Tribuna İnformasiya Agentliyi

Gələn ilin sosial xərcləri AÇIQLANDI

08 Dekabr

Gələn ilin sosial müdafiə və sosial sığorta xərcləri açıqlanıb. 

Gələn ilin sosial müdafiə və sosial sığorta xərcləri açıqlanıb.

TİA.AZ-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin bu günkü plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi”nin müzakirəsi zamanı bildirib.

Nazir bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 400,0 mln. manat proqnozlaşdırılır.

“Fondun xərclərinin 37,4 faiz və ya 1 270,0 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 62,6 faizi və ya 2130,0 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək. Dövlət Sosial Müdafiə Fondundan (DSMF) əmək pensiyalarının ödənilməsinə gələn il 3 213,82 mln. manat ayrılması nəzərdə tutulub. Sənədə əsasən, pensiya xərcləri bu illə müqayisədə 2,5 faiz və yaxud 77,72 mln. manat artacaq”.

Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər xərclər 1,5 faiz və yaxud 1,55 mln. manat artırılaraq 104,4 mln. manata, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xərclər 2,7 faiz və yaxud 600 min manat artırılaraq 22,6 mln. manata, hamiləliyə və doğuşa görə xərclər 2,2 faiz və yaxud 600 min manat artırılaraq 28,1 mln. manata, uşağın anadan olmasına görə xərclər 7,5 faiz və yaxud 580 min manat azaldılaraq 7,2 mln. manata, 3 yaşına qədər uşaqlara qulluqla əlaqədar xərclər 2,3 faiz və yaxud 300 min manat artırılaraq 13,4 mln. manata, dəfn üçün xərclər 9,9% və yaxud 1,7 mln. manat azaldılaraq 15,5 mln. manata, işsizliyə görə xərclər isə 15,3 faiz və yaxud 2,33 mln. manat artırılaraq 17,6 mln. manata çatdırılıb.