“Hamı biliyi qeyri-adi, cazibədar formada almaq istəyir”backend

“Hamı biliyi qeyri-adi, cazibədar formada almaq istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycan cəmiyyətinin xüsusən də postmüharibə zamanında daha çox maariflənməsinə, yeni bilgilər, informasiyalarla təmin olunmasına böyük ehtiyac var. Həmçinin təhsil proqramlarında Vətən müharibəsi, qazandığımız zəfər, Azərbaycan xalqının yeni tarixi, tarixi şəxsiyyətlərimiz haqqında daha geniş məlumatların əks olunması çox vacibdir.

Teletənqidçi, filologiya elmlər doktoru Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, cəmiyyətdə təkcə gəncliyin deyil, bütün sosial təbəqədən olan insanların maariflənməsi çox önəmlidir:

“Əslində televiziya bu sahədə ötən əsrin 50-ci illərindən bu yana xeyli iş görüb. Yəni dünya əvvəlcə kitabın, sonra isə televiziyanın təsiri ilə insanlarda dünyagörüşü, düşüncə tərzi formalaşıb, dəb oradan götürülüb. Beləliklə, bu çox ciddi bir məsələdir. Lakin təəssüf ki, biznesin televiziyaya, ümumən mediaya güclü təsiri nəticəsində maarifləndirmə funksiyası sanki bir növ arxa plana keçib.

Ötən əsrin 80-ci illərinin ortalarında Avropada çox xüsusi layihələr həyata keçirilirdi. Tendensiya olaraq o dövr təhsilin, biliyin müxtəlif əyləncələr vasitəsilə verilməsi ilə yadda qalıb. Ona görə də indi internetin mövcud olduğu bir şəraitdə televiziyalarımız kütləni maarifləndirmənin yeni, daha effektli və təsirli formalarını tapmalıdır. Hazırda heç kəs bilikləri mühazirə şəklində qəbul etmək istəmir. Hamı biliyi qeyri-adi, cazibədar formada almaq istəyir. Bu baxımdan televiziyalarımızda, xüsusən də İctimai kanalda viktorinaların keçirilməsi, əyləncəyə söykənən, amma arxasında maarifləndirmə məqsədi olan digər verilişlərin olması çox yaxşıdır. Bu gün faktiki olaraq ehtiyac var ki, Azərbaycanda xüsusi olaraq tədris və maarifçilik kanalı açılsın. Bu kanalın olması bizim kimi cəmiyyətlər üçün çox vacibdir”.

Təhsil eksperti Kamran Əsədov da qeyd edib ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları insanların bilik səviyyəsinin, əhatəsinin genişlənməsində, daha da savadlanmasında, informasiya ilə təmin olunmasında, zövqünün formalaşmasında, ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətdə mühüm rol oynayır: “Nəzərə alsaq ki, Azərbaycan 30 ilə yaxın məğlub, daha çox bədbin notlar üzərində elmi-kütləvi, mədəni-maarif proqramlarını hazırlayırdısa, 2020-ci ilin 44 günlük Zəfərlə başa çatan Vətən müharibəsi bu notları müsbətə doğru dəyişdi. Doğrudur, təhsil, maarifçilik hərəkatı, mədəniyyət Azərbaycanda Milli Məclisin qəbul etdiyi qanunlar və aidiyyəti qurumların hazırladıqları sənədlər əsasında idarə olunur. Amma bu istiqamətdə təhsilverənlər fərdi təşəbbüsləri ilə individual yanaşa bilərlər. Sevindirici haldır ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları və onların inkişaf etdirilməsi, təşviqi üçün elmi-texniki tərəqqi, xüsusən internet şəbəkəsinin mövcudluğu böyük spektrdə imkanlar açır. Bu proqramların daha geniş, daha əhatəli yayılması üçün kifayət qədər böyük imkanlar mövcuddur. İndi internet resursları vasitəsilə həmin proqramların daha da geniş şəkildə canlandırılması mümkündür ki, buna xüsusi diqqət ayrılmalıdır. Məsələ burasındadır ki, indi həmin televiziya və radio da öz növbəsində daha geniş imkanlar təklif edir və üstəlik, internet resurslarından burada da istifadə mümkündür. Diqqətçəkən ən vacib məqamlardan biri də ondan ibarətdir ki, kommersiya xarakterli proqramlara televiziya və radiolarda daha geniş diqqət ayrılması əvəzinə, məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına yer ayrıla bilər və bunun da müsbət nəticəsi təkzib edilə bilməz. Şübhəsiz ki, kitabın, kitabxananın, elmin, mədəniyyətin təbliğinə televiziyalar xüsusi yer ayırmalı, şou xarakterli proqramların əvəzinə kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar təqdim olunmalıdır”.

