General NATO-nun medalını şəhid zabitin oğluna təqdim etdi – VİDEObackend

General NATO-nun medalını şəhid zabitin oğluna təqdim etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun şəhid zabiti mayor Rəhim Qədir oğlu Hüseynov 2020-ci ilin yekunları üzrə NATO-nun “Ləyaqətli xidmət” medalı ilə təltif olunub.

TİA.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, medal Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev tərəfindən şəhid qəhrəmanın böyük oğlu Hikmətə təqdim edilib.

Kərim Vəliyev onu qorxmaz, cəsur bir döyüşçü, yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik intellektual səviyyəli zabit, tabeliyində olan şəxsi heyətin qayğıları ilə yaşayan, hər bir əsgər və zabitin sevgisini qazanan komandir kimi xarakterizə edib. Şəhidin valideynlərinə Vətənə belə bir məğrur oğul tərbiyə etdikləri üçün dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, mayor R. Hüseynov Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında 2020-ci il yanvarın 21-dən 2020-ci il avqustun 12-dək Azərbaycanın Sülhməramlı Kontingentinin, eyni zamanda, Hamid Karzai beynəlxalq hava limanında “NKIA” Qüvvə Mühafizəsi Qrupu Taborunun komandir müavini və komandiri vəzifələrini icra edib.

NATO-nun Baş katibi Yens Stoltenberqin imzaladığı sənəddə göstərilir ki, mayor Rəhim Hüseynov NATO-da təyin olunduğu vəzifəsinin icrası ərzində müstəsna xidmətinə görə NATO-nun “Ləyaqətli xidmət” medalı ilə təltif olunub. O, özünə böyük şərəf gətirən və Alyans tərəfindən təmsil olunan hər kəsin ehtiram və minnətdarlığını qazandıran mükəmməl liderliyini nümayiş etdirməklə, Alyansın ən gözəl ənənələrini qoruyub saxlayıb.

Mayor Rəhim Hüseynov sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı mayor komandiri olduğu Sülhməramlı qüvvələr taborunun şəxsi heyəti ilə birlikdə işğal altında olan ərazilərin azad edilməsi uğrunda döyüşlərdə şəxsi qəhrəmanlıq və şücaət nümunələri göstərib. Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda hərbi əməliyyatlarda düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Prezidentin sərəncamıyla “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edib.