Gənc oğlan arvadını xəyanətdə ittiham etdi, sonra başına oyun açdı – TƏFƏRRÜATbackend

Gənc oğlan arvadını xəyanətdə ittiham etdi, sonra başına oyun açdı – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda 1992-ci il təvəllüdlü Teymur şəxsi münasibətlər zəminində yaranan münaqişə zəminində həyat yoldaşı Leylaya (adlar şərti verilib – red.) xəsarət yetirib. TİA.AZ xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonunun Məmmədli kəndində baş verib. Teymur yaşadığı evdə qisqanclıq zəminində Leyla ilə mübahisə edib.

Mübahisə zamanı Leylaya təpiklə çoxsaylı zərbələr vurub. İstintaq orqanı tərəfindən Teymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. İş hakim Vaqif Həsənovun sədrliyi ilə araşdırılıb. Məhkəmədə ifadə verən Teymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Leyla ilə 2013-cü ildə ailə həyatı qurub, birgə nigahdan üç övladları var:

“Hadisə günü Məmmədli kəndində spirtli içki qəbul etdim. Saat təxminən 17.00-da sərxoş vəziyyətdə evə gəldim. Evə gələn zaman Leylanın evin sahibəsi ilə həyətdə əyləşərək söhbət etməsini gördüm. Onu yanıma çağırdım. Həmin vaxt Leyla telefon vasitəsi ilə video çəkdiyi üçün sərxoş vəziyyətdə olduğumdan onun bu hərəkəti mənə pis təsir etdi. Əsəbiləşərək təpik zərbəsi ilə bir dəfə Leylanın burun nahiyəsindən vurdum”. Zərərçəkmiş Leylanın sözlərinə görə, əri Teymur spirtli içki aludəçisidir və tez-tez heç bir səbəb olmadan onunla münaqişələr yaradır:

“Hadisə baş verən günü yaşadığım evin həyətində kirayə qaldığım evin sahibi ilə oturaraq söhbət edən zaman baldızımın əri Elmarın evə daxil olmasını gördüm. Bir neçə dəqiqə sonra isə ərim Teymur gələrək məni evə çağırdı və Elmarın hansı səbəblə onun evinə gəlməsini soruşdu. Elmarın mənim yanıma gəlməsini deyərək iradını bildirdi”.

Zərərçəkmiş şəxs deyib ki, eyni zamanda əri mübahisə yaradıb: “Mübahisə zəminində isə Teymur mənə qarşı təhqiredici ifadələr işlətdi. Təpik zərbəsi ilə burun nahiyəmə vurdu. Həmin vaxt çarpayıda yatmış Elmar səsə görə yuxudan oyanaraq nə baş verməsini soruşdu. Elmara cavab olaraq onun evə gəlməsinə görə Teymurun qısqanclıq etdiyini söylədim. Elmar danışandan sonra isə mənə məlum oldu ki, Teymur Elmarla birgə spirtli içki qəbul edərək evə birlikdə gəliblər. Yolda isə Teymur özü Elmarı evə yola salıb, özü spirtli içki alması üçün mağazaya gedib”. Zərərçəkmiş bildirib ki, əri tərəfindən döyülməsi ilə bağlı xəsarət aldıqdan sonra qardaşı Eyvaza zəng edərək olanları deyib:

“Eyvaz gələrək xəsarət almağımı gördükdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib”. Leyla ifadəsinin sonunda qeyd edib ki, təqsirləndirilən şəxs ilə barışıb, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Teymurun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.