“Haram pul qazanan broyler sahibləri “tasovka” edib etiketləyirlər” – TƏHLÜKƏ!backend

 “Haram pul qazanan broyler sahibləri “tasovka” edib etiketləyirlər” – TƏHLÜKƏ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana idxal edilən ev toyuqları (hissələrə ayrılmamış, təzə və ya soyudulmuş) üçün tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb. Belə ki, idxal olunan ev toyuqlarının 1 kq-na 1 ABŞ dolları rüsumun tətbiq müddəti 31 dekabr 2021-ci ildən 31 dekabr 2023-cü ilə qədər uzadılıb. Bu müddətdən sonra ev toyuqlarının 1 kq-na 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq. Eyni zamanda ölkəyə idxal olunan 1000 ədəd toyuq yumurtasına tətbiq olunan 100 ABŞ dolları gömrük rüsumunun qüvvədə olma müddəti də 2 il artırılıb.
Bayramlarda orta gəlirli azərbaycanlının süfrəsini elə toyuq məhsulları bəzəyir. Toyuq salatı, toyuq qızartması, hətta aş qarasını belə toyuq əti ilə edənlər var. Buna görə də, toyuq əti alarkən diqqətli olmaq lazımdır. Çünki toyuq əti ətraf mühitin təsirlərinə tez uğrayır, mikrobları özündə tez toplaya bilir. Buna görə də toyuq ətindən zəhərlənmə digər qidalarla müqayisə daha çox və daha ağır olur.

TİA.AZ-ın məlumatına görə, “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, bayram masasında çox adam toyuq ətinin olmasını arzulayır: “Toyuq əti tez çirklənən məhsuldur. Buna görə də broylerdən istehlakçının süfrəsinə qədər olan prosesdə iştirak edən bütün subyektlər Qida Təhlükəsizliyi Agentliyində reyestrə daxil olmalıdır. Qida zəncirinin bütün soyuq həlqəsi ilə toyuq əti satılsın. Ancaq biz görürük ki, ən müasir supermarketlərdə belə, açıq və selofana bükülmüş toyuqlar satılır. Bunlar broyler toyuğu olsa da, əhali bunu kənd toyuğu adı altında alır. Hələ kənd toyuğunun özünün də nə dərəcədə təhlükə altında olub-olmaması da şübhə altındadır”.

Broyler fabriklərində toyuqların tez yetişdirilməsi üçün xüsusi dərmanlardan istifadə edildiyini bildirən E.Hüseynov qeyd edir ki, kənd toyuğu baytar nəzarətində olmadığı üçün təhlükəli hesab edilir. Kənd toyuqları harda oldu, necə oldu qidalandığı üçün çöl quşları ilə ünsiyyətdə olur. Buna görə də kənd toyuqları “quş qripinə” də yoluxmuş ola bilərlər. Bu yoluxma insanlarda da müşahidə edilə bilər. Markalanmamış, açıq satılan, sadəcə olaraq, sellofana bükülən, üzərində son yararlılıq müddəti və buraxılış tarixi olmayan, hansı firmaya məxsus olduğu məlum olmayan toyuqların alınması tövsiyə edilmir: “Bazarlarda açıq toyuqlar, hinduşqalar satılır. Bunların da mənbəyi məlum deyil. Buna görə də bunlarda arzuolunan qida hesab edilmir. Ən ucqar dağ kəndlərində belə toyuq yetişdirmək üçün dərmandan istifadə edilir. Müəyyən baytarlıq preparatları vurulur. “Kənd toyuğu” adı altında olan toyuqlara baytarlıq preparatları nə zaman vurulub, bəlli deyil”.

Ekspert deyir ki, broyler toyuqlarının çox kiçik ölçüdə olanlarından insanlar imtina etməlidir. Çünki bəzən broyler fabriklərində bir gecədə yüzminlərlə kiçik çəkili toyuqlar ölür: “Təəsüf olsun ki, qanunlara tabe olmayan, özünə hörmət etməyən, haram pul qazanan broyler sahibləri bu toyuqları da təmizləyir, “tasovka” edib etiketləyir, bazarda satışa çıxarır. Çox kiçik ölçülü toyuqlar da təhlükəli hesab edilir”.

Ekspert bildirir ki toyuq ətinin keyfiyyəti ilə bağlı nöqsanlar olduğu zaman istehlakçılar AQTA-nın 1003 qaynar xəttinə müraciət edə bilərlər.