“Hələ utanmadan rezidentura təhsili də verir” – Tanınmış həkim Tibb Universitetinin fəaliyyətindən gileyləndibackend

“Hələ utanmadan rezidentura təhsili də verir” – Tanınmış həkim Tibb Universitetinin fəaliyyətindən gileyləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda ABŞ-da yaşayan tanınmış azərbaycanlı həkim, Teksas Uşaq Xəstəxanasının klinik təlimatçısı Yusif  Hacıyev Azərbaycan Tibb Universitetinin fəaliyyətini tənqid edib.
TİA.AZ
xəbər verir ki, o, bu barədə özünün feysbuk səhifəsində yazıb. Y. Hacıyev bildirib ki, Tibb Universitetində, tədris üsulu yanlışdır və burada, hazırda da köhnə məlumatlardan istifadə olunur:
“Ha öz-özümü inandırmağa çalışıram ki, səhiyyəmiz düzələcək, amma Tibb Universitetinə baxdıqca ümidim sönür. Qızıl kimi qaymaq uşaqları yığırlar, 6 ilin sonunda yoğun bir mübarizədən çıxmış, yorğun, kimi sönmüş, kimi ümidsiz, kimi ölkədən çıxmağa yollar axtaran parlaq uşaqlar…
6 il boyunca əzilmiş, qorxudulmuş, mənasız köhnə ədəbiyyatı səhərə kimi əzbərlədən, Lenin illərindən qalan məlumatlarla vaxtlarını alan bir məktəb. Hələ utanmadan rezidentura təhsili də verir”.
Yusif Hacıyev xaricdə tibb sahəsində təhsil alan azərbaycanlı gənclərin də ölkədə öz potensiallarını göstərə biləcəkləri səhiyyə müəssisəsinin olmadığını bildirib:
“Bir dəyərli həkim dostumuz Türkiyədə ixtisas alıb, üstünə də 2-3 il dar ixtisas alıb. Düşündüm ki, bu insan ölkəyə qayıtsa, harada işləyib yığdığı potensialı maksimum istifadə edə bilər?
O qədər cavan məzun idealist həkim yoldaşlar var ki, xaricdə təhsil alıb, üstünə yan dal eləyib (ikinci təhsil) ölkəsində bir məktəb bünövrəsi qoyacaq potensiala sahibdir. Amma gəlib harada bu təcrübəsini paylaşsın? Gedib özəl klinikaların birində günlük çörəkpulu qazanmağın dərdinə düşəcək bir müddətdən sonra. İçindəki akdemik həvəs də illər sonra sönüb gedəcək. Ya da xaricdə qalıb, olduğu ölkədə istədiyini edəcək və hərkəs səmimi və ya qeyri səmimi “səninlə fəxr edirik” deyəcək.
Səhiyyə, sığorta və s. Əlbəttə bunlar lazımdır, amma bəs təhsil?
P. S. Bu quruma ömrümün 7 ilini vermişəm”.
Tanınmış həkim özünün də 7 il bu universitetin əməkdaşı olduğunu xatırladıb.