Tribuna İnformasiya Agentliyi

Gömrük Komitəsinin sədri “inhisarçılıq yoxdur” deyir, sabiq deputat isə… – CAVAB

27 Dekabr

Xəbər verildiyi kimi, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı Azərbaycanda inhisarçılığın olmadığını bildirib.
“Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Bu, mümkün olan şey deyil. Belə fakt varsa, birini göstərin”.
DGK sədri inhisarçılığın 1 faizini göstərən olacağı təqdirdə istefaya gedəcəyini bildirib: “Gömrük sistemində hər hansı məhsulun inhisarçılığı mümkün deyil. Biz malların ixracı ilə məşğul olmağa şərait yaradırıq. Kimsə elə bilir ki, mən inhisarçılığı qoruyuram. Xeyr, biz daxili bazarı qoruyuruq. Daxili bazarı və yerli istehsalı qorumaq məqsədi ilə hansısa xammalın rüsumlarını aşağı salırıqsa, bu da Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilir”.
Sabiq deputat, tanınmış iqtisadçı Nazim Bəydəmirli Yeniavaz.com saytına açıqlamasında inhisarçılığın olmaması barədə fikirlərə belə münasibət bildirib: “İnhisarçılıq mahiyyət etibarı ilə ləğv oluna bilməz. Gömrük Komitəsi adi bir şirkətin qaiməsini qəbul etmirsə, hətta bank hesabı ilə ödəniş edilibsə belə gömrük rüsumunun və əlavə dəyər vergisinin alınması üçün bazar qiyməti tətbiq edirsə, deməli, insan amili faktı var. İnhisarçı şirkət hətta qaiməni dəyişmiş olsa belə, ona yaşıl xətlə malının çıxarılmasına imkan verilir. Adi bir sahibkar – hansıki arxasında məmur yoxdur və ya inhisarçı şirkət deyil, o bir malı gətirərkən hətta sübut belə etsə ki, malın dəyərini bank hesabı ilə ödəyib, bank ödənişləri var, onun qaiməsini qəbul etmirlər və deyirlər ki, yox, bu mal yuxarı qiymətədir və sən onun görmük rüsumunu və əlavə dəyər vergisini bu qiymətdən ödəməlisən. Ancaq inhisarçı şirkət eyni malı, eyni ölkədən gətirirsə, onun qaiməsinə heç baxmırlar da, bəyan etdiyi qiyməti qəbul edirlər. Bir sahibkar eyni mala görə daha çox vəsait ödəyir, digər sahibkar isə daha az. Çünki burada insan faktoru var. Əgər vətəndaş gömrükdə təmasda olursa, gömrük əməkdaşı onun bəyannaməsini günlərlə saxlaya bilirsə, deməli, burda inhisarçılıq mövcuddur”.
“Azərbaycan üzərindən başqa ölkələrə mal göndərmək məsələsini araşdırın. Rusiyadan gələn taxtanı hansı şirkət, hansı qiymətə rəsmiləşdirir, bunu araşdırın. Rəqəmlər açıqlanmadığına görə, şəffaf olmadığına görə bilmək olmur A şirkəti eyni malı hansı qiymətə gətirib, B şirkəti eyni mala görə nə qədər ödəmə edib. Yəni inhisarçılığın forması dəyişib. Əvvəllər brokerlər gömrük orqanlarının həndəvərində və ya içərisində otururdularsa, sonra onların oradan çıxarılması proseduru başladı. Bunu açıq göstərdilər ki, guya brokerlər olmur, birbaşa vətəndaşların, şirkətlərin özləri mallarını bəyan edəcəklər. Hazırda eyni malı A şirkəti bir qiymətə gətirir, B şirkəti başqa qiymətə. Onların rəsmiləşdirilməsində olan fərq inhisarçılığın yeni metodudur. Bununla bağlı sosial şəbəkələrdə də videolar var. Hətta dəftərxana məhsullarını gətirən şəxslər bunu videolarla, adlar çəkə-çəkə gündəmə gətirirlər.
İnhisarçılığın necə qorunması ilə bağlı sizə bir misal da deyim. Bildiyiniz kimi, idxal mallarının kodları var. Gömrük Məcəlləsində, gömrük tariflərində də qeyd olunub – kodlara görə mala 5 faiz də tətbiq etmək olur, 10 faiz də, 15 faiz də. Hətta qaimədə, bəyannamədə yazılsa belə, Gömrük Komitəsinin əməkdaşları tətbiq edəndə kodu dəyişik tətbiq edirlər. İnhisarçı şirkətə gömrük rüsumunu 5 faizdən tətbiq edirlər, həmin kodla olan adi sahibkarın malını 10 faizlə, 15 faizlə. İnhisarçılığın yeni növləri bunlardır.
Uzağa getmək lazım deyil, götürün Gürcüstanı, mal idxal edilən zaman o ölkənin sahibkarı heç gömrük əməkdaşını belə görmür, elektron bəyannaməsini sistemə göndərir, həmin malın gömrük rüsumu, vergisi varsa, onu ödəyir və yük maşınının gömrük terminalına getməsinə də ehtiyac yoxdur, birbaşa yük boşaldılacaq anbara, ya da alıcının ünvanına yönləndirilir. Bu proseduru hətta malın ölkənin gömrük sərhəddini keçmədən edilməsi də mümkündür, çünki bu ölkədə bizdəki kimi Gömrük Komitəsi deyilən bir “icazə verən” qurum yoxdur, illər öncə ləğv olunub və xidmət orqanı olaraq Maliyyə Nazirliyinin bir departamenti kimi fəaliyyət göstərir. Azərbaycan da inhisarçılığı ləğv etmək istəyirsə, gec və ya tez bu yolu keçməlidir”,-deyə Nazim Bəydəmirli bildirib.