Hər gəncə 20 min ilkin kapital: Azərbaycan da bunu edə bilərmi? – Ekspertbackend

Hər gəncə 20 min ilkin kapital: Azərbaycan da bunu edə bilərmi? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanda, böyük həcmli bu kimi proqramların həyata vəsiqə qazanması mümkünsüzdür. Bununla belə, təhsil və kiçik bizneslə bağlı dövlət tərəfindən kiçik qrant layihələrinin verilməsi reallaşa bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun 18 yaşdan yuxarı gənclərə təhsil, əlavə təhsil, mülk sahibi olmaq, fərdi məşğulluq, biznesə başlamaq üçün 20 min avroluq “başlanğıc kapitalı”nın verilməsi təklifi fonunda, buna oxşar layihələrin Azərbaycanda da tətbiqinə münasibət bildirərkən deyib:
“Azərbaycanda ölkənin maliyyə vəziyyəti və bir sıra digər problemlər səbəbindən bu istiqamətdə böyük çaplı proqramın qəbulu mümkün görünmür. Amma hər halda, ən azından təhsil və kiçik bizneslə bağlı kiçik qrant layihələrini reallaşdırmaq mümkündür. İşini və ya sənətini dəyişmək istəyənlərlə bağlı müəyyən təhsil pulları da verilə bilər. Yaxın gələcəkdə dünyada bir çox peşələr sıradan çıxacaq və yeni peşələr yaranacaq. Gənclərimizin yeni peşələrə yiyələnməsi üçün dövlət pulsuz kurslar təşkil edə, kreditlər verə bilər. Bu kimi addımlar atılsa, gənclərimizin iqtisadiyyata daha geniş inteqrasiyası yolunda mühüm irəliləyişlərə nail ola bilərik”.
N. Cəfərli onu da vurğulayıb ki, bu tip layihələr sosial bərabərsizliyin aradan qaldırılmasına yönəldilməlidir:
“Dünyanın bir çox ölkələrində bu tip məsələlər müzakirə olunur. Dünyada sosial bərabərsizlik geniş yayılıb. Hansı ki, sosial bərabərsizlik cəmiyyətdə ciddi narazılıq və kataklizmlərə səbəb ola bilər. Araşdırmalara görə, dünya kapitalının böyük hissəsi dünya əhalisinin cəmi bir faizinin əlində cəmlənib. Dünya əhalisinin 99 faizi bu minvalla həmin 1 faizə xidmət edir. Ona görə də İsveçrə, Almaniya və digər ölkələrdə yeni həyata atılan gənclərə müəyyən dəstək üçün bu sayaq təkliflər verilir”.