Tribuna İnformasiya Agentliyi

“Hacıbala kimiləri mənim dədə-babamın qarşısında nökər işləyib” – Şeyx Əbdüldən şok sözlər

08 May

“Ailəmə, mülkümə qarşı işğalçılıqla məşğu olan Hacıbala Abutalıbovun qarşısında qanunun aciz qaldığına görə ad günümdən imtina edirəm və bütün titullarıma nifrət edirəm”.

Bunu əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı və hazırda baş nazirin müavini Hacıbala Abutalıbovla aralarında olan qalmaqalla bağlı məhkəmə qərarının icra olunmamasına münasibət bildirərkən deyib.

 Onun sözlərinə görə, baş nazirin müavini təyin edilən Hacıbala Abutalıbov Azərbaycan dövlətinin adından çıxarılan məhkəmə qərarını icra etmədi:

“Yaxşı olardı ki, onu birdəfəlik Əzrayıl aparardı. Dövlətin məmuru Azərbaycan dövləti adından çıxardığı məhkəmə qərarını saya salmır. Bu adam müqəddəs qanunu saymırsa, yenidən vəzifəyə gedirsə, yüksəlirsə, mən dəhşətə gəlirəm. Hacıbala deyirdi ki, “mənə heç kim heç nə edə bilməz”. Evimi yeraltı qaraj tikəndə ucurdular. Həmin tikinti şirkəti isə Hacıbala Abutalıbova məxsusdu, qohum-əqrabaları işlədir. Mən nə istəyirəm ki? Evimi ucurubsan, ya evimi ver, ya da pulumu… Axı 3 məhkəmə məhkəmə qərar verib. Mənim xidmətlərim yüz Hacıbala kimisinin xidmətindən çoxdur. Bu xalq üçün tarix yazıram”.

Əbdül Mahmudbəyov qeyd edib ki, məsələ ilə bağlı 4 ildir ki, 3 məhkəmənin qərarı var:

“Onu icra edən yoxdur. Hara baxır Ədliyyə naziri? Niyə camaatı narazı salırsınız? Məhkəmə qərarı varsa, icra olunmalıdır. Evimi ucurub, utanmadan da məhkəmələrə şikayət edib. Bir ara yalan buraxmışdı ki, “Mən ona yüz dənə təklif edirəm, heç birinə razı olmur”. Dedim yalançının evi yıxılsın. 7 nəfər para-para olan evin içində yaşayır. İçəri toz tökülür. O, kimdir ki, mən ondan nə istəyim? Hacıbala kimiləri mənim dədəmin-babamın qarşısında nökər işləyib”.(AzNews.az)