Tribuna İnformasiya Agentliyi

General Sübahir Qurbanov 14 illik cəzasının dəyişdirilməsini istəyir

07 May

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə növbəti məhkəmə iclası başlayır.

Musavat.com xəbər verir ki, Sübahir Qurbanov aldığı cəzadan narazı qalıb və apellyasiya şikayəti verib.

Digər təqsirləndirilən şəxslərin də cəzalarının azaldılması üçün məhkəməyə müraciət etdiyi bildirilir.

Xatırladaq ki, təqsirləndirilən şəxslərin işinə Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyada Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılıb.

Hökmə əsasən general Sübahir Qurbanov 14 il, Teymur Quliyevin 12 il, Füzuli Əliyev 14 il, Natiq Əliyev 10 il 6 ay, Zaur Məmmədov 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Fərhad Atayev və Elşad Əzizov barəsində 3 il sınaq müddəti olmaqla 70-ci (şərti) maddə tətbiq edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Ev dustaqlığında olan general Natəvan Mürvətova barəsində də şərti cəza təyin edilib, 5 il sınaq müddəti olmaqla şərti cəza çıxarılıb.

İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvləri sahibkarlara psixi və fiziki zorakılıq göstərməkdə, sərbəst buraxılmaları müqabilində həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul tələb etmədə ittiham edilirlər.