Tribuna İnformasiya Agentliyi

Hamının şəxsi evində yaşadığı “möcüzə-dövlət”

27 İyun

Burada evsiz, yarıdağılmış rayonlar və yaxud insanların bir təhər həyat sürdüyü daxmalar, paltar asmaq üçün iplərin az qala göy üzünü görməyə imkan vermədiyi ifrat dolu mənzillər, fasadlar boyunca sallanan elektrik naqili yumaqları görmək mümkün deyil. Belə mənzərələr yalnız Sinqapurun yaşlı nəslinin xatirəsinə qalıb.

Özünün mənzil siyasəti sayəsində, bu ada dövləti böyük Asiya şəhərlərinin sakinlərinin əksəriyyətinin əziyyət çəkdiyi bir çox səbəbləri aradan qaldırmağa və səliqə-səhman yaratmağa müvəffəq olub.

Bu gün bütün dünyadakı vəziyyətlə müqayisə apardıqda belə nəticəni görmək mümkündür: 5,6 milyon nəfər əhalisi olan Sinqapurdakı bütün mənzillərin 75%, Mənzil Tikintisi və İnkişafı Şurası (MTİŞ) tərəfindən tikilmiş və vətəndaşların dövlət pensiya fonduna investisiyaları hesabına maliyyələşdirilib. Sinqapur sakinlərinin 90%-nin hal-hazırda şəxsi yaşayış sahəsi var. Bu göstərici üzrə Sinqapur dünyada bazar iqtisadiyyatı olan ən inkişaf etmiş ölkələr arasında lider olub.

Bununla yanaşı 1960-cı illərdə bu kiçik dövləti xoşbəxtlik adası adlandırmaq mümkün deyildi. Əksinə, yalnız 1959-cu ildə Britaniyadan müstəqillik əldə edən bu liman şəhəri, mənzil çatışmazlığından dəhşətli dərəcədə əziyyət çəkirdi. İkinci Dünya müharibəsi zamanı yapon işğalı nəticəsində baş vermiş dağıntılar, Britaniya rəhbərliyi tərəfindən həyata keçirilən mənzil siyasəti ilə əlaqədar süründürməçilik, eləcə də yüksək doğum səviyyəsi əsasən əhalinin yoxsul təbəqəsinin vəziyyətinin ağır olmasına gətirib çıxarmışdı. İndiyə qədər hakimiyyətdə olan Xalq Hərəkət Partiyası (XHP) ilk dəfə 1959-cu ildə seçkilərdə qalib gələrək fəlakətli mənzil çatışmazlığı probleminə tezliklə həll tapacağını vəd etdi.

Və partiya dediyi kimi etdi. O dövrdən Sinqapur sakinləri XHP-nın və onun əfsanəvi baş naziri Li Kuan Yunun məhz bu cür yanaşmasına öyrəşiblər. 1965-ci il üçün yeni dövlət qurumu – Mənzil Tikintisi və İnkişafı Şurası kiçik sosial təminatlı ailələr üçün 55 minə yaxın qiyməti müvafiq olan mənzil tikdirib. Başlanğıcdan ilkin konsepsiyalarda şəhərin sıxlaşdırılması nəzərdə tutulurdu, çünki Sinqapur ada dövləti olduğundan lazımi əraziyə malik deyil. Heç kim sərhədsiz şəxsi evlərdən ibarət rayonlar barəsində xəyallar qurmurdu. Proqram mərtəbələrin artırılmasını və mənzillərin kirayəsi və alınması üçün müvafiq qiymətlərin təmin olunmasını nəzərdə tuturdu. Maliyələşməyə tam nəzarətin təmin olunması məqsədilə Sinqapur hökuməti sistematik olaraq torpaqları alırdı. Tikinti də dövlətin nəzarəti altında həyata keçirilirdi. İndi Sinqapurda torpaqların 90% hökumətə məxsusdur və o, şəhərdə birbaşa rayonların tikintsini şəxsi tikinti şirkətləri arasında paylaşdırır. Bu şirkətlər də öz müştərilərinin, yəni dövlətin tələblərinə uyğun hərəkət edirlər.

