“Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində xüsusi yer tutur”backend

“Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində xüsusi yer tutur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc jurnalist Aytən Nazimqızının “Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində xüsusi yer tutur” adlı məqaləsi Moldovanın tanınmış informasiya agentliyi olan AVA.MD agentliyində dərc olunmuşdur.Həmin məqaləni təqdim edirik:

“Ümummilli lider Heydər Əliyev: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”

Vətənpərvərlik vətənini sevmək və Vətən üçün hər cür fədakarlığı etmək hissləridir. Yəni bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılığıdır. Bu hiss insanda anadangəlmə olsa da, digər bütün hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Bunların yerinə yetirilməsində əsas vasitələrdən biri təlim-tərbiyə prosesidir. Vətənpərvərliyin böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Bu gün milli vətənpərvərlik Azərbaycanın hər bir vətəndaşının, hər bir gəncinin həyatının əsas prinsipidir. Gənclik hər bir dövlətin gələcəyini müəyyənləşdirən əsas inkişaf istiqamətidir. Ona görə də yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsi həm dövlət üçün, həm xalq üçün xüsusi əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, ölkəmizdə bu istiqamətdə böyük işlər görülür. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində respublikamızın hər yerində lazımi işlər görülür. Vətənpərvərlik hissinin yaradılmasında əhəmiyyətli rol oynayan hərbi idman oyunlarının keçirilməsi də təqdirəlayiqdir. Məktəbli uşaqların əsgər forması geyinərək yarışda iştirak etməsi, onların bir anlıq özlərini əsgər kimi hiss etməsinə şərait yaradır.

Belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı işlərin forma və üsullarının müxtəlif və rəngarəng olması da əhəmiyyətli rol oynayır. Orta məktəblərdə “Cəsurlar”, “Şahin”, “Sərhəd” kimi hərbi-idman oyunlarının keçirilməsi gəncləri həm Vətənin müdafiəsinə hazırlayır, həm də onlarda milli mənlik şüurunu formalaşdırır. Bu cür oyunların nəticəsi o yaşdakı yeniyetmələr üçün çox gözəl olur. Məktəblərdə hərbi-vətənpərvərlik şüurunun formalaşması üçün həmin məktəbin məzunları ilə, hərbi xidmətini başa vurub qayıtmış, hərbi xidmətdə fərqlənmiş gənclərlə görüşlərin keçirilməsi də bu yöndə uğurlu addımlardan biri hesab edilir. Hərbçilərlə həmsöhbət olmaq yeniyetmə və gənclərdə ruh yüksəkliyi, vətənə sevgi hislərini dərinləşdirir.

Zənnimcə, hərbçilərin, qazilərin məktəblilərlə bu cür görüşlərinin daha tez-tez keçirilməsi onların vətənpərvər, millətsevər, qorxmaz və mərd bir gənc olaraq yetişməsində çox mühüm rol oynayar. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin də gənclərin parlaq gələcəyə hazırlanmasında böyük rolu danılmazdır. Seymur Orucovun da dediyi kimi, bu gün ölkəmizdə istər hərbi, istər təhsil, istər siyasi, iqtisadi və həmçinin digər bütün sahələrdə təmsil olunan bütün gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hamısı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Ulu Öndər ölkəmizdə hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi gənclərlə bağlı məsələlərə də xüsusi önəm verir və bu sahəyə xüsusi diqqətlə, qayğıyla yanaşırdı.

“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir” deyən Ulu Öndər gənclərə çox qiymət verirdi və bunu da hər çıxışında, nitqində hiss etdirirdi. Gənclərlə dost olmağı yaxşı bacaran Dahi Lider onların inkişafı üçün xüsusi imkanlar yaradırdı. Danılmaz bir faktdır ki, ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir.

Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu.

Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir.

Ümummilli liderimiz Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”. Onun “Azərbaycanın bu günkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” -sözləri hər kəsin, xüsusilə də gənclərin həyat devizinə çevrildi.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində Azərbaycan gəncliyi ictimai bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gəncliyi də öz növbəsində bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Artıq Avropanın gənclər təşkilatları Azərbaycanın dünyada nümunə olan gənclər siyasətindəki təcrübəsini öyrənir və tətbiq edir. Bu, dövlətimizin gənclər siyasətinin qələbəsidir.

Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında, sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.”

TİA.AZ