Göygölün Aşıqlar kəndində meşənin içindəki “sirli” və maraqlı məkan – Gülxanım bulağı (VİDEO)backend

Göygölün Aşıqlar kəndində meşənin içindəki “sirli” və maraqlı məkan – Gülxanım bulağı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqust ayının əvvəli Gəncəyə səfər zamanı 2 gün Gəncədən təxminən 15-20 km olan uzaqlıqda yerləşən Göygölün  Aşıqlar kəndində ailəvi qaldıq.

Dağlıq ərazidə yerləşən Aşıqlar kəndi Göygölün turizm mərkəzi olan Hacıkənd, Toğanalı kəndlərinə, həmçinin Göy Göl və Maral gölə gedən yolun üzərində yerləşir.

İnsanları da təbiəti kimi gözəl,mehriban olan Aşıqlar kəndinin sakinləri  3 aylıq turizm mövsümündə pul qazanıb dolanışıqlarını təmin etməyə çalışırlar. Qalan aylar isə kənd , deyilir ki, adətən qar altında olur. Belə deyirlər…

Şəfalı , qışda soyuq, yayda isə gecələri yorğanla yatacaq qədər  sərin olan bu kənd dağlıq ərazidə olsa da əsasən yol kənarında yerləşdiyindən sakinlərinin əsas geçimi ev məhsullarının turistlərə satılması hesabına təşkil olunur.

Kənd sakinləri dolanışıqlarını  həmçinin əsasən sezonda xarici və yerli turistlərə kirayəyə verməklə də təmin etməyə çalışır.

Kəndə yol boyu qapıların ağzında  qutab, kətə, çörək və s. qida məhsulları təklif olunur.

Baxmayaraq ki, kənd turistik zonada yerləşir,  qiymətlər burada elə də baha deyil. Maraq üçün deyim ki,yol kənarında satılan adi qutabdan nisbətən  böyük qutab 1 manat 50 qəpiyə, təndir çörək 1 manata satılır, evlərin 1 günlük kirayəsi 30-50 manat arasındadır, danışıb ucuz  razılaşmaq da olur.

Kəndin yanında,yolun kənarındakı marketdəki qiymətlər də münasibdir, hətta deyərdim ucuzdur, gələnlərə də gülərüz xidmət edilir.

Kəndin mərkəzinə əsasən taksi ilə gediş-gəliş edirlər  Mərkəzdə dükan-bazar , kafe çoxdur , canlanma da var. Amma biz elə kənddə olduq. Taksi burada əsas nəqliyyat vasitəsidir.

Buradan Gəncəyə taksi 8-10 manata aparır. Avobus  da var,amma zəif işləyir.

Ona görə də bura şəxsi maşınsız gələn mütləq nəqliyyata çəkilən əlavə xərci nəzərə almalıdır.

Kənd sakinlərindən buranın görməli yerini soruşduqda mənə Gülxanım bulağı məsləhət gördülər.

Bulağın üzərindəki yazıda onun kimlər tərəfindən inşa olunması qeyd olunub(1999-cu ildə) və  şeir həkk olunub.

Kəndin yaxınlığındakı  meşənin içərilərində yerləşən bu bulağa çatanda özümü onun kəşf edən səyyah kimi hiss etdim. Məcəra axtaran uşaq kimi sevindim…

Bura mənə  bir qədər, kinolarda gördüyüm  vahiməli , amma məcəra vəd edən cəngəllikləri xatırlatdı. Bulağın  suyu da çox sərin və dadlı idi. Belə bulağın inşa edilməsi ilə savab iş görüblər.

Bulaqın ətrafında oturacaq və masa da var.

İstirahət edib çörək yemək üçün də qəşəng  yerdir.

Onu da qeyd edim ki,bulağa çatmamış burada daha  bir maraqlı mənzərə ilə rastlaşdım.  Meşənin  girişində idman üçün böyük yük təkərləri yerə basdırılıb ,turnik quraşdırılıb.

Yerli sakindən öyrəndim ki, təbiət qoynunda məşq üçün bu  yeri tanınmış  yerli idmançı salıb.

Buradan,yüksəklikdən aşağıda qalan kəndə gözəl mənzərə açılır.

 

Aşıqlar kəndində çox güman ki,başqa görməli yerlər də var ,amma oraları gəzməyə vaxt olmadı. Amma nə vaxtsa qismət olsa buralara yenə getmək istərdim….

İmran Kərimli