access_time Dərc olunub: 17:31
İradə Cavadova: “Bizə şərait yaradılmadı”

Vəkillər Kollegiyasının dekabrın 7-də “Bulvar Hotel”də keçirilən konfransında qurumun Rəyasət Heyətinə yeni sədr, sədr müavinləri və üzvlər də seçilib.

Vəkil Anar Bağırov Rəyasət Heyətinin sədri, Aydın Axundov və Pərviz Ələkbərov sədr müavinləri olub.

Rəyasət Heyətinə seçilən digər vəkillər bunlardır: Muxtar Mustafayev, Turqay Hüseynov, Fariz Məmmədov, Sima Yaqubova, Eduard Çernin, Vuqar Babayev, Azər Quliyev, Şəfayət Həsənov, Lalə Nağıyeva, Sahib Səfərov, Tural Hüseynov, Elçin Qəmbərov.

Rəyasət Heyətinin əvvəlki tərkibində olmuş vəkil İradə Cavadova Novator.az-a deyib ki, yeni tərkibə köhnə heyətdən üç nəfər düşüb: Şəfayət Həsənov, Azər Quliyev, Muxtar Mustafayev.

İradə Cavadova yeni tərkibə düşməməsinin səbəblərindən danışarkən deyib ki, o, Rəyasət Heyətinin daima, daha dəqiqi, seçkilərin keçirildiyi hər beş ildən bir yenilənməsinə tərəfdardır: “Rəyasət Heyətinə yenidən seçilmək niyyətim yox idi. 2012-ci ildə Rəyasət Heyəti üzvlüyünə namizədliyimi özüm irəli sürmüşdüm və seçilmişdim. Burada ömrü boyu qalmaq olmaz. Digər tərəfdən, mənə artıq məlum idi ki, Rəyasət Heyətinə yenidən seçilməyimi istəmirlər.

Amma mən Rəyasət Heyəti üzvlüyünə başqa bir şəxsin namizədliyini irəli sürmək istəyirdim. Yəqin ki, konfrans iştirakçıları arasında mənim namizədliyimi irəli sürmək istəyənlər də vardı. Lakin nə mənə, nə də onlara imkan verildi. Rəyasət Heyətinə seçim proseduru başlanan kimi əlimizi qaldırdıq, namizədimizi irəli sürmək istədik. Buna şərait yaradılmadı. Düşünürəm ki, səbəb mənim və konfransa qatılan müəyyən vəkillərin fərqli mövqeli şəxslər olmasındadır. Əslində bizə söz verilməyəcəyini gözləyirdim. Amma yenə də konfrasın gedişindən məyus oldum”.

İradə Cavadova iddia edir ki, o, Rəyasət Heyətinin əvvəlki tərkibində fərqli mövqe sərgiləyən faktiki yeganə şəxs olub: “Vəkil həmkarlarım yaxşı bilirlər ki, həmişə ədalətli və müstəqil mövqedən çıxış etmişəm, heç vaxt kiminsə tapşırığını yerinə yetirməmişəm. Vəkillər Kollegiyasında məsələsi müzakirə edilən hansısa vəkili günahsız saymışamsa, onun ziyanına qərar çıxarılmasının əleyhinə olmuşam.

Rəyasət Heyətinin son iclasında məsələsi müzakirə olunan vəkillərdən biri ilə bağlı ciddi qalmaqal yaşandı. Ona görə deyə bilərəm ki, 7 dekabr konfransında Rəyasət Heyəti üzvlüyünə namizədliyim irəli sürülsə də, seçilməyimə imkan verilməyəcəkdi. Ancaq bir daha vurğulayıram: mənim yenidən seçilmək məqsədim yox idi. Beş il Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olmuşam və alnıaçıq, üzüağ deyə bilərəm ki, bu müddətdə iştirak etdiyim iclasların heç birində ədalətsiz qərarı dəstəkləməmişəm”.

Şərhlər