Hər kəsə nəsib olmayan təqaüd – NƏ ETMƏLİ?backend

Hər kəsə nəsib olmayan təqaüd – NƏ ETMƏLİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq praktikada pensiya yaşı tamam olmadan pensiyaya çıxmaq imkanları mövcuddur.

Ölkəmizdə isə nəinki bu sistem öz tətbiqini tapmayıb, hətta əhali artan pensiya yaşı ilə bağlı daim öz narazılığını bildirir. Bu gün Azərbaycanda belə bir fikir formalaşıb ki, əhalinin pensiya yaşının daha da artırılması onun pensiya həyatı yaşamasına imkan vermir. Etirazlardan biri də odur ki, təqaüdə çıxdıqdan sonra cəmi bir neçə il pensiya almadan həyatdan köçməli olurlar.

Qeyd edək ki, bu gün bir çox xarici ölkələrdə “Yaşlıların turizmi” var və insanlar pensiyaya, hətta istədiyi zaman daha tez çıxaraq yüksək məbləğdə aldığı vəsaitlə xarici ölkələrə belə səfər edirlər. Bizdə isə nəinki xarici ölkələrə səfər, heç ölkədə belə həmin pensiyanı xərcləmək imkanı olmur.

Bəs praktikada olan əhalinin vaxtından əvvəl pensiyaya çıxması ilə bağlı Azərbaycanda iqtisadi baxımdan belə bir addımın atılması mümkündür?

Qeyd edək ki, millət vəkili Vüqar Bayramov bununla bağlı bildirib ki, “Milli Məclisdə büdcə müzakirələri zamanı irəli sürdüyüm təkliflərdən biri də vətəndaşlara vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun verilməsi idi.Belə ki, bir sıra hallarda vətəndaşlar kifayət qədər yüksək əməkhaqqı olan sektorda (məsələn, neft, maliyyə və s.) çalışır və nisbətən böyük pensiya kapitalına malik olur. Amma pensiya kapitalından istifadə etmək üçün pensiya yaşının (hazırda kişilər üçün 65, qadınlar üçün 62 il 6 ay) gözləmək məcburiyyətində qalır”.

O bildirib ki, təklifi isə həmin şəxslərə vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun verilməsi və onların öz kapitallarından daha uzun müddət istifadə imkanlarının tanıdılmasıdır:

“Vaxtından əvvəl pensiyaya çıxmaq mümkün olarmı? Bu hansı hallarda reallaşa bilər?

Beynəlxalq praktikada pensiya yaşı tamam olmadan bu hüquqdan istifadə imkanları var. Bəzi ölkələrdə bu, hətta pensiya kapitalına bağlanır. Orta pensiya kapitalından çox yığımları olanlar artıq vəsaitini öncədən almaq hüququna malik olurlar və bu zaman extra (artıq) yığılmış vəsait aylar üzrə hesablanmaqla vətəndaşa qaytarılır.

Məsələn, ABŞ-da pensiya kapitalı çox olanlar daha tez müraciət edib pensiya alma imkanına malik olurlar. Digər metod isə pensiyada olan ayların sayının azaldılması və artırılması ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələ ilə bağlı artıq müzakirələr aparılır. Bu, daha çox minimum pensiya kapitalı yığmış vətəndaşlara tətbiq edilə bilər.

Mövcud qaydalara əsasən, 144 ay orta pensiya müddəti kimi götürülür. Yəni, 12 il x 12 ay = 144 ay. Amma əgər təklif qəbul olunarsa, o zaman vətəndaş 65 yox, 60 yaşda pensiyaya çıxmaq istəyirsə, 144 deyil, bu halda həmin beş il üçün nəzərdə tutulan 144-ün üzərinə (5×12) 60 ay gələcək. Yığılmış pensiya kapitalı 204 aya bölünəcək. Bu, imkan verə bilər ki, vətəndaş 5 il tez, yəni 60 yaşında pensiyaya çıxsın. Amma bu halda yığım 144-ə yox, 204-ə bölünməklə aylıq pensiya məbləği müəyyənləşə bilər”.

Onun sözlərinə görə, büdcə müzakirələri zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə müzakirələrin davam etdiriləcəyini bəyan edib: “Deməli, Azərbaycanda pensiya yaşı tamam olmadan pensiyaya çıxmaq imkanı reallaşa bilər”.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, əhalinin vaxtından əvvəl pensiyaya çıxması mümkündür və bununla bağlı kifayət qədər praktika var:

“Ancaq söhbət Azərbaycandan gedirsə, hökumət indiki şərtlər daxilində buna getməyəcək. Çünki hökumət hazırda məqsədi yaş həddini artırmaq və Pensiya Fondunun gəlirləri ilə xərclərinin müəyyən qədər uzlaşdırılmasıdır.

Yəni dövlət büdcəsindən ayrılan transferlərin həcminin azaldılması və dolayısıyla Fondun fəaliyyətinin öz hesabına təmin edilməsi məsələsidir. Hökumət indiki halda maliyyə yükündən qaçır. Adıçəkilən mexanizm artıq daha sürətli kapitallaşma tələb edir. Əlavə maliyyə vəsaitlərinə ehtiyac yaranacaq ki, bu da Fondun ehtiyaclarını artıra bilər.

Buna görə də indiki şərtlər daxilində hökumət buna getməyəcək. Azərbaycan üçün ən uyğun variant yaxşı olar ki, ən azından varislik hüququnun təmin edilməsidir. Çünki faktiki olaraq yaş həddi orta yaş arasındakı karelyasiyanın təhlilləri göstərir ki, əhəmiyyətli hissədə vətəndaş pensiya yaşı çatmadan vəfat edir. Onların yığımları Dövlət Sosial Müdafiə Fondunun gəlirinə çevrilir. Daha yaxşı olardı ki, bu istiqamətdə mövqe ortaya qoyulsun. Varislik hüququ təsbit edilsin ki, dolayısıyla pensiya sisteminə güvəni və bu sistemin təşviqediciliyini müəyyən qədər dəstəkləsin”.

Ekspert deyir ki, xarici ölkələrdə pensiya yaş həddi fərqlidir:

“Hətta pensiya yaş həddi 54 olan Afrika ölkələri də var. Söhbət ondan gedir ki, burada qəbul edilən baxış var. Yəni orta yaşla pensiya yaşı arasındakı asılılıq götürülür. Dünya üzrə orta yaşı ilə pensiya yaşı arasındakı orta fərq 14-17 ildir. Kanadada 22, Yaponiyada 21, Almaniyada 18, hətta Pribaltika ölkələrində 15 ilin üzərindədir. Ancaq Azərbaycanda bu fərq 6 ildir. Bu məsələ həllini tapmalıdır. Çünki insanlar pensiyaya çıxandan çox qısa müddətdə vəfat edirlər. Gözlənilən pensiya dövrünü dövlət 12 il və bunu 2006-cı ildə təsdiq edib. Həmin vaxtı Azərbaycanda pensiya yaşı 58 ildir. Bundan sonra 7 il artım gedib. Təəssüflər olsun ki, gözlənilən pensiya dövrünə heç bir dəyişiklik edilməyib. Nəticədə orta hesabla bir vətəndaşa hesablanmalı olan pensiyanın həcmi 2 dəfə azaldılır. Yəni 6 il 72 ay olmaq əvəzinə, 12 il 144 aydır və vətəndaşlar ahıllıq dövründə daha aşağı şərtlərlə təmin edilir”.