Tribuna İnformasiya Agentliyi

Gürcüstan yaşayış icazəsi almaq qaydalarını sərtləşdirmək niyyətindədir

14 Avqust

Gürcüstan parlamentinə əcnəbilərin yaşayış icazəsi almaq qaydalarını sərtləşdirməyi təklif edən qanun layihəsi daxil olub.

“Report” “Sputnik-Gürcüstan”a istinadən xəbər verir ki, “Gürcüstan vətəndaşlarına pasport və şəxsiyyət vəsiqələrinin verilməsi, Gürcüstan vətəndaşlarının və Gürcüstanda yaşayan əcnəbilərin qeydiyyatı haqqında” qanuna dəyişikliklər edilməsi barədə təklifin müəllifi hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasından olan deputatlar Qoça Enukidze və İlya Tsulayadır.

Parlament sədri İrakli Kobaxidzenin sözlərinə görə, bu məsələ hazırda ilkin məsləhətləşmələr mərhələsindədir.

Qeyd edək ki, 2017-ci ilə olan məlumata görə, Gürcüstanda əksəriyyəti kişilər olmaqla, 83 mindən artıq miqrant var. Miqrantlar arasında ilk sırada Rusiya vətəndaşlarıdır (9,7 min nəfər). Daha sonra Türkiyə, Azərbaycan, Hindistan və digər ölkələrin vətəndaşları gəlirlər.