Hakim partiyada dəyişikliklər: yeni YAPılanma, yoxsa vitrin yenilənməsi?backend

Hakim partiyada dəyişikliklər: yeni YAPılanma, yoxsa vitrin yenilənməsi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat: “Baş verən proseslər bizdən yan keçə bilməzdi”

Politoloq: “YAP barədəki iddialar uydurma nağıllar və əfsanələrdir”

Partiya sədri: “Hakim partiyanın daxili işlərinə qarışmağı etik saymıram”

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin bugünlərdə keçirilən iclasında partiyanın rayon təşkilatlarına yeni sədrlər seçilib. Qeyd edək ki, bu ilin mart ayında YAP-ın növbədənkənar qurultayı keçirilib və partiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər edilib. Yeni qaydalara görə, rayon təşkilatlarının rəhbər heyəti partiya sədrinin təqdimatı ilə İdarə Heyətin tərəfindən seçilir.

Milli Məclisin YAP-çı deputatı Məşhur Məmmədov AYNA-ya açıqlamasında deyib ki, ölkədə köklü islahatlar həyata keçirilir və hakim partiya da bu prosesdən kənarda qala bilməzdi: “Bilirsiniz ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dərin islahatlar prosesinə start verilib. Bu islahatlar hakimiyyətin bütün qollarını əhadə edir. İcraedici, qanunverici, məhkəmə sahələrində, bütün sahələrdə bu islahatları müşahidə edirik. Həyata keçirilən bu institusional islahatların mahiyyətində vətəndaşların rifah halının yüksəldilməsi, dövlət idarəçiliyinə yeni nəfəs gətirilməsi, peşəkar kadrların önə çəkilməsi və optimal idarəetmə sisteminə keçid dayanır.

“Şübhəsiz ki, bu islahatlar hakim partiyadan da yan keçə bilməzdi. Bu gün Yeni Azərbaycan Partiyasının 700 mindən artıq üzvü var və istisnasız olaraq son illərdə keçirilən bütün seçkilərdə bu partiya qalib olub”, – deyə həmsöhbətimiz bildirib.

Deputatın sözlərinə görə, partiyanın yenilənməsi istiqamətində atılan addımlar keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır: “Cənab İlham Əliyev YAP-ın son qurultayında aydın mesajlar verdi. Sədrimiz partiyanın inkişafında xidmətləri olanları da qiymətləndirdi. Eyni zamanda, YAP-ın fəaliyyətində yeniliklərin olacağını anons etdi. Hesab edirəm ki, Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasında həyata keçirilən islahatlar partiyanın fəaliyətində yeni mərhələdir. Təbii ki, gənclərin partiya rəhbərliyinə gətirilməsi, struktur islahatların aparılması dövrün tələbidir. Çünki bu partiya həm də kadr bazası rolunu oynayıb və bundan sonra da belə olacaq”.

“44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi zəfər, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbnaycan Ordusunun tarixi həsrətimizə son qoyması cənab Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinin məntiqi nəticəsidir. Heç şübhəsiz, partiyada aparılan islahatlar da bu qəbildəndir. Biz onun uğurlu nəticələrini ən yaxın zamanlarda müşahidə edəcəyik”, – deyə hakim partiya təmsilçisi vurğulayıb.

Məmmədov əlavə edib ki, YAP müstəqil Azərbaycan tarixində əvəzsiz rola malikdir: “Ötən əsrin 90-cı illərində yarıtmaz idarəçiliyin doğurduğu nəticələr, separatçı təzahürlərin baş qaldırması faktiki olaraq Azərbaycan xalqını dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz həmin dövrdə Yeni Azərbaycan Partiyasının sədri, Ulu Öndər Heydər Əliyev iqtidara gəldi və ölkəmizi bu təhlükədən xilas etdi. Bu gün Azərbaycan regionun lider, dünyanın isə önəmli dövlətidir. Ölkəmizin rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Müasir dövrün çağırışlarını nəzərə alsaq, hakim partiyada da dəyişikişiklər qaçılmazdır və bu mənada YAP-da həyata keçirilən islahatlar təqdir edilməlidir”.

Politoloq Zərdüşt Əlizadə isə AYNA-ya şərhində deyib ki, YAP-da dəyişikliklər olsa da, bu, mahiyyəti dəyişməyəcək: “Mən bu partiyanı ümumiyyətlə partiya saymıram. Çünki hər bir partiyanın ideoloji xətti olmalıdır. Bu gün Azərbaycanda siyasi partiyalar institutu yoxdur. Biri YAP-dır, digəri onun yanında açıq yer alanlar, bəziləri də guya müxalifətdir. Lakin onlar da iqtidardan təlimat alırlar”.

“Ölkədə siyasi azadlıqlar olmadığı üçün bütün partiyalar, o cümlədən Yeni Azərbaycan Partiyası mənasız quruluşlardır. Bu partiyanın nəinki qurultayından və İdarə Heyətindən, heç özündən heç bir gözləntim yoxdur. Deyirlər ki, YAP Cənubi Qafqazda ən böyük partiyadır. Bunlar hamısı uydurma nağıllar və əfsanələrdir”, – deyə analitik söyləyib.

Politoloqun bildirdiyinə görə, YAP-da köhnələr deyərkən Ramiz Mehdiyevin adamları nəzərdə tutulur: “Bu gün artıq Ramiz Mehdiyev və ətrafı yoxdur. Deməli, onlar hər yerdən təmizlənməlidir. YAP-da da əsasən onları, yaşlı adamları, qoca korrupsionerləri yola salırlar. Gələnlər də onların tayı olacaq. Bu partiya inzibati resurslar hesabına fəaliyyət göstərir”.

“Hətta aydın fikirli, gələcəyə baxışlı şəxslər də gəlib YAP-ın rəhbərliyində otursa, onları da yoldan çıxaracaqlar. Bir müddət də bunlar idarə edəcək və belə-belə vaxt öldürəcəklər”, – deyə Əlizadə vurğulayıb.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə YAP-da baş verənlərdən danışmağı etik saymır. “YAP da partiyadır, mənim rəhbəri olduğum AXP də. İndi bir partiya sədrinin digər partiyanın daxili işlərinə qarışması etik deyil. Bu səbəbdən heç bir münasibət bildirmək istəmirəm”, – deyə o, AYNA-ya açıqlamasında bildirib.

Müəllif: Azər Niftiyev