Hitler üçün bunker və sirrin pozulmaması üçün güllələnən 14 min insan – Vəhşətin zirvəsibackend

Hitler üçün bunker və sirrin pozulmaması üçün güllələnən 14 min insan – Vəhşətin zirvəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sovet-alman müharibəsinin başlanmasından az sonra Adolf Hitler Vermaxt qoşunları tərəfindən SSRİ-nin işgal olunmuş ərazilərinə dəfələrlə səfər edib. Səfərlər tam məxfi şəkildə həyata keçirilib. Fürer məsafələri həm təyyarə, həm qatar, həm də avtomobillərlə qət edib.

Təyyarə ilə uçarkən onlarla qırıcı təyyarə Hitlerin təhlükəsizliyini təmin ediblər. Fürerin səfərləri üçün xüsusi vaqonlar da hazırlanıb. Onun qatarındakı zirehli vaqonlarda iş kabinetindən tutmuş hovuza qədər bütün şərait yaradılıb. Avtomobillə yola çıxanda füreri üç maşın karvanı müşayiət edib. Birinci karvanda mühafizəçilər və yüksək ranqlı dövlət və hərbi məmurlar gediblər, ikinci karvan rabitəçilərə, tibbi personala, çəkiliş aparanlara, kargüzarlıq işləri ilə məşğul olanlara məxsus olub. Üçüncü karvan isə fürerin şəxsi personalı, aşpazı, dərzisi, qarderob işinə baxanı, bərbəri, təmizlik işləri görənlər üçün nəzərdə tutulub. Bu karvana xüsusi mətbəx maşını da əlavə olunub.

Hitlerin işğal olunmuş ərazilərə səfərləri alman qoşunlarında ruh yüksəkliyini və qələbəyə inamı artırmaq məqsədi daşıyıb. Bununla yanaşı, fürer həmin ərazilərdə dislokasiya olunan alman qoşunlarının komandanları ilə əməliyyat müşavirələri keçirib.

unnamed.jpg (98 KB)

Müharibə dövründə Hitlerin SSRİ ərazilərinə ilk səfəri 21 iyul 1941-ci ildə Baltikyanı respublikalardan başlanıb. O, Latviyanın Malnava qəsəbəsində kənd təssərrüfatı texnikumunun binasında yerləşən “Şimal” ordusunun qərargahında əməliyyat müşavirəsi keçirib. Müşavirənin sonunda fürer “Şimal” ordusunun komandanı feldmarşal Vilhelm Leebə Leninqrad əməliyyatı ilə bağlı xüsusi tapşırıqlar verib. Hitlerin bu səfəri beş saat çəkib. Səfərin sonunda şərəfinə verilən ziyafətdən sonra o, Almaniyaya qayıdıb.

26 avqust 1941-ci ildə Hitler Brest qalası istiqamətinə səfər edib. Alman qoşunlarının itkisi bu bölgədə çox olduğundan fürer şəxsən özü məsələləri aydınlaşdırmağa qərar verib. Bu görüşdə onu Herman Görinq və İoahim fon Ribbentrop müşayiət ediblər. Səfər zamanı Hitler Belarusiyanın şimal hissəsinə əlavə qoşunların cəlb edilməsi ilə bağlı əmr imzalayıb. Bu səfər də bir neçə saat çəkib.

image201-e1607168041458.jpg (134 KB)

Hitlerin SSRİ-yə uzun müddətli səfərləri də olub. Bu məqsədlə onun üçün SSRİ-nin işğal olunmuş ərazilərində bunkerlər tikilib. Fürerin ən uzun müddətli səfərləri Ukraynada keçib. Bütövlükdə o, 138 gün Ukraynada olub. Ukraynanın Vinnitsa şəhərindən 8 kilometr aralıda, meşə massivində Hitler üçün bunker tikilib. Bunkerin inşası 1941-ci ilin payızında başlanıb. Onun yeraltı dərinliyi yeddi mərtəbədən ibarət olub. Bunkerdə müşavirə zalı, 150 nəfərin eyni zamanda nahar etməsi üçün yeməkxana, üç mətbəx, fürerin iş və istirahət otağı, üzgüçülük hovuzu, film nümayişi üçün zal, rabitə qovşağı, ərzaq, əşya və silah-sursat saxlamaq üçün anbarlar, elektrik, rabitə və su təminatı ilə bağlı otaqlar, it saxlamaq üçün xüsusi yer, seyflərlə təmin olunmuş kargüzarlıq kabinetləri və s. fəaliyyət göstərib.

1-52.jpg (113 KB)

Tikintisi altı ay çəkən bunkerin beton divarlarının qalınlığı bir neçə metrdən ibarət olub. Bunkerin inşasını Almaniyanın hərbi tikinti təşkilatı olan “Todta” həyata keçirib. Bununla yanaşı, tikintiyə minlərlə sovet hərbi əsiri də cəlb olunub. Bunkerin inşası sona çatdıqdan sonra tikintidə işləyən son adama qədər, həm almanlar, həm də sovet hərbi əsirlərinin hamısı, ümumilikdə 14 min nəfər bunker haqqında məlumatların yayılmaması üçün güllələnib.

Bunkerin ərazisində Hitler üçün xüsusi fermer təsərrüfatı da yaradılıb. Vinnitsanın bütün sənayə, ərzaq və kənd təssərrüfatı müəssisələri bunkerin fəaliyyətinə xidmət edib.

Hitler məhz bu bunkerdə hərbi əməliyyat müşavirələri keçirib, müharibənin gedişatı ilə bağlı vacib sənədlərə bu bunkerdə imza atıb.

7-18.jpg (113 KB)

Fürer SSRİ-də ən az Rusiyaya səfər edib. 1943-cü ilin mart ayında isə ona Smolenskdə sui-qəsd cəhdi olub. Almaniya ordusunun generalı Smolensk səfəri zamanı Hitlerin təyyarəsinə partlayıcı maddə qoyub. Temperaturun aşağı olması nəticəsində partlayış baş verməyib. Bu hadisədən sonra Hitler Smolenskdə olan bunkerində iclas keçirib, Vermaxt strukturunda kadr islahatlarının aparılmasının zəruriliyini vurğulayıb.

Faktlardan göründüyü kimi, Hitler SSRİ-yə səfərləri ilə özünü güvənli sayıb, qələbəsinə tam inanıb. Onun 1943-cü ilin sonunda Qafqaza səfəri də planlaşdırılıb. Amma Stalinqrad döyüşlərindəki məğlubiyyətlər fürerin ayağını SSRİ-dən birdəfəlik kəsib.

Gitler-1-e1598881745138.jpg (144 KB)

Diqqəti cəlb edən daha bir fakt isə ondan ibarətdir ki, Hitler işğal etdiyi Avropa ölkələrində kütlələr qarşısında çıxışlar edib, hospitallarda müalicə alan yaralı alman döyüşçülərinə baş çəkib, hətta Parisdə teatrda tamaşaçı qismində iştirak edib, amma SSRİ-yə səfərləri zamanı açıq publikaya çıxmaqdan ehtiyat edib. Belə qənaətə gəlmək olar ki, SSRİ haqqında əvvəlcədən planlar cızan nasist lideri SSRİ-ni özünə daha ciddi rəqib sayıb. Fürer məhz bu qənaətində yanılmayıb.

İlham Cəmiloğlu