backend

Gəncədə gənclərin forumu keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə I Sosial Media Forumu layihəsinin açılış mərasimi olub. 

Gəncədə şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə I Sosial Media Forumu layihəsinin açılış mərasimi olub.

Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, millət vəkili Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, şəhər rəsmiləri, gənclər və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev Forum iştirakçılarını salamlayıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğı xüsusi yer tutur və 2 Fevral Gənclər Gününün təsis edilməsi bunun parlaq nümunəsidir.

Bu siyasəti uğurla davam etdirən Prezident cənab İlham Əliyevin gənclərə hərtərəfli qayğısı sayəsində gənclərin yüksək təhsili, ictimai-siyasi fəallığı, dövlət quruculuğu işində yaxından iştirakı üçün hər bir şərait yaradılıb. Gəncə daim inkişafdadır. Aparılan genişvüsətli, möhtəşəm abadlıq-quruculuq işləri, keçmişlə müasirliyin vəhdətini qoruyub saxlayan tikililər, istirahət və əyləncə mərkəzləri gənclərin fəallığının yüksəlməsində, eləcə də onların vətənpərvərlik tərbiyəsində, milli-mənəvi dəyərlərimizə hörmət və rəğbət hissinin aşılanmasında mühüm rol oynayır.

Gənclər də bu şəraitdən yararlanaraq dövlətimizə və dövlətçiliyimizə öz sadiqliyini nümayiş etdirməli, hər sahədə olduğu kimi, virtual aləmdə, sosial şəbəkələrdə, informasiya sahəsində də fəallıq göstərməli, dövlətin həyata keçirdiyi tədbirlər, eləcə də Azərbaycanın üzləşdiyi problemlər haqqında məlumatların, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etməlidirlər.

Millət vəkili Pərvin Kərimzadə çıxış edərək bildirib ki, Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanaraq, həm öz inkişafını təmin etməsi, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə etməsi üçün ciddi iradə ilə çalışmaqdır.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov Gəncədə olmaqdan şad olduğunu bildirib. Prezident cənab İlham Əliyevin göstərişlərini daim rəhbər tutan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin şəhərə, həmçinin gənclərə göstərdiyi xüsusi diqqətdən danışıb.

Qeyd edib ki, müasir dövrdə sosial medianın önəmi günü-gündən artmaqdadır. Xüsusilə Xocalı soyqırımının tanıdılmasında, Dağlıq Qarabağ həqiqətlərinin işıqlandırılmasında Yeni Azərbaycan Partiyasının gəncləri sosial mediada çox fəaldırlar. Bizi istəməyən bəzi qüvvələr özlərinin media orqanlarında Azərbaycana qarşı haqsız yazılar, yalan məlumatlar dərc edirlər. Gənclərimiz sosial media vasitəsilə bu haqsızlıqlara rəy bildirir, tutarlı cavablar verirlər. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 260 mindən çox üzvü var və onun 21 minə yaxını Gəncə Şəhər Təşkilatında toplanıb. Biz də gənclərin təşəbbüsü ilə bu layihəni reallaşdırmağı qərara aldıq. Layihə 2 gün davam edəcək, sonda iştirakçı gənclərə sertifikatlar veriləcək.

Seymur Orucov bildirib ki, layihənin əsas məqsədi son zamanlarda sosial şəbəkələrdə baş verən hadisələrin gənclər tərəfindən düzgün qiymətləndirilməsinə, onların sosial şəbəkələrdən düzgün istifadəsinə yardımçı olmaqdır.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Gəncənin son illər qazandığı statuslardan, gənclərlə bağlı şəhərimizdə keçirilən layihələrdən danışıb. Bildirib ki, beynəlxalq tədbirlərdə, festivallarda, forumlarda iştirak etmək üçün bu gün Avropanın müxtəlif ölkələrindən yüzlərlə gənc Gəncəyə səfər edir, onun zəngin mədəniyyəti, qədim tarixi ilə yaxından tanış olurlar. Əlbəttə, bu şəhərimiz üçün çox böyük uğur və eyni zamanda böyük məsuliyyətdir.

Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov ölkədə kütləvi informasiya vasitələrinin inkişafı, söz, mətbuat azadlığının təmin edilməsi istiqamətində həyata keçirilən mühüm işlərdən danışıb. Medianın ən kütləvi təsir vasitəsi olduğunu bildirən Kənan Məmmədov bu cür layihələrin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Çıxış edən təlimçilər 2 gün ərzində gənclərin iştirakı ilə keçiriləcək təlimlər haqqında məlumat verib, onlara uğurlar azulayıb. Sonda Gənclərin hazırladıqları videoçarx nümayiş edilib, xatirə şəkilləri çəkilib.