Sinqapurun hörmətə layiq mühüm nailiyyəti odur ki, burada dövlətin rəhbərliyi altında əhalinin müxtəlif təbəqələri üçün cəlbedici daşınmaz əmlak bazarı yaratmaq mümkün olub: həmçinin işəgötürənlər tərəfindən də maliyyələşdirilməklə pensiya fonduna ödənişlər, yaxud sərfəli faizlərlə verilən dövlət kreditləri hesabına müddətli sosial mənzil alan ailələr, 1990-cı illərdən bəri onları nəzarət olunan, lakin sərfəli bazar qiymətləri ilə, özləri üçün gəlir əldə etməklə sata bilərlər.

Sinqapurda mənzil tikintisi siyasətində bu modelin icadından bəri bir çox dəyişikliklər və təkmilləşdirmələr aparılıb. Hökumət cəsarətlə özünün tikinti standartlarını liman-meqapolisin artan tərəqqisinin səviyyəsinə uyğunlaşdırır. MTİŞ-in proqramında hər şey var: kirayə üçün təklif olunan sadə, lakin səliqəli mənzillərdən peşəkar dizaynerlər tərəfindən təmir olunmuş apartamentlər və imkanlı alıcılar üçün “executive condominiums”-a qədər. Qiymətlərə nəzarət, əlbəttə ki, öz təbiətinə görə çoxsaylı və kompleks qanun normalarının olmasnı tələb edir. Bəziləri ”bəndlərin sayının çox olmasına” görə şikayət edir. Digərləri internet saytlarında bütün mümkün məlumatları və hətta bir kvadrat metrin rənglənməsinin qiymətinə qədər qiymətlər cədvəlini yerləşdirən dövlət orqanlarının şəffaflığını tərifləyir.

Lakin prinsipin özü dəyişməz qalır. Dövlət şəhərin inkişafını və Sinqapurun xarici görünüşünü nəzarətdə saxlayır. MTİŞ vasitəsilə vətəndaşlara dotasiya ayrılması vasitəsilə ərazi kirayələmək və ya rasional dizayna və inzibati təminata malik 23 yeni mini-şəhərdə mənzil alınması imkanı verilir. Mənzil sahəsi XHP-nın sərt nəzarəti altında kapitalistik ticarət imperiyasının bir növ yenidən bölüşdürmə mövzusuna çevrilib.

Bu model həddindən artıq effektiv idarəetmə, kompleks maliyyələşdirmə və torpağa effektiv nəzarət üzərində dayanır. Bu, kiçik asiya pələnglərindən biri olan dövlətdə, hətta sənaye və sənətkarlığın inkişaf etdirilməsi üçün daşınmaz əmlak bazarının yaradılması nöqteyi-nəzərindən belə özünü yaxşı doğrultmuş strategiyadır.

Beləliklə, Sinqapur modelindən nəyi öyrənmək olar? Dünya bankının infrastruktur layihələrinin ən böyük portfellərindən birinin meneceri olan Abas Ca bir vaxtlar buna şübhə ilə yanaşırdı. Latın Amerikasında mənzil tikintisi sahəsində iş zamanı o, daima öz müştərilərinə deyirdi ki, dövlət tikintisi və dövlət mənzil proqramları yaxşı ideya deyil. Ca öz bloqunda yazır – ”Biz həmişə hesab etmişik ki, dövlətin məqsədi mənzil tikintisini qurmaq imkanı olan bazarın yaradılmasından ibarətdir. Bizim müştərilərimiz isə daim soruşurdular: “Bəs Sinqapur?”. Və biz həmişə cavab verirdik ki: “Bu surətinin çıxarılması mümkün olmayan modeldir”.

Abas Ca artıq iki ildən artıqdır ki, Sinqapurda yaşayır və məsələyə başqa cür yanaşır. Bu gün bu iqtisadçı yazır ki, bütün dünya Sinqapurdan dərs ala bilər. Onun düşüncələrini ümumiləşdirsək, söhbət bu müəllifin, həmçinin bir çox urbanist-alimlərin bloqlarında və nəşrlərində yer tutan aşağıdakı əsas məsələlərdən gedir.

Nümunəvi və davamlı inkişafa səbəb olan sıxlaşmadan əlavə bu modelin həyata keçirilməsi imkanı həm də MTİŞ-in kənd strukturlarına yönəlmiş planlaşdırılmasına da əsaslanır. Sosial mənzil tikintisi dedikdə, fikrində iri beton tikintilər və ya atılmış oyun meydançaları canlandıranlar bu halda həqiqətdən çox uzaqdırlar. Sinqapurda yaşayış kvartallarının adları məşhur ingilis məhəllələrinin adlarını xatırladır (The Lakeside Estates) və parkları xatırladan yaşıllıqlar və səliqəli idman kompleksləri ilə əhatə olunub.

