Tribuna İnformasiya Agentliyi

Həbsdə olan polkovnik azadlıq istəyir: – “Ailəm var, uşağım xəstədir, ölür”

02 May

Sabiq polkovnikin məhkəməsi başlayıb. Dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanov hakim qarşısına çıxarılıb.

Onun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq əldə edilməyib.

Zərərçəkmişin vəkili bildirib ki, dəymiş zərər ödənilməyib: “Müdafiə etdiyim şəxs dedi ki, 20 min versə, onu bağışlayaram. Amma bu məbləğ də ödənmədi”.

Təqsirləndirilən polkovnik isə həbsxanada olduğu müddətdə bu pulu ödəməsinin mümkün olmadığını deyib: “5 aya yaxındır, həbsdəyəm. Əvvəl aramızda barışıq oldu. Notariusdan barışıq ərizəsi verdi. Amma indi həbsdəyəm. Dediyi məbləğə də razıyam. Amma çıxım, şərait yaradın ki, verim. Mənim qaçacaq yerim yoxdur. Ailəm var, uşağım xəstədir, ölür. Qanı qanla yumazlar. Ödəyəcəyimin sözünü verirəm”.

Məhkəmə prosesi mayın 7-də davam etdiriləcək.

İttihama görə, Fərhad Məmmədxanov tanışı Eldar Hənifəyevi iş görmək adı ilə aldadıb. Ona balıq satışı işi görməyi və yaxşı qazanc əldə etməyi təklif edib. Bu məqsədlə Eldar Hənifəyevdən 185 min dollar alıb. Hər ay da qazanc kimi Eldar Hənifəyevə 6 ay 5 min dollar verərək onun etibarını qazanıb. E.Hənifəyev daha sonra pulunu ala bilməyib və şikayətçi olub. Məhkəmədə ittihama münasibət bildirən Fərhad Məmmədxanov ittihamla özünü təqsirli bilmədiyini söyləyib.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı İstintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov iş qurmaq adı ilə vətəndaşa qarşı dələduzluqda ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.