Hollivud ulduzunun adı qalmaqalda hallanırbackend

Hollivud ulduzunun adı qalmaqalda hallanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar başı qalmaqallardan açılmayan məşhur Hollivud aktyoru Kevin Speysi irqçilikdə ittiham olunur. “Kartdan Ev” serialının birinci mövsümünün çəkilişləri zamanı təhlükəsizliyə cavab verən “VIP Protective Services” mühafizə şirkətinin nümayəndələri belə bir bəyanatla çıxış edib.

Oxu.Az xəbər verir ki, “Daily Mail”in şirkətin 51 yaşlı təsisçisi Örl Bluya istinadən verdiyi məlumata görə, Speysi öz çəkiliş maşının yaxınlığında “zənciləri” görmək istəmədiyini dediyinə görə, qaradərili mühafizəçilərin olduğu həmin şirkətlə növbəti mövsümlər üçün müqavilənin müddəti uzadılmayıb.

Örl Blunun sözlərini şirkətin əməkdaşı – 47 yaşlı Erik Layls da təsdiqləyib.

Blu bildirib ki, aktyor dəfələrlə qaradərili mühafizəçilərin əlini sıxmaqdan imtina edib və onların salamını almayaraq, özünü görməzliyə vurub. Şirkət nümayəndəsi məsələni çəkiliş meydançasının menecerləri ilə müzakirə etməyə çalışsa da, ona Speysinin çox nüfuzlu şəxs olduğunu və onun razı qalması üçün bütün kaprizlərinə dözməli olduqlarını bildirib. Şirkətin təsisçisi aktyoru məhkəməyə vermək niyyətindədir.

“VIP Protective Services” bundan əvvəl Marvel korporasiyası və məşhur teleaparıcı Opra Uinfri üçün mühafizə xidmətləri də göstərib.

Xatırladaq ki, 2017-ci ilin oktyabr ayının sonlarında Speysinin adı Hollivudu bürümüş seks skandalında hallanıb. Ulduz doqquzu “Kartdan ev” serialının çəkiliş heyətindəki həmkarları olmaqla, azı 15 nəfərə qarşı cinsi istismarda günahlandırılır. Zərərçəkənlər arasında “Startrek” serialının aktyoru Entoni Repp də var. İddia olunan hadisə baş verən zaman aktyorun 14 yaşı olub.