Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdürbackend

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.