Həftə sonu evdən çıxmaq qadağan edildi, bəs, bazar ertəsi necə olacaq?backend

Həftə sonu evdən çıxmaq qadağan edildi, bəs, bazar ertəsi necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejimi tətbiq edilir.

Bu ərazilərdə yaşayan sakinlərə yaşadıqları və ya olduqları yeri tərk etmək qadağan edilir, bu barədə Baş nazir Əli Əsədov qərar verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BBC News Azərbaycancaya bildirib ki, “evdən yalnız iki halda – şəxsin həyatına real təhlükə yaranarsa, və ya yaxın qohumun dəfninə getmək üçün” çıxmaq olar.

Bəs, bazar ertəsi necə olacaq?

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov BBC News Azərbaycancaya bildirib ki, bu təcrid bazar ertəsi səhər saat 6-ya kimi qüvvədədir.

Ancaq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda karantin rejimi qüvvədə olduğu üçün maska taxmaq zəruridir.

O cümlədən, hələlik, karantin rejiminə son verilmədiyi üçün həmin məhdudiyyətlər və kafe-restoranların axşam saat 10-dək işləməsi qüvvədə qalır.

bu gün Azərbaycan altı-bazar çölə çıxmaq qadağan edildi

Həftəsonu ictimai nəqliyyat işləməyəcək, o cümlədən fərdi avtomobillərdən də istidafəyə icazə verilməyəcək.

İbrahim Məmmədovun sözlərinə görə, “sərt karantin rejimində işləmək icazəsi olan şəxslər xidməti avtomobildən istifadə etməlidirlər”.

İbrahim Məmmədov gələn həftəsonu da sərt karantin tətbiq olunub-olunmayacağını hələ bilmir: “Gələn həftəsonları nə olacağı bilinmir”.

Yoluxma halları və ölüm

Azərbaycanda karantin rejimi yumşaldılandan sonra koronavirusa yoluxma halları və ölüm sayı artmağa başlayıb.

Baş nazir Əli Əsədov cümə axşamı xalqa müraciətində bildirib ki, qoyulan məhdudiyyətlərə əməl etmək zəruridir.

Həftəsonu tətbiq ediləcək karantin rejimində xüsusi sahələrdə çalışanlar istisna olmaqla, bütün ticarət, biznes strukturlarında fəaliyyət dayandırılacaq. Vətəndaşlar evdən yalnız sağlamlıqları ilə bağlı ciddi problem yarandığı təqdirdə, o cümlədən yaxınlarının dəfn mərasimində iştirak etmək üçün çıxa bilərlər. Bu zaman onlar Daxili İşlər Nazirliyinin 102 Xidmətindən icazə almalı olacaqlar.

Baki

Cümə günü Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yerləşən övlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib, yəni, bu şəxslərin iş vaxtı saat 2-də bitəcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə axşamı təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı özəl qurumlara tövsiyə edib ki, onlar da cümə günü iş gününü saat 14:00-da bitirsinlər.

Hökumət niyə ikigünlük təcridi tətbiq edir?

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın iyunun 3-də keçirdiyi brifinqdə bildirmişdi ki, son günlər koronavirusa yoluxma sayı artdığı üçün karantin rejiminin yumşaldılması dayandırılır və yenidən məhdudlaşdırma aktivləşdirilir.

“Son günlər yoluxma dərəcəsi artır, sağalanların sayı yoluxanların sayından xeyli geri qalır. Buna səbəb vətəndaşların məsuliyyətsizliyidir. Karantin rejiminin yumşaldılması dayandırılır və yenidən məhdudlaşdırılma aktivləşdirilir. Belə ki, cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunacaq. İctimai və fərdi nəqliyyatın hərəkəti, küçəyə çıxmaq, iş rejimi məhdudlaşdırılacaq, mağazalar qapadılacaq. Bir sözlə tam qapalı rejim yaradılacaq”, – İbrahim Məmmədov deyib.

TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın iyunun 3-də keçirilmiş brifinqində deymişdi ki, səhər və axşam saatlarında işə gələnlərin və işdən çıxanların sayını nizamlamaqla ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün təkliflər var.

Onun sözlərinə görə, təkliflərdə yer alan qaydalar xarici ölkələrdə effektiv nəticə verib.

Cənab Bayramlı qeyd etmişdi ki, təkliflər qəbul olunarsa iş yerlərinə müraciət ediləcək.

Təkliflərə görə, işə gələnlər və işdən çıxanların 3 ayrı qrupa ayrılması nəzərdə tutulur.

Bütün ölkə məhdudlaşdırıla bilər

Əvvəlki brifinqdə Ramin Bayramlı həmçinin bildirib ki, bu həftə məhdudiyyətlərin koronavirusa yoluxma sayının çox olduğu narıncı ərazilər üzrə tətbiqi gözlənilsə də, növbəti həftədən bu, bütün ölkəyə aid ola bilər.

Azərtacın məlumatına görə, cənab Bayramlı məhdudiyyətlərin epidemioloji vəziyyətdən asılı olaraq bəzi kəndlərdə də tətbiq olunacağını bildirib.

“Bir necə gündür ki, bəzi kəndlərə giriş-çıxış dayandırılıb. Hətta kəndlər içərisində bəzi yaşayış sahəsinə gediş-gəliş məhdudlaşdırılıb. Həmin kəndlərdə müayinənin nəticəsi pozitiv çıxan şəxslər xəstəxanalara yerləşdirilib, müayinənin nəticəsi neqativ çıxanlar isə karantin rejimində saxlanılır”.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi iyunun 15-dək uzadılıb.

Nazirlər Kabineti mayın 4-dən etibarən xüsusi karantin rejimini bir qədər yumşaldıb.