Gömrük Komitəsinə rəhbərlik edənlər – Kim kimi əvəzləyib…backend

Gömrük Komitəsinə rəhbərlik edənlər – Kim kimi əvəzləyib…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Azərbaycan gündəmində ən çox müzakirə olunan dövlət qurumlarından biri Gömrük Komitəsidir. Media və sosial şəbəkələrdəki müzakirələrdə fəaliyyətindəki korrupsiya faktlarına görə ciddi tənqidlərə məruz qalan bu komitənin ləğvindən tutmuş, onun hansı dövlət orqanının tabeliyinə verilməsinə, quruma kimin rəhbərlik etməsinədək münasibət bildirilir.

Amma hadisələrin gedişi Dövlət Gömrük Komitəsinin ləğvi ilə bağlı ehtimalları istisna edir. Belə olmasaydı, dövlət başçısı iki gün öncə quruma sədr vəzifəsini müvəqqəti icra edən yeni 1-ci müavin təyin etməzdi.

Modern.az saytı ictimai marağı nəzərə alaraq Dövlət Gömrük Komitəsinin tarixindən qısa fraqmentləri və ona indiyə kimi hansı məmurların rəhbərlik etdiyini diqqətə çatdırır.

***

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra ölkə rəhbərliyi gömrük işinin təşkili və idarə edilməsi istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə qərar vermişdi. Lakin cəmi 23 ay mövcud olan müstəqil Azərbaycan dövlətinin digər mühüm fəaliyyət sahələri kimi, gömrük işinin inkişafı da tamamlanmadı. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətidə Maliyyə Nazirliyinin tabeçiliyində gömrükxana fəaliyyət göstərmişdi.

Çar Rusiyasının xələfi olan Sovet İttifaqında xarici ticarətin dövlət inhisarına keçməsi ilə gömrük xidmətinin əhəmiyyəti azaldılmış və gömrükxana müxtəlif iqtisadi orqanlara tabe etdirilmişdi.

1989-cu ilin yanvarında ayının 27-də SSRİ Nazirlər Sovet yanında Dövlət Gömrük Nəzarəti Baş İdarəsinin 17 saylı əmri ilə Bakı Gömrükxanası əsasında Azərbaycan Respublikası Gömrükxanası yaradıldı və respublikadakı digər gömrükxanalar (Culfa və Astara) onun tabeçiliyinə verildi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin yanvar ayının 30-da Prezident Ayaz Mütəllibovin fərmanı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaradıldı.

Həmin ildə Ayaz Mütəllibovun hakimiyyətdən getməsi, Azərbaycan Xalq Cəbhəsinin iqtidara gəlməsilə digər mühüm dövlət postları kimi, Gömrük Komitəsinə də sədr təyinatı həyata keçirilib.

****

Azərbaycan Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin sədri İsa Qəmbərin 4 iyun 1992-ci il tarixli fərmanı ilə Tofiq Kərimov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, T.Kərimova daha əvvəl – 18 noyabr 1991 – 17 mart 1992-ci il tarixlərində daxili işlər naziri postunda çalışmışdı.

T.Kərimov Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində 5 oktyabr 1992-ci il tarixinə kimi çalışıb. Həmin tarixdə o, Prezident Əbülfəz Elçibəyin fərmanı ilə işdən azad edilib.

Tofiq Mirzə oğlu Kərimov 1937-ci ildə doğulub, 1995-ci ildə vəfat edib.

****

Daha sonra Prezident Əbülfəz Elçibəyin fərmanı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə Xalq Cəbhəsinin üzvü, hüquqşünas İbrahim Vəliyev gətirilib.

İbrahim Əli oğlu Vəliyev 1 iyul 1948-ci ildə Ermənistan Respublikası Əşdərək rayonunun Nəzərəvan kəndində anadan olub. Onun ailəsi 1949-cu ildə Azərbaycan Respublikası Kürdəmir rayonunun Atakişili kəndinə deportasiya edilib. 1967–1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
İ.Vəliyev 1992–1993-cü illərdə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində işləyib.

30 iyul 1993-cü il tarixində Azərbaycan Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetinin sədri Heydər Əliyev İbrahim Vəliyevi Gömrük Komitəsinin rəhbərliyindən kənarlaşdırıb.

***

Elə həmin tarixdə – 30 iyul 1993-cü ildə Heydər Əliyevin digər fərmanı ilə Tahir Əliyev Dövlət Gömrük Komitəsinin başına gətirilib. Tahir Əliyev bu vəzifədə 10 yanvar 1995-ci il tarixinə kimi işləyib.

Tahir Əliyev əslən Qubadlı rayonunun Cılfır kəndindəndir. Orta məktəbi Gorusun Şurnuxu kəndində bitirib. 1971–1972-ci illərdə Mingəçevir şəhərindəki Politexnik texnikumunda təhsil alıb. 1975-ci il Rusiyada milis sistemində işə düzəlib. Sonralar orta milis məktəbi, Omsk şəhər Ali Milis Məktəbi və SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb. 1988-ci ildə DQMV Daxili İşlər İdarəsi rəisinin müavini, elə həmin ilin payızında isə Sumqayıt Şəhər Daxili İşlər İdarəsini rəis müavini təyin edilib. 1991-ci ildə Azərbaycan Ali Sovetinə xalq deputatı seçilib. 1992-ci il 24 fevralda Azərbaycanın müdafiə naziri, 21 gün sonra, yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub. İki aydan sonra 38 yaşlı general sərəncama göndərilib.

T.Əliyev 30 iyul 1993-cü ildən 10 yanvar 1995-ci il tarixinə kimi Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri vəzifəsində işləyib. Hazırda ehtiyatda olan generaldır.

***

1995-ci il yanvar ayının 17-də Prezident Heydər Əliyevin fərmanı ilə Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Əmək fəaliyyətinə 1978-ci ildə “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində başlayıb, texnik və geoloq vəzifələrində çalışıb.

1995-ci ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sədri təyin edilən K.Heydərov 17 yanvar 1995-ci il tarixində Prezident İlham Əliyev tərəfindən tutduğu vəzifədən azad edilib. 2006-ci ilin fevral ayında K.Heydərov fövqəladə hallar naziri təyin edilib.

****

Daha sonra Dövlət Gömrük Komitəsinə Aydın Əliyev rəhbərlik edib. O, həmin vəzifəyə 6 fevral 2006-cı ildə gətirilib.

Aydın Əli oğlu Əliyev 1957-ci ildə anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlayıb.

1980-1992-ci illərdə Ədliyyə Nazirliyində, Dövlət Arbitrajında, Ali Məhkəmədə müxtəlif vəzifələr daşıyıb.
1992-ci ildə Dövlət Gömrük Komitəsində işə düzəlib, 1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına qədər Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsini tutub.

Aydın Əliyev 6 fevral 2006-cı ildən 23 aprel 2018-ci il tarixinə kimi Dövlət Gömrük Komitəsinin sədri işləyib.

***

2018-ci ilin 23 aprelində Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. S.Mehdiyev həmin təyinatadək Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışırdı.

S.Mehdiyev 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kənd kolxozunda başlayıb.

Bir müddət sonra isə gömrük sistemində işə keçib. Sonrakı illərdə gömrük sistemindəki vəzifə pillələrində sürətlə irəliləyən Səfər Mehdiyev Dövlət Komitəsində sədr postuna keçməklə gömrük xidməti general-polkovniki rütbəsinə layiq görülüb.

16 iyul 2022-ci il tarixində Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi sədri vəzifəsindən kənarlaşdırılıb.

***

Hazırda Dövlət Gömrük Komitəsi sədri vəzifəsini Şahin Bağırov icra edir. O, 2022-ci ilin iyulun 18-də ölkə başçısının sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini və sədrin səlahiyyətlərini icra edən təyin edilib.

Şahin Bağırov 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub.
1986-cı ildə Rusiyadakı Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
İkinci təhsil kimi 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işinin təşkili” fakültəsini bitirib.
2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

Əmək fəaliyyətinə təyinat əsasında Aqrar Sənayə Kompleksi sistemində başlayıb.

1992-ci ildən gömrük sistemində inspektor vəzifəsində fəaliyyətə başlayıb, gömrük sistemində müxtəlif vəzifələrdə çalışıb və Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə qədər yüksəlib.

2018-ci ildə keçmiş sədr Səfər Mehdiyevin təqdimatı əsasında Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

Gömrük xidməti general-leytenantı Ş.Bağırov 4 ildən sonra yenidən Dövlət Gömrük Komitəsinə yüksək vəzifəyə qaytarılıb.