Tribuna İnformasiya Agentliyi

Gömrük Komitəsi 350 ton kartofu niyə saxlayıb? – Bir işdə iki nömrə – FOTOFAKT

10 Yanvar

Ötən gün mətbuatda bir qrup Azərbaycan vətəndaşı tərəfindən ölkəyə idxal olunan kartofun gömrük məntəqəsində saxlanılmasından və həmin şəxslərin buna etriraz edərək Azərbaycan Prezidentinə müraciət etməsindən bəhs edən məlumat yayılıb. Yeniavaz.com xəbər verir ki, Prezidentə müraciət edən sahibkarlar bildiriblər ki, onlara məxsus 350 tondan artıq olan yük 15 gündən artıqdır ki, Dövlət Gömrük Komitəsi tərəfindən hər hansı rəsmi səbəb göstərilmədən saxlanılıb. Sahibkarlar bildiriblər ki, ümümu dəyəri 250 min manatdan artıq olan məhsulun xarab olma riski var və onlar hər gün yüklərin gömrükdə saxlanılma xərci üçün 1500 manata yaxın məbləğ ödəyirlər.
Sahibkarlar ölkə prezidentinə müraciətlərində qeyd ediblər ki, Komitəyə saysız-hesabsız müraciətlərinə baxmayaraq, onlara nə rəsmi səbəb göstərilir, nə məhsullarının geri qaytarılmasına qərar verilir, nə də hansısa ağlabatan cavab verilir.

Bir iş, iki nömrə…
Sahibkarların müraciəti mətbuatda dərc olunduqdan sonra Dövlət Gömrük Komitəsi tərəfindən açıqlama verilərək bildirilib ki, prezidentə şikayət ünvanlayan şəxslərə məxsus kartof məhkəmə qərarı əsasında saxlanılıb. Komitənin məlumatında qeyd olunur ki, adları çəkilən şəxslərin müraciətə əlavə etdikləri sənədlərdən aydın olur ki, idxal etdikləri mal “NB GROUP” MMC tərəfindən ölkəyə gətirilib: “Müraciətlərində şirkətlərini “rəsmi qeydiyyatdan keçmiş və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən şirkətlərdən biri” kimi təqdim etsələr də, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin “NB GROUP” MMC-yə ünvanlandığı 21 dekabr 2018-ci tarixində keçirilən məhkəmə iclasının Qərardadında yazılanlar sahibkarların dediyi ilə üst-üstə düşmür. Qərardaddan aydın olur ki, “NB QRUP” ASC adlı hüquqi şəxsin nümayəndəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə “NB GROUP” MMC–yə qarşı ona məxsus adın oxşarından istifadə etdiyinə, bu ad altında satışla məşğul olduğuna və bununla da şirkətə 200000 min manat zərər vurduğuna dair iddia ərizəsi ilə müraciət edib. Həmin iddia ərizəsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı Qərardadda qeyd edilir ki, cavabdeh “NB GROUP” MMC tərəfindən gömrük nəzarəti orqanlarında iddiaçının istifadəsində müstəsna hüququ olan “NB QRUP” ASC-nin oxşarı adı altında Azərbaycan Respublikasına idxal və ixrac olan malların keçirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilsin”.
Məlumat üçün qeyd edək ki, Dövlət Gömrük Komitəsi açıqlanan malumata 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı Qərardadın surətini də əlavə edib. Lakin, qeyd edək ki, “Elektron məhkəmə sistemi”ndə (e-mehkeme.gov.az) Gömrük Komitəsi tərəfindən paylaşılan Qərardad barədə məlumat mövcud deyil.
Halbuki ki, Azərbaycan Prezidentinin 13 fevral 2014-cü ildə imzaladığı “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncamın tələblərinə görə, məhkəmə işləri, məhkəmə iclasları və məhkəmə aktları barədə məlumatlar elektron məhkəmə sistemində yerləşdirilməlidir.
Eyni zamanda qeyd edək ki, “NB QRUP” ASC-nin iddiaçı olduğu “NB GROUP” MMC-nin isə cavabdeh olduğu məhkəmə işinin nömrəsi də “Elektron məhkəmə sistemi”ndə Gömrük Komitəsi tərəfindən paylaşılan Qərardaddakı iş nömrəsindən fərqlidir. “Elektron məhkəmə sistemi”ndə Gömrük Komitəsi tərəfindən paylaşılan Qərardaddakı “2-2(82)-1592/2018” saylı iş nömrəsinə uyğun heç bir məlumat mövcud deyil. Barəsindən bəhs etdiymiz məhkəmə işi “Elektron məhkəmə sistemi”ndə “2-2(82)-271/2019” saylı iş nömrəsilə qeydə alınıb. “Elektron məhkəmə sistemi”ndə qeydə alınan “2-2(82)-271/2019” saylı məhkəmə işində açıq şəkildə göstərilir ki, bu iş icraatdadır və 06.02.2019-cu il tarixində saat 14:00-da hakim Xaliq İmanovun sədrliyi ilə Məhkəmə baxışı keçirləcək. Komitənin paylaşdığı 21 dekabr tarixli Qərardad barədə isə qeyd etdiyimiz kimi “Elektron məhkəmə sistemi”ndə məlumat yoxdur.
Maraqlıdır ki, Prezidentə müracət edən şəxslər də öz müraciətlərində qeyd edirlər ki, 15 gündən artıqdır ki, Gömrük Komitəsindən mallarının saxlanılması ilə bağlı onlara rəsmi münasibət bildirilmir. Əgər Qərardad dekabr ayının 21-də qəbul olunubsa, o zaman sahibkarlar niyə iddia edirlər ki, onlara rəsmi cavab verilməyib?
Diqqət çəkən məqamlardan biri isə odur ki, məsələdə adı keçən tərəflər mövzuya münasibət bildirmək istəmədilir. Sahibkarların Prezidentə etiraz müraciətini yayımlayan mətbuat orqanından bildirdilər ki, həmin şəxslər mətbuata bundan artıq məlumat vermək istəmirlər. Məhkəmədə iddiaçı kimi çıxış edən  “NB QRUP” ASC-dən, “Elektron məhkəmə sistemi”ndən,  2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Xaliq İmanovdan və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovdan münasibət öyrənmək cəhdlərimiz isə bir-neçə dəfə zəng etməyimizə baxmayaraq baş tutmadı.