Tribuna İnformasiya Agentliyi

“GünayBank”da 100 milyonluq mənimsəmənin yeni təfərrüatları

29 İyun

Əkrəm Həsənov: “Bankın Müşahidə Şurası sədrinin xəbəri olmadan belə bir halın baş verməsi mümkünsüzdür”

“GünayBank”ın İdarə Heyətinin sədr müavini Emin Zeynalov tərəfindən 100 milyon manata yaxın vəsaitin ələ keçirilməsi ətrafında ajiotaj səngimir. Virtualaz.org-a bank sahəsində məlumatlı mənbənin verdiyi informasiyaya görə, Emin Zeynalov tək olmayıb – bu iri fırıldaqda ona atası Zakir Zeynalov da fəal şəkildə kömək edib. Mənbə iddia edir ki, Zakir Zeynalov 15 sutka ərzində oğlunu istintaqdan gizlədib və onu hüquq-mühafizə orqanlarına yalnız bu oğurluq hadisəsinin haqqin.az və virtualaz.org-da ictimailəşdirilməsindən sonra doğurduğu geniş rezonansdan sonra təhvil verib.

“Bir müddət öncə ölkənin ən iri banklarından birində məsul vəzifəsini itirdikdən sonra Zakir Zeynalov əvvəlki mövqeyini geri qaytarmaq üçün heç nədən çəkinməyib. O, hətta müxtəlif müəlliflərə məxsus kitabları Azərbaycan dilinə tərcümə edərək, öz əsərləri kimi qələmə verib. Eyni zamanda o, hamını özünün maliyyə vəziyyətinin yaxşı olmasına inandırmağa çalışıb, halbuki əslində indiyə kimi ”GünayBank”da dələduz piramidaya başçılıq edir”, – mənbə qeyd edir. Onun sözlərinə görə, Zakir Zeynalov “GünayBank” rəhbərliyi ilə işbirliyinə gedərək, aldadılmış əmanətçilərin vəsaitlərinin mənimsənilməsi üzrə planını həyata keçirir. “Zakir Zeynalov bildirir ki, banka olan bütün borclarını qaytarıb. Bununla birlikdə, oğlunun oğurluq pullara aldığı bütün daşınmaz əmlakı bankın aktivlərinə əlavə edir və aldadılmış əmanətçilərə deyir ki. pullarını bankdan tələb etsinlər. Zakir Zeynalov gözəl başa düşür ki, heç kim onun oğlunun oğurladığı pulları bankın adını qeydiyyata keçirilmiş daşınmaz əmlakla qaytara bilməyəcək”. Başqa sözlə, uzun illər ölkənin ən iri banklarından birinə rəhbərlik etmiş və ən müxtəlif maliyyə fırıldaqlarında “püxtələşmiş” Zeynalov çoxmilyonluq varidatını heç kimlə bölüşdürmək istəmir. Bütün aktivlərini bankın adına keçirməklə, Zakir Zeynalov natəmiz oyun aparır və bu oyunda qaydaları özü müəyyənləşdirir. Oğlu Emin isə vur-tut atasının planının icraçısıdır”, mənbə bildirir. Güman etmək gülünc olardı ki, “qızıl gəncliy”in nümayəndəsi olan 30 yaşlı, maliyyə dünyasının incəliklərindən o qədər də baş çıxarmayan oğlan təkbaşına bu cür hiyləgər fırıldağı həyata keçirə bilsin. Şübhə yoxdur ki, vaxtı gələndə ata və oğul Zeynalovlar hazırda bankın adına qeydiyyatdan keçirilmiş daşınmaz əmlakı qaytaracaqlar və ailə kapitalını daha da artıracaqlar.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a maraqlı fikirlər söyləyib. Ekspert bankın Müşahidə Şurasının sədri və bankın faktiki sahibi olan Mahmud Məmmədovun “GünayBank”dan 100 milyon manatın  mənimsənilmədiyini söyləməsinə diqqət çəkib: “Maliyyə Bazarlarına Nəzarət Palatası da belə bir halın olmadığını açıqladı. Axı mətbuatda bankın rəsmi balansındakı 100 milyon manatın mənimsənilməsindən söhbət getmir! Banka kimlərinsə etibar etdiyi qeyri-rəsmi əmanətlərdən söhbət gedir! Yəni kimlərsə ”GünayBank”a pul yerləşdirir və həmin pullar heç yerdə qeydə alınmır. Bankdan çıxarılan da həmin pullardır. Məncə, söhbət bundan gedir. Bu halda bank sahibi və Maliyyə Bazarlarına Nəzarət Palatası rahat şəkildə deyə bilir ki, belə hal yoxdur.

