Heç “ispan qripi” bu qədər uzun sürməmişdi: – Professor səbəbi açıqladıbackend

Heç “ispan qripi” bu qədər uzun sürməmişdi: – Professor səbəbi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus infeksiyası yayılmağa davam edəcək, lakin mövsümü xarakter daşıyacaq.

Bu barədə İngiltərənin “Daily Mail” nəşri ölkənin Milli Səhiyyə Xidmətinin sənədlərinə istinadən yazıb.

Qeyd edilir ki, dünya illər ərzində endemik xəstəlik kimi COVID-19 ilə yaşamalı olacaq. Mütəxəssislərin fikrincə, koronavirus qrip və digər respirator infeksiyalar kimi soyuq aylarda “mövsümü epidemiyalar”la yayılma sürətini qoruyacaq.

Alimlər hesab edirlər ki, xəstəlik peyvənd sayəsində sabit vəziyyətə keçəcək. Bu, pandemiyanın sona çatması deməkdir.

Ekspertlərin sözlərinə görə, virusun bütün dünyada yayılma miqyasını nəzərə alaraq, eyni zamanda virusun qarşısını necə almaq, onun mövcudluğu şəraitində yaşamaq və uzun illər endemik vəziyyətə necə nail olmaq barədə düşünmək lazımdır. Həmçinin bildirilir ki, gələn ilin fevral ayında virusun yayılma sürəti zəifləsə, pandemiya sonlanmış hesab ediləcək. Əks halda, illərlə dünya əhalisi koronavirusla yaşamaq məcburiyyətində qalacaq.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan professor Adil Qeybulla bildirib ki, əslində pandemiyanın uzun sürməsi müəyyən proqnozları üstələyib:

“Məsələn, dünyada ən təhlükəli pandemiyalardan biri, tənəffüs yolu ilə yayılan infeksiyalardan olan “ispan qripi”nin müddəti bir il yarım çəkmişdi. Bu, hələ səhiyyənin yüz il əvvəlki durumunda belə idi. Hazırda isə səhiyyədə sanitariya, dərman, qoruyucu vasitə və s. baxımından xeyli imkanlar var. Pandemiyanın yüz il öncə həmin müddət qədər davam etməsi dünya əhalisinin azlığı ilə bağlı olub. İndi populyasiya o qədər sıxdır ki, virusun yayılma potensialı da yüksəkdir”.

Adil Qeybulla deyib ki, belə olan halda daha effektiv, çevik tədbirlər lazımdır:

“Hər bir situasiyaya hazır olmalıyıq. Hesab edirəm ki, hər halda virus 2022-ci ilə adlayıb, mutasiyalara davam edəcək. Pandemiyanın sonlanması mutasiya nəticəsində virusun zəifləyib, sıradan çıxmasından asılıdır”.