Hər bir yeni peyk-şəhər funksional baxımdan öz-özlüyündə effektiv ictimai nəqliyyat sistemi, gözəl binalarda yerləşmiş uşaq bağçaları və məktəblərdə kifayət qədər yerləri, yaşlı insanların qayğısına qalmaq üçün xüsusi müəssisələri və fitnes-mərkəzləri olan əsl şəhərdir. Bunlardan əlavə hündür binaların hər bir mərtəbəsində qonaqlarla görüş və sosial münasibətlər üçün kifayət qədər terraslar vardır. MTİŞ şəhərin yeni rayonunun tikintisini başa çatdıran kimi, o, dərhal yerli özünüidarəetmə qaydalarına uyğun olaraq şəhər sovetinin balansına keçirilir. O isə öz növbəsində sosial müdafiəyə ehtiyacı olan insanların və orta gəliri olan ailələrin tələblatı nəzərə alınmaqla mənzillərin ciddi inklüziv və düşünülmüş şəkildə paylanmasını həyata keçirir. Bu zaman etnik tərkib də təsadüfi olmur. Müxtəlif etnik tərkibli ailələr özlərinin Sinqapurun əhalisinin strukturundakı yerlərinə uyğun olan mənzil bloklarında mənzil alırlar. Beləliklə, Sinqapurda monoetnik birliklərin yaranmasının və çoxmillətli dövlətin etnik münasibətlərində gərginliyin artmasının qarşısını almağa çalışırlar.

Canın fikrincə, uğurlu mənzil siyasətinin daha bir cəhəti dəqiq müəyyən olunmuş, etibarlı siyasi kursdur. “Sinqapur dəqiq və davamedici şəkildə dövlət mənzil tikintisi siyasətinə ümumi və siyasi baxımdan riayət etdiyini bildirir”. Yalnız 2017-ci ildə büdcədən dotasiyalar demək olar ki, 1,19 mlrd Sinqapur dolları təşkil etmişdir ki, bu da təxminən 757 mln avroya uyğun gəlir. Sinqapur kifayət qədər bahalı olan proqramın reallaşmasına razılaşır. Lakin, ekspertlərin fikrinə görə, bu vətəndaşların məmnunluğu şəklində etibarlı dividendlərin əldə olunmasına gətirib çıxarır.

Təəssüf ki, yaşayış qiymətinin sürətlə artması səbəbindən Sinqapurun bütün sakinləri buna görə təşəkkür hissi duymur. Və hər bir peyk-şəhər dövlət və XHP tərəfindən eyni dərəcədə diqqətdə saxlanmır. Müxalif İşçilər Partiyasının tənqidçiləri daima buna diqqət yetirir ki, MTİŞ-in şəhərin hakim XHP-nın seçkilərdə öz rəqiblərinə məğlub olduğu rayonlarında təmir işlərinin həcmi, partiyanın qalib gəldiyi rayonlarla müqayisədə xeyli aşağıdır.

Artıq yaxın gələcək ambisiyalı Sinqapur üçün böyük çağırış olacaq. Bir çox inkişaf etmiş Qərb sənaye ölkələri kimi bu şəhər-dövləti də cəmiyyətin qocalması təhlükəsi gözləyir. Sinqapur parlamentində artıq bunun tikinti sahəsində siyasət üçün hansı nəticələrə səbəb olacağının müzakirəsinə başlanılıb. Sinqapurun yaşlı sakinləri yaranmış adət üzrə özlərinin pensiya ödənişlərinin təmin olunması məqsədilə (böyük sahəsi olan) mənzillərini satırlar. Axı dövlət pensiyaları yalnız vətəndaşlar tərəfindən edilmiş ödənişlərə əsasən verir. Buna görə də siyasətçilər gələcəkdə bunun adanın nəzarət olunan daşınmaz əmlak bazarında maliyyə böhranına səbəb olacağından ehtiyat edirlər. Bu da məhz milyonlarla pensiyaşının öz mənzillərini satmaq məcburiyyətində qalması zamanı baş verəcək.

Adrienne Voltersdorf

(Xpressa.net)