Yəni formal şəkildə 100 milyon manatın mənimsənilməsi yoxdur, faktiki isə var. Azərbaycan banklarında belə bir praktika olub. Vətəndaş banka gətirib əmanət qoyub, ona əmanətin qəbulu haqda sənəd veriblər, aylıq, illik faizlərini alıb. Amma əmanətin qəbulu rəsmiləşdirilməyib. Bankda Müşahidə Şurası sədrinin xəbəri olmadan belə bir halın baş verməsi mümkünsüzdür. Belə hallar baş verirsə, Maliyyə Bazarlarına Nəzarət Palatası hara nəzarət edir?

Bank nəzarətinin əsas məqsədi əmanətçiləri qorumaqdır. Əgər belə hallar baş verirsə, deməli, nəzarət də yoxdur.

Əslində bu xəbərlər yayılandan sonra bank sahibi və Maliyyə Bazarlarına Nəzarət Palatası çıxıb deməli idilər ki, “GünayBank”da qeyri-rəsmi əmanət qəbulu olmayıb,  yoxdur. Bu günə qədər bu sözü deyən olmayıb. Onların özlərini belə aparması da şübhələri artırır”.

Emin Zeynalov ile ilgili görsel sonucu

Əkrəm Həsənov Emin Zeynalovun bankda İdarə Heyətinin sədr müavini olaraq belə işləri təkbaşına görə bilməyəcəyi haqda iddialarla razıdır: “Heç bankın İdarə Heyətinin sədri də o səlahiyyətlərin sahibi deyil. Sədr o halda belə addım ata bilərdi ki, Eldar Mahmudov kimi hamisi olardı. Vaxtilə Cahangir Hacıyevin Beynəlxalq Bankda etdiklərini ”GünayBank”da təkrar edə bilərdilər. “GünayBank” rəhbərliyinin belə bir arxa-dayağı yoxdur. İnandırıcı deyil ki, Emin Zeynalov təkbaşına belə bir iş görə bilər. Ona rəhbərlikdən kimsə dəstək verməsə, belə addım ata bilməzdi. Bu məsələlər araşdırılmalıdır”.

Əkrəm Həsənov bankların qeyri-rəsmi şəkildə əmanət qəbulunun səbəblərini də açıqlayıb: “Azərbaycanda zaman-zaman banklarda belə hallar olub. Banklarda  əmanətlərin qeyri-rəsmi qəbulu ilə bağlı cinayət işləri də olub. Məlum olub ki, vətəndaş banka əmanət qoyub. Vətəndaşla müqavilə bağlanıb, kassa qəbzi verilib. Vətəndaş da arxayın olur ki, pulu bankdadır. Faktiki isə bank həmin əmanətin qəbulunu sistemə vurmur. Bunu etməklə vergidən yayınırlar, Əmanətlərin Sığortalanması Fonduna ödəniş etmirlər. Maliyyə Bazarlarına Nəzarət Palatası bir neçə banka əmanət yerləşdirilməsinə qadağa qoyub. ”GünayBank”ın həmin sırada olduğunu bilmirəm. Mümkündür ki, banklar bu qadağanı əmanətləri rəsmi deyil, qeyri-rəsmi qəbul etməklə aşırlar”.

Yayılan məlumatlarda “GünayBank”da 48 nəfərin 100 milyon manatının mənimsənildiyi deyilir. Bildirilir ki, həmin şəxslərin böyük əksəriyyəti məmurlardır.

Bu şəxslər banka əmanətlərini niyə qeyri-rəsmi yerləşdirirlər və ya buna razı olurlar?

Ekspert deyir ki, bu halda məqsəd böyük pulların olmasını gizli saxlamaqdır: “Bir çox hallarda həmin pullar rüşvət və korrupsiya yolu ilə əldə olunur. Bu həm də ”çirkli pullar”ın “yuyulması”dır. Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Monitorinqi Xidməti hara baxır, bilinmir. Bank pulu qeyri-rəsmi götürürsə, sonradan rəsmi kredit kimi verə bilmir. Bankın balansında məbləğin haradan daxil olması bilinmirsə, avtomatik suallar yaranacaq. Mümkündür ki, həmin pulları alıb lombardlara yönəldiblər. Banklar kredit verilməsi ilə bağlı məhdudiyyətləri bu şəkildə aşırlar. Lombardlarda aylıq 10 faiz alırlar. İllik isə faiz dəfələrlə çoxdur. Şübhəli əməliyyatlar aparılması ehtimalı da var. Cinayət əməllərinə, terrorçuluğun maliyyələşməsinə həmin vəsaitlərdən istifadə edilməsini də istisna etmək olmaz. Zaman-zaman Dövlət Təhlükəsizlik Xidməti müxtəlif terror qruplaşmalarına aid şəxsləri ifşa edir, məhv edir. Bütün bu məsələlər araşdırılmalıdır. Yəqin ki, hazırda pərdəarxası proseslər gedir. İnanmıram ki, dövlət orqanları heç bir tədbir görmürlər. Ola bilər hazırda həmin pulların qaytarılması üzrə iş aparılır”.

E.MƏMMƏDƏLİYEV