Gürcüstana doğum gününü keçirməyə gələn Vladimir Pozner etirazla qarşılanıb – FOTObackend

Gürcüstana doğum gününü keçirməyə gələn Vladimir Pozner etirazla qarşılanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisidə rusiyalı jurnalist Vladimir Poznerin qaldığı mehmanxana 10 min lari (5 min manat) cərimələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Sergi Bzişvili bildirib.

Onun sözlərinə görə, karantin qaydalarının tələblərini pozduğu üçün mehmanxanaya və qonaqlarına cərimə tətbiq edilib. Bundan başqa, mehmanxanada təşkil edilən məclisin qapadılması ilə bağlı sərt xəbərdarlıq edilib.

Xəbərdarlıqdan sonra Vladimir Pozner və qonaqları polisin müşayiəti ilə avtobusla hoteldən uzaqlaşdırılıblar.

 

***

Bu gün Rusiyadan 50-dək şou-biznes və media nümayəndəsi çarter reysi ilə Gürcüstana gəlib.

APA-nın Gürcüstan bürosu “Formula” telekanalına istinadən xəbər verir ki, Gürcüstana səfər edən ictimai xadimlər arasında rusiyalı jurnalist Vladimir Pozner də var.

Məlumata görə o, Gürcüstana doğum gününü qeyd etmək məqsədi ilə səfər edib.

V.Poznerin Gürcüstana səfəri vətəndaş cəmiyyəti fəallarının, eləcə də bəzi müxalifət liderlərinin etirazına səbəb olub. Onun qaldığı hotelin ətrafına toplanan fəallar fit çalaraq ölkəni tərk etməsini tələb ediblər. Polis ərazinin mühafizəsini gücləndirib. Hazırda etiraz aksiyası davam edir.

Etirazçılar V.Poznerin Gürcüstanın ərazi bütövlüyünü tanımadığını, bu səbəbdən onun ölkəyə buraxılmasının qəbuledilməz olduğunu bildirirlər. Həmçinin xəbər verilir ki, Tbilisidə ictimai fəallar Vladimir Poznerin və dostlarının qaldığı mehmanxananın elektrik enerjisini kəsib. 

Qeyd edək ki, V.Pozner daha əvvəlki çıxışlarından birində Gürcüstanın 2008-ci ildə Abxaziyaya hərbi təcavüz etdiyini və nəticədə onu birdəfəlik itirdiyini qeyd edib.