Gənclər birlikdə xəstəliklərə “YOX” dedilər-FOTObackend

Fevralın 24-də Azərbaycan Texniki Universitetində Azərbaycan Gənclər Fondunun dəstəyilə Aygül Niftiyevanın rəhbəri olduğu “Sağlam Nəsil-Sağlam Gələcək” layihəsinin açılış mərasimi baş tutub.

Tədbirdə çıxış edən Aygül Niftiyeva bildirib ki, layihənin keçirilməsində məqsəd gənclərin tibbi biliklərinin artırılmasına nail olmaq, xəstəliklər haqqında onlara müfəssəl məlumat verməkdir.

Tədbirdə iştirak edən Sosial Media Mərkəzinin direktoru, jurnalist Azər Niftiyev qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi önəmlidir: “Çünki son dövrlər xəstəliklər sürətlə artır. Nə qədər acı olsa da, bəzən gənclər də müxtəlif xəstəliklərin daşıyıcıları və qurbanları olurlar”.

Tədbirin təlimçisi, Fransada təhsil almış və çalışmış, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Dr. Araz Bayramov əvvəlcə gəncləri salamlayıb və onlara ətraflı məlumat verib.

Doktor söyləyib ki, son dövrlər koronovirus cəmiyyəti daha çox narahat edir və bu virus heç də hamının düşündüyü kimi, həmişə öldürücü deyil. Əsasən yaşlı və immunitet böhranı keçirən insanlarda bu virusun çox ağır fəsadlar törətdiyini deyən A.Bayramov əlavə edib ki, kütləvi olduğuna görə, koronovirusa maraq artıb: “Əslində isə ondan da ağır xəstəliklər var ki, bu gəncləri narahat etmir”.

Daha sonra tədbir sual-cavab formatında davam etdirilib. Tədbirə qatılan tələbələrə sertifikatlar və çap materialları paylanıb, çay süfrəsi arxasında müzakirələr davam edib.