısı oğlunu işdən çıxartdılar”. Bəlkə də o qohumu illərlə görmürəm. Bu yaxşı tendensiya deyil.

– Hətta adınızı biznes kralı kimi təqdim ediblər…

– Mənim ailə üzvlərimin biznesi ola bilər, ancaq mənim biznesim yoxdur. Bildiyiniz kimi, YAP Xətai rayon təşkilatının sədriyəm, yaradıcı adamam. Hardan vaxtım oldu ki, gedib bizneslə məşğul olum.

– Parlamentdə masa yoldaşınız Hadi Rəcəblidir. Deyəsən, sizin yoldaşlığınızın tarixi də qədimdir.

– Biz 5-ci sinifdən bir yerdə oxumağa başlamışıq. Tale elə gətirdi ki, 50 ildən sonra parlamentdə yanaşı oturduq.

– Yaradıcı adamlar təkliyi daha çox sevirlər. Təkliyi sevən adamların dostu olurmu? Məsələn, sizin dostunuz varmı?

– Mən dostluğu sevirəm. Eldar İbrahimov, Hadi Rəcəbli, İsa Həbibbəyli, Cavanşir Paşazadə, Nizami Cəfərov, Bəxtiyar Sadıqovla dostluq edirəm. Dostlarımı sevirəm. Mən heç vaxt tək ola bilmərəm. İnsan o zaman tək qalmaq istəyir ki, ədəbi dünyaya səyahət edir. O zaman təklik daha sevimli olur. Çünki öz düşüncələrinlə, qəhrəmanınla tək qalırsan və onu yaradırsan.

– Hüseynbala müəllim, neçə övladınız var?

– 4 övladım var. Üçü oğlan, biri qızdır. 2 oğlum hüquqşünas, 1 oğlum diplomatdır, qızım isə həkimdir.

– Ailədə ata-övlad münasibətləri necədir?

– Çox səmimi münasibətlərimiz var. Övladlarım mənsiz hansısa addımı məsləhətsiz atsınlar, bu mümkün deyil. Hər şeyi mənimlə məsləhətləşirlər. Bu belə də olmalıdır. Allah Mirzə İbrahimova rəhmət eləsin. “Böyük dayaq” filmində belə bir cümlə var: “Ailə yumruq kimi olmalıdır”. Hər kəs bir yerə çəkilsə. Krılovun təmsilinin gününə dönər. Hər bir evin ağsaqqalı olmalıdır.

– Bir çox müasir gənclər sərbəst və ağsaqqalsız yaşamağa üstünlük verirlər.

– Axı evin ağsaqqalı onlara nə edir?!

– Hesab edirlər ki, böyüklər sərbəst yaşamağa mane olurlar…

– Sərbəst yaşasınlar. Onların qarşısını almıram. Sadəcə deyirəm ki, bu addımı atma, yanlışdır, ay sərbəst yaşamaq istəyən gənc! Ağsaqqallar sərbəst yaşamağın əleyhinə deyil. Ağsaqqallar gəncliyi uçurumdan qorumaq üçün narahatdır. Kim istəməz ki, onun övladları sərbəst yaşamasın. Yaşasınlar, ancaq səhv etməsinlər. Həyat təcrübəm bunu deməyə əsas verir. Bəzən kiçik səhv o gənci intihara gətirib çıxarır. İntihar gəncliyi məhv edir. Söhbət bundan gedir. Təcrübəli oldğumdan bilirəm, övladım, ya da qohumum o addımı atırsa, uçuruma gedir. Sadəcə qoymaq istəmirəm o məhv olsun.  Kimsə sərbəst yaşamağın əleyhinə deyil, o cümlədən də mən. Belə atalar sözü var: “Məsləhətli don gen olar”. Övladın atası ilə məsləhətləşməsi çox yaxşıdır.

– Həyat yoldaşınız hardasa çalışırmı?

– Həyat yoldaşım heç vaxt çalışmayıb. Evdar qadındır. 4 uşağı böyütmək, onlara sevgi vermək asan deyil. 10 nəvəmiz var. Həyat yoldaşımın başı nəvələrə elə qarışıb ki, məni də yaddan çıxarıb. Ancaq nəvələrlə məşğuldur.

– Hüseynbala müəllim, təşəkkür edirik redaksiyamıza gəldiniz…

– Siz sağ olun! Söhbətin sonunda nəvələrdən danışdıq. Hamıya demək istəyirəm ki, ailə tərbiyəsi çox böyük məsələdir. Məktəblərdə keçirilən görüş zamanı gənc analara belə məsləhətim olur: “Azərbaycanın gələcəyi sizdən asılıdır. Gələcək həm də sizin beşikdə laylay dediyiniz körpələrdən asılıdır. Onları elə tərbiyə edib böyütməlisiniz ki, vətən onlar üçün amal, müqəddəs olsun”.

Yalnız belə olmalıdır. Vətəni sözdə yox, əməldə sevməliyik. Spartalılar haqqında maraqlı film var. 300 spartalı böyük ordunu məğlub edir. Ona görə ki, ortada vətən sevgisi, vətən məhəbbəti var. Elə etməliyik ki, gələcək övladlarımız Azərbaycanı həm ana, həm də vətən kimi sevsinlər.