Ekspert Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, zəfərindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməli olduğunu vurğulayıb:

“Cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir və edəcək də. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünyagörüşü artırılmalı, savadlanmalı, istər Azərbaycan cəmiyyəti, istərsə də bütövlükdə dünya ictimaiyyəti hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə də əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi, hətta yenilərinin belə hazırlanması öz aktuallığını qoruyur.

Qələbənin təmin olunmasında, az qala 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad olunmasnda, ərazi bütövlüyümüzün bərpa edilməsində, tarixi ədalətin bərpasında Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının oynadığı rol, həmrəyliyi, Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər artıq proqram şəklində universitet və orta məktəblərdə tədris olunmalı, buna çox ciddi şəkildə xüsusi önəm verilməlidir. Bu baxımdan proqramların hazırlanmasında mütəxəsis yanaşması, eləcə də rəyi mütləq nəzərə alınmalı, alimlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir ki, bu, əldə etdiyimiz zəfərdən sonra daxil olduğumuz yeni mərhələdə, postkonfilikt dövründə və bundan sonra həmrəyliyimizin və birliyimizin daha da güclənməsinə öz ciddi töhfəsini vermiş olsun”.

Kamran Əsədov qeyd edib ki, elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində hazırlanan proqramlar, ortaya qoyulan sənədlər çox mükəmməl olsa da, onların icrası zamanı problemlər müşahidə olunur: “Bu da həmin layihələrin, proqramların normal qəbul olunmasına maneə törədir. Bütün hallarda çox zaman problem o proqramların icrası zamanı yaşanır. Xüsusən də orta təhsil məktəblərinin, maddi-texniki bazanın idarə edilməsində, ali təhsil müəssisələrində semestr qiymətləndirilməsində normativ hüquqi aktlarda, bəzi vəzifələrin tutulması, vəzifə müddəti ilə bağlı ciddi problemlər var. Zaman-zaman kurikulum standartları ilə müasir standartlara uyğun tədris qurmaq istəyəndə başa düşdük ki, bizim hüquqi sənədlərimizdə boşluqlar keyfiyyətli təhsili təşkil etməyə mane olur. Ona görə də normativ hüquqi aktlarda birmənalı şəkildə dəyişiklik yaranmalı idi. Biz tədris proqramları, xüsusən tədrisin həyata keçirilməsi ilə bağlı ciddi boşluqların şahidi oluruq. Hesab edirəm ki, Azərbaycanda yeni təhsil standartlarına uyğun tədris proqramlarının qurulmasına böyük ehtiyac var. 2009-cu ildə ”Təhsil haqqında” Qanun və 2011-ci ildə orta ümumtəhsil məktəblərinin nizamnaməsinin qəbul edilməsi yeni tədris resurslarının yaradılmasını zəruri edirdi. Çünki 2008-ci ildə kurikulum standartlarına uyğun tədris prosesini təşkil etməyə başlamışıq. Məlum olub ki, bu formatda təhsili təşkil etməklə bağlı ciddi problemlərimiz var. Əsas problem isə bundan ibarətdir ki, sözügedən tədrisi həyata keçirə biləcək müəllim kontingentinin, məktəbdaxili qiymətləndirmə normativinin olmaması yeni standartların və proqramların işlənməsini qaçılmaz edir. Biz kurikulum tədris sisteminə keçsək də, etiraf edək ki, kurikulum bizdə müasir tələblərə cavab vermir. Ona görə də mütləq şəkildə kurikulumun yeni standart və tələblərini dəyişməliyik”.