Hulusi Akar azərbaycanlı şəhid ailəsinə məktub göndəribbackend

Hulusi Akar azərbaycanlı şəhid ailəsinə məktub göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib.

TİA.AZ “Anadolu”ya istinadən xəbər verir ki, məktubu polkovnik Abdulla Qurbani Yardımlının Kürəkçi kəndində yaşayan ailəyə çatdırıb.

“Şanlı Azərbaycan Ordusunun işğal altındakı ərazilərin azad olunmasının 44 günlük dastanvari mübarizəsində ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizi dərindən kədərləndirib. Baş leytenant Valeh Vətən torpağını işğaldan azad edəcəyi ilə bağlı verdiyi sözü tutub, Qubadlı rayonunun yaşayış məntəqələrinin azad olunmasından sonra şəhidlik zirvəsinə yüksəlib. Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq”, – nazir məktubda qeyd edib.

Türkiyənin bütün imkanları ilə sonunadək Azərbaycanın yanında olacağını bildirən H.Akar V.Məmiyevin ailəsini Türkiyəyə dəvət edib.

Valeh Məmiyevin qardaşı Vüsal Məmiyev məktub üçün H.Akara təşəkkürünü bildirib və son damla qanınadək döyüşərək sözünü tutan böyük qardaşı ilə qürur duyduğunu vurğulayıb. Məmiyevlər ailəsi də Hulusi Akara cavab məktubu yazıb.

Qeyd edək ki, V.Məmiyev ötən il avqustun 13-də Azərbaycanda təşkil edilən Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində uğurla iştirak edən hərbçilərdən biri olub.

Təlimlərdən sonra H.Akar Məmiyevə mükafat təqdim edib, şəkil çəkdirib və söhbət edib. Türkiyəli nazir hərbçilərə üz tutaraq bunu söyləyib: “Təlimlərdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox yaxşıdır. Ancaq əsas vəzifəniz 30 ildir işğal altındakı torpaqlarınızı azad etməkdir. Buradakı uğurlarınızı döyüş meydanında da sübut etməlisiniz”.

V.Məmiyevin cavabı isə belə olub: “Biz Ali Baş Komandanın əmrini gözləyirik. Əmir gələn kimi ərazilərimizi işğaldan azad edəcəyik və sizin istəyinizi yerinə yetirəcəyik”. Qubadlı uğrunda döyüşdə yaralanan hərbçi yerləşdirildiyi xəstəxanada məqsədinə çatdığını söyləyib: “Mən artıq məqsədimə çatmışam. Mən qardaş Türkiyənin müdafiə naziri Akara verdiyim sözü tutdum. Vətən sağ olsun”. Bir müddət sonra yaralı hərbçi şəhid olub.