Gəncə Beynəlxalq Xəstəxanasından Prezidentə ŞİKAYƏTbackend

Gəncə Beynəlxalq Xəstəxanasından Prezidentə ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı ş. Sabunçu r.Bakıxanov qəs. Aşıq Alı küç. ev-5-də yaşayan Məmmədova Aybəniz Şəmşad qızı tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Narazı vətəndaş yazır:
“Möhtərəm Cənab Prezident və çoxhörmətli Birinci Ledi!
Artıq 5-ci dəfədir ki, rəsmi ərizə ilə həm Sizlərin, həm də əlaqədar təşkilat Rəhbərlərinin diqqətlərinə çatdırıram ki, Gəncə Şəhərində yerləşən Gəncə Beynəlxalq Xəstəxanasının baş həkimi İlyas Həsənov və müalicə həkimi, Türkiyə vətəndaşı Süleyman Lütfi Dinçer cinayət əlaqəsinə girərək 10.000 (on min) manat pulumuzu mənimsəyib və həyat yoldaşımın ölümünə səbəb olublar. Bununla bağlı etdiyim çoxsaylı şikayət ərizələrimlə bağlı bu günə kimi məni heç bir orqan, təşkilat dəvət edib yazdıqlarımla maraqlanmayıb, Gəncə Beynəlxalq Xəstəxanasına ödədiyim 10.000 (on min) manat pulumu qaytarmayıb, mərhum həyat yoldaşımın ölümünə səbəb olan İlyas Həsənov və Süleyman Lütfi Dinçerlə bağlı cinayət işi qaldırılmayıb. Həyat yoldaşımın Gəncə Beynəlxalq Xəstəxanasında həkim səhlənkarlığı, həkim yarıtmazlığı, həkim savadsızlığı ucbatından vaxtsız vəfatından sonra adı çəkilən Xəstəxananın baş həkimi İlyas Həsənov və müalicə həkimi Süleyman Lütfi Dinçer bu günə kimi məni qəbul edib dinləməmişlər, ödədiyim 10.000 (on min) manatımı qaytarmamışlar.
Mənə və ailəmizə qarşı sərgilənən bu özbaşınalıqların, bu qanunsuzluqların, bu mənimsəmələrin başında dayanan Gəncə Beynəlxalq Xəstəxanasının yarıtmaz, bacarıqsız, təcrübəsiz və savadsız baş həkimi İlyas Həsənovun arxasında Vergilər naziri Fazil Məmmədov dayanıb, havadarlıq etdiyinə görə mənim haqlı şikayətlərimə baxan yoxdur, yazdıqlarım bilərəkdən qulaqardına vurulur. Hətta bu barədə Vergilər naziri Fazil Məmmədova bir neçə dəfə həm yazılı, həm şifahi müraciətlərim, ərizələrim ünvanlansa da heç bir müsbət nəticəsi olmamışdır. Həyat yoldaşımı məhz İlyas Həsənov və Lütfi Dinçer kimi həkimlik peşəsinə ləkə olanların ucbatından itirdiyimdən sonra başına gətirilən bu qeyri-qanuni olayların ictimailəşdirilməsinə də nail oldum, müxtəlif saytlarda çıxışlar etdim və yenə də müsbət nəticə ilə rastlaşmadım. Nə qədər ki, Gəncə Beynəlxalq Xəstəxanasının qeyri-qanuni sahibi Vergilər naziri Fazil Məmmədovdur, nə vaxta kimi İlyas Həsənova Fazil Məmmədov kimilər hamilik edəcək o vaxta kimi də mənim kimi Azərbaycan vətəndaşları haqq-ədalət axtaracaq, halal pulunu ala bilməyəcək, vaxtsız əzizini, həyat yoldaşını itirəcək…
Möhtərəm Cənab Prezident və çoxhörmətli Birinci Ledi! Yenidən Sizlərə müraciət edərək bildirmək istəyirəm ki, 2016-cı ilin may ayının əvvəllərində mərhum həyat yoldaşım Məmmədov Qərib Əli oğlunun səhhətində yaranmış xəstəliklə bağlı həkimlərə müraciət edəndə qohumlarımızın məsləhəti ilə mərhum həyat yoldaşımı Gəncə Şəhərində yerləşən özəl Gəncə Beynəlxalq Xəstəxanasına aparmalı oldum. Xəstəxanada bizi qarşılayan türkiyəli həkim Süleyman Lütfi Dinçer iştirakımızla xəstəni müayinə edib, yoxlayandan və analizlərin cavabı ilə tanış olandan sonra tam əminliklə bizləri və xəstəni inandıra bildi ki, xəstə 20 günə sağalaraq ayaq üstə duracaq və zəhmətimiz hədər getməyəcək. Lakin xəstənin müalicəsi üçün xəstəxananın hesabına 10.000 (on min) manat pulun ödənilməsini bildirən həkim Süleyman Lütfi Dinçerin dediyi kimi edib həmin məbləği ödəyib qəbz də aldıq. İlk günlər yəni, 24.05.2016-cı il tarixdən başlanılan müalicə qənaətbəxş və normal davam etdirilsə də, bir neçə gündən sonra Xəstəxanaya İlyas Həsənov kimi heç bir təcrübəsi və savadı olmayan, baş həkim təyin olunandan sonra Gəncə Beynəlxalq Xəstəxanasında hər şey alt-üst oldu. Və nəticədə xəstəmizə nəinki ögey münasibət, heç palatasına girib maraqlanan belə olmadı. Bununla da müalicəsi yarımçıq qalan mərhum həyat yoldaşım 10.06.2016-cı il tarixdə vəfat etdi. Həyat yoldaşımın vəfat etməsinin əsas səbəbi baş həkim İlyas Həsənovun qeyri-peşəkarlığı, savadsızlığı, pula hərisliyi və bir də müalicə həkimi Süleyman Lütfi Dinçerlə prinsip aparması, qeyri-qanuni rəqabət aparması səbəb olmuşdur. Dünyanın heç bir yerində belə hadisənin olması mümkün deyildir. Çünki cəmi 10 gün müddətinə xəstəmiz üçün ödənilən 10.000 (on min) manat pul vəsaitdən heç cüzi hissəsi də dərman və müalicəyə sərf edilməyibsə, həmin məbləğ qaytarılmalıdır. Amma bu baş vermədi!..
Doğmasını itirmiş kimi heç bizləri xəstəxanada saya salan belə olmadı. Nə baş həkim, nə də müalicə həkiminin gözə dəyməməsi, bizlərdən qaçıb gizlənməsi, telefon zənglərimizə cavab verməməsi və nəticədə qohumlarımızdan borc alıb ödədiyimiz 10.000 (on min) manat pulumuzu mənimsəmələri heç cür başa düşülən deyildir, qanunsuzdur, Allahsızlıqdır!!!
Möhtərəm Cənab Prezident və çoxhörmətli Birinci Ledi! Sizlərdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimə əsasən Gəncə Beynəlxalq Xəstəxanasının baş həkimi İlyas Həsənov və həkim Süleyman Lütfi Dinçer barələrində qanuni tədbir görülərək cinayət məsuliyyətinə cəlb edilməsi və ödədiyimiz 10.000 (on min) manat halal pulumuzun özümüzə qaytarılması barədə əlaqədar təşkilat rəhbərlərinə göstəriş verəsiniz”.İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq… //Miq.az//