“Gömrük Komitəsi yığdığı hər manat vətəndaşın cibindən gedir”- Natiq Cəfərlibackend

“Gömrük Komitəsi yığdığı hər manat vətəndaşın cibindən gedir”- Natiq Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu yaxınlarda mətbuata açıqlamasında bildirib ki, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-mart ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 119,55 % əməl edib. Nəzərdə tutulan proqnozdan əlavə 153,5 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.

 Tia-az xəbər verir ki, tanınmış  iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə hesabında bu açıqlamaya münasibət bildirib. Natiq Cəfərlinin sözügedən statusunu olduğu kimi təqdim edirik:

“Bu adam belə danışanda havalanıram da, elə bil özəl müəssisə direktorudur, elə bil şirkət rəhbəridir, sanki istehsal edir, beyni, ağlı, biliyi ilə pul qazanır ki, fəxrlə belə bəyanat verir.

Ay müəllim, Gömrük komitəsi yığdığı hər  manat mənim – vətəndaşın cibindən gedir. Hə, Siz, guya, mesaj verirsiz ki, baxın ha, daha düz işləyirik, çox pul yığırıq, bizə dəyməyin, ləğv etməyin, Super. Nazirliyə birləşdirməyin – bu da absurddur. Çünki Gömrük Komitəsi insanların canını boğazına yığıb bütün növ mallara xaricdə alınan RƏSMİ qaimələri (invoice) tanımır, özündən hoqqa çıxardıb mala qiymət qoyur, şişirdilmiş qiymətlə rüsum hesablayıb insanları yükləyir, sonra da çıxıb pandemiya, iqtisadi aktivliyin azaldığı dövrdə daha çox pul yığdığını deyir.

Birdəfəlik bilin: İş adamı rüsumu cibindən vermir, bütün xərcləri malın qiymətinin üzərinə gəlir, son ödəyici vətəndaş olur. Siz yuxarıların xoşuna gəlmək üçün camaatdan plandan artıq yığdığınız pula görə bazarda qiymətlər də artır – anlayırsız bunu?!”

Aytac Sahəd

TİA.AZ