Tribuna İnformasiya Agentliyi

Havanın soyuq olması sudan imtinaya bəhanə deyil – su həyatdır

01 Dekabr

Havalar soyuduqca insanlar çay içməyə daha çox meylli olurlar. Təbii ki, bu da anlaşılandır. Sözsüz ki, soyuq havadan sonra evdə, yaxud da iş yerində bir fincan ətirli çaydan heç kim imtina etməz. Amma onu da nəzərə almaq lazımdır ki, soyuq hava şəraiti su qəbulundan imtina üçün bəhanə olmamalıdır. Çünki hava şəraitindən asılı olmayaraq, su insan orqanizmi üçün vacib və zəruridir.

Nəyə görə su orqanizm üçün vacib sayılır?

Nəzərə alsaq ki, insan bədəninin təxminən 75 faizi sudan ibarətdir, onda suyun orqanizm üçün nə qədər zəruri olduğunu anlamaq çətin olmaz. Yəqin ki, hər bir insanı su qəbulu ilə bağlı bir sual da həmişə maraqlandırıb. Gün ərzində nə qədər və nə vaxt su içmək lazımdır?

Orqanizmə hansı miqdarda suyun lazım olduğunu dəqiqləşdirmək üçün kiçik bir hesablama aparmaq kifayətdir. Bədənin hər kiloqram çəkisi 30 qram su tələb edir. Məsələn, əgər sizin çəkiniz 70 kiloqramdırsa, 70 vurulur 30-a. Nəticədə sizin orqanizminizin suya tələbatı 2 litr 100 qram alınır. Ancaq bir məsələni də nəzərə almaq lazımdır ki, əgər insan idmanla, yaxud gün ərzində saatlarla fiziki işlə məşğul olursa, və ya havaların hədsiz dərəcədə isti olması suya tələbatı artırır.

Bəs suyu nə vaxt içmək lazımdır?

Bu sualın birinci cavabı çox sadədir: orqanizm tələb edəndə.

İkinci cavab isə suyu günün müəyyən vaxtlarında qəbul etməklə faydalarının maksimum effektini almaqdır. Beləliklə:

1. Səhər oyanan kimi acqarnına 400 qram su içmək daxili orqanların işini fəallaşdırır.

2. Qida qəbulundan 30 dəqiqə əvvəl 200 qram su içmək həzmi yaxşılaşdırır.

3. Duş qəbul etməzdən əvvəl 200 qram su içmək qan təzyiqinin aşağı düşməsinə kömək edir.

4. Yatmazdan qabaq 200 qram su içmək insult riskini azaldır.

Bəs orqanizmin suya tələbatı ödənilməyəndə nələr baş verir?

1. Həzm sistemində problemlər yaranır ki, bu bütövlükdə orqanizmin yorulmasına səbəb olur.

2. Tənəffüs yolları xəstəliklərinə tutulma riski artır.

3. Qanın tərkibi 92 faiz sudan ibarət olduğundan, su çatışmazlığı zamanı qan qatılaşır, qan dövranı pisləşir ki, bu da qan təzyiqinin yüksəlməsinə səbəb olur.

4. Orqanizmin susuzluğu bütün daxili orqanları və həmçinin dərini vaxtsız qocaldır.

5. Maddələr mübadiləsi pozulur.

6. Allergiyaya meyllilik artır.

7. Oynaqlarda ağrılar yaranır.

8. Qəbzliyə səbəb olur.

9. Böyrəklərdə və sidik kisəsində problemlər yaranır.

10. Xolesterinin miqdarı çoxalır.

Bu siyahını bir az da uzatmaq olar. Çünki su:

1. İnsan orqanizminin temperaturunu normal saxlayan tənzimləyicidir.

2. Bədənin bütün hüceyrələrini oksigenlə təmin edir.

3. Orqanizmdə olan toksinləri və zərərli maddələri bədəndən xaric edir.

4. Bütün daxili orqanların normal fəaliyyətini təmin edir.

5. İnsanı artıq çəkidən xilas edir.

6. Orqanizmdə baş verən bütün kimyəvi proseslərdə fəal iştirak edir.

7. Ürək-damar sistemi üçün olduqca faydalıdır. Belə ki, gündəlik olaraq qədərində su qəbul etmək damarlarda tıxacın yaranmasının qarşısını alır, infarkt riskini azaldır.

8. Stressə qarşı mübarizə aparır.

9. Gümrahlıq gətirir.

10. Dərini təravətləndirir.

Suyun orqanizm üçün bu qədər zəruri olduğunu düşünüb qədərindən artıq qəbul etmək yolverilməzdir. Bu xoşagəlməz fəsadlar yarada bilər. Əgər orqanizminiz normadan artıq su tələb edirsə həkimə müraciət etmək məsləhət görülür.

Suyun möcüzəsi ilə bağlı daha bir məqama toxunmaq yerinə düşər, xəstəliklərin su ilə müalicəsinə.

Xəstəliklərin su ilə müalicəsi bu gün uzunömürlülər ölkəsi olan Yaponiyada ən populyar və geniş yayılmış müalicə vasitəsi sayılır. Yaponlara görə su ilə bir çox xəstəliklərin yüz faiz müalicəsi mümkündür. Bu xəstəliklərin siyahısına baş ağrıları, piylənmə, ürək problemləri, astma, bronxit, qastrit, burun, boğaz, qulaq və gözlə bağlı müxtəlif xəstəliklər daxildir.
Yapon möcüzəsi olan su ilə müalicə zamanı 30 gün ərzində şəkərli diabet və yüksək qan təzyiqi kimi xəstəliklərdən əziyyət çəkənlər öz səhhətlərində kifayət qədər nəzərəçarpacaq müsbət dəyişikliklərə nail olurlar.

Su ilə müalicə necə aparılır? İlk növbədə qeyd etmək lazımdır ki, bu üsul elə də mürəkkəb və çətin deyil.

Səhər oyanan kimi dişləri təmizləməmişdən əvvəl 4 stəkan su içmək lazımdır. Su qəbulundan sonra dişlərinizi təmizləyə bilərsiniz. Bundan sonra 45 dəqiqə gözləyib səhər yeməyini yeyin. Gün ərzində 3 dəfə qidalandıqdan 15 dəqiqə sonra 1 stəkan su içilməlidir və suyun qəbulundan sonra 2 saat heç bir qida və maye qəbul etmək olmaz.

Əgər səhərlər 4 stəkan su içmək çətinlik yaradırsa, orqanizmi su qəbuluna tədricən öyrətmək lazımdır.

Su ilə müalicə zamanı sidiyə çıxmaların sayı çoxalacaq. Bu müalicənin müsbət nəticəsi deməkdir. Orqanizmdə olan zərəli maddələr məhz sidik vasitəsi ilə xaric olunur.

Su ilə müalicənin bu dərəcədə effektli olmasında çox sadə və adi bir məntiq var. Xəstəliklərin yaranmasının başlıca səbəblərindən biri qida və hava vasitəsi ilə orqanizmə daxil olan zərərli maddələrdir. Ekoloji natəmizlik xəstəliklərin yaranmasına səbəb olur. Su isə orqanizmi ona lazım olmayan bu maddələrdən təmizləyir.

Su ilə müalicə zamanı çox qısa bir müddət ərzində siz orqanizminizdə, əhvalınızda baş verən müsbət dəyişikliklərin şahidi olacaqsınız. Yapon möcüzəsinin nəyə qadir olduğunu da elə xoş əhvalla duyacaqsınız.

Amma bir şərtlə, bu üsuldan istifadə etmək qərarına gəlsəniz həkimlə məsləhətləşməyi yaddan çıxarmayın.

Sağlamlığına laqeyd olmayan insanlar yəqin ki, bu yazını oxuduqdan sonra gün ərzində saatlarla qarşısında oturduqları kompüterin böyrünə bir qrafin su qoyacaqlar. Bunu etmiş olsanız növbəti yanlışlığa yol vermiş olacaqsınız.

Nəyə görə?

Mütəxəssislər eyni mənbədən götürülmüş suyu adi halda və kompüter qarşısında bir müddət qaldıqdan sonra molekulyar analiz ediblər. Analizdən sonra fərqli nəticələr əldə olunub. Məlum olub ki, monitor qarşısında kiçik bir müddət qalan suyun tərkibi dəyişilib və həmin tərkib insan orqanizmi üçün kifayət qədər təhlükə yarada bilər. Elektromaqnit şüalardan qaynaqlanan su dadını dəyişməsə də, strukturunu dəyişir və bu sudan istifadə edən insan onun fərqini hiss edə bilmir. Məsələ burasındadır ki, həmin suyun ziyanı qısa bir zamanda özünü biruzə vermir. Mənfi təsir uzun müddətdən sonra orqanizmdə xoşagəlməz problemlərlə üzə çıxır. Buna görə də kompüterin qarşısında su saxlamaq məqbul deyil. Kompüterin qarşısında su saxlamamağın digər bir xeyri də var. Mətbəxə keçib bir stəkan su içmək kompüterdən bir neçə dəqiqə ayrılmaq üçün ən yaxşı bəhanədir.

İlham Cəmiloğlu