Tribuna İnformasiya Agentliyi

Gəncədə yeni avtovağzal kompleksi

04 Noyabr

Gəncədə yeni Avtovağzal kompleksinin açılışı olub. 

Gəncədə yeni Avtovağzal kompleksinin açılışı olub.


Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri və sahibkarlar iştirak ediblər. 

İcra başçısı Elmar Vəliyev kompleks əməkdaşlarını və ictimaiyyət nümayəndələrini açılış münasibəti ilə təbrik edib. 

Bildirib ki, gələcəkdə kompleksdə 1.200 nəfərdən çox işçi çalışacaq. Bu gün ilkin mərhələnin açılışıdır və kompleks 2017-ci ilin ortalarına kimi tam istifadəyə veriləcək.

Elmar Vəliyev Gəncə şəhərində belə bir kompleksin istifadəyə verilməsini Prezident İlham Əliyevin gəncəlilərə, sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. 

Vurğulayıb ki, Gəncə şəhərində müxtəlif sahələrdə həyata keçirilən infrastruktur lahiyələri, tikinti quruculuq işləri şəhərə yeni nəfəs verib. Son 6 ildə Gəncədə çox böyük işlər görülüb və növbəti ildə də bu işlər davam etdiriləcək.

Kompleksin direktoru Zaur Ələkbərov çıxışında diqqətə çatdırıb ki, ümumilikdə 25 hektar ərazidə inşa edilən kompleksin nəzdində inşaat materialları və avtomobil satışı mərkəzi də fəaliyyət göstərəcək. 

Avtovağzaldan Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy istiqamətinə reyslər təşkil olunacaq. Sərnişinlərə ilkin mərhələdə 15-18 nəfərlik orta tutumlu 180 avtobus xidmət göstərəcək. 

Yaxın zamanlarda 24 saat fəaliyyət göstərəcək kompleksdən Naxçıvan, Gürcüstan,Türkiyə, Rusiya və İrana avtobus reysləri təşkil olunacaq.

Sahibkar, AKP şirkətinin müdiri Vüqar Cəfərov sahibkarlara və sahibkarlığın inkişafına yaratdığı şəraitə görə Ölkə başçısı İlham Əliyevə sahibkarlar adından minnətdarlıq bildirib. 

Gəncəli sahibkarların şəhərin inkişafına dəstək verəcəklərini qeyd edib.

Rəmzi qırmızı lent kəsildikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və qonaqlar kompleksdə yaradılan şəraitlə tanış olub. 

Məlumat verilib ki, binada sərnişinlər üçün gözləmə zalı, biletlərin alınması məqsədilə kassalar, xidməti otaqlar, yeməkxana və.s yerləşir. Bununla yanaşı kompleksdə ticarət mərkəzi fəaliyyət göstərir.

Tikilidə 300 nəfərlik gözləmə zalı, ibadət otağı, tibb otağı, polis postu, ana və uşaq otağı, sərnişin və sürücülərin dincəlməsi məqsədilə müxtəlif otaqlar var. 

Avtobus və mikroavtobusların gözləməsi məqsədilə perronlar, onların yuyulması və avtomobillərə servis xidmətinin göstərilməsi məqsədilə xüsusi məkanlar inşa edilib.

Avtovağzal kompleksinin ətrafı abadlaşdırılıb, geniş yaşıllıq zolağı salınıb.