Tribuna İnformasiya Agentliyi

Gürcüstanda nazirlərin sayı azaldılacaq, büdcəyə 102 milyon dollar qənaət ediləcək

05 İyul

“Gürcüstanda “kiçik hökumət” konsepsiyasının reallaşması nəticəsində dövlət büdcəsinə iki il ərzində 250 milyon lari (102,3 milyon dollara yaxın ) qənaət ediləcək”.

TİA.AZ “Sputnik”ə istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasından olan deputat Levan Qoqiçaişvili bildirib.

Hazırda Gürcüstanın Nazirlər Kabineti 13 nazirlik və bir dövlət nazirindən ibarətdir. “Kiçik hökumət” konsepsiyasına əsasən, hökumət üzvlərinin sayı 10-na endiriləcək.

“Qənaət edilən maliyyə vəsaiti daha çox ehtiyacı olan insanlara və sosial qruplara paylanacaq. Belə qruplardan biri azyaşlı uşaqları olan ailələrdir”, – L.Qoqiçaişvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstan parlamenti hökumət strukturlarında dəyişiklər haqqında qanun layihəsini ilk oxunuşda təsdiqləyib. “Kiçik hökumət” konsepsiyası cari ilin oktyabrınadək başa çatacaq. Həmin vaxtda 2019-cu il üçün dövlət büdcəsi formalaşdırılacaq.