backend

Gecə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecələr gözünə yuxu getməyəndə 17-ci mərtəbədə yerləşən mənzilində pəncərənin qabağında oturub yuxuda olan şəhərin gecə simasını seyr etməyi xoşlayırdı.   Gecələr gözünə yuxu getməyəndə 17-ci mərtəbədə yerləşən mənzilində pəncərənin qabağında oturub yuxuda olan şəhərin gecə simasını seyr etməyi xoşlayırdı.  

Onun durduğu yerin baxış bucağından baxdıqda, sol tərəfdə ”tikinti bumu” dövründə inşa edilmiş, nəhəng okean laynerini xatırladan iki hündürmərtəbəli “novostroyka”  görünürdü. Əvvəllər geniş bir əraziyə açılan şəhər panoramının qabağını kəsən bu binalar aşağıdakı bapbalaca beşmərtəbələrə, sanki həyətdə gizlənpaç oynayan sevimli balalarına qayğı və nəvazişlə baxan valideyni xatırladırdılar. 

Həmin “xruşşovkalar”  qarın-qarına, iç–içə bir-birinə mehribancasına elə qısılıblar ki, adama elə gəlir, onların damları üzərindən tullana-tullana şəhərin bir başından o biri başına rahatca səyahət etmək mümkündür. Binalardan sayrışan pəncərə işıqları səmada göz vuran ulduzları xatırladır. Onların bəzi yerlərdə xəlvəti sönərək, başqa yerdə qəflətən yanmaları orada insanların müxtəlif həyat əlamətlərindən nişanədir. Bəlkə də gecələr seyr etdiyi, cürbəcür mürəkkəb kombinasiyalar yadaraq bürc formasında insanlara yol göstərən ulduzlardan gələn işıqlar da hansısa mücərrəd, naməlum həyatın dinməz atributlarıdır. Axı hər parlayan  ulduz bir ümiddir. 

Bax, o aşağı mərtəbədə yaşıla çalan işığı olan pəncərədə və ya o titrək sarı işıq yanan mənzildə görəsən kim yaşayır? Hamıyla deyib gülən, zahirən şən görünüb, yaşadığı iztirabları içindən çəkən birisimi? Yaxud, ilk baxışda qəzəbli, ürəyəyatmaz təsir bağışlayıb, əslində həssas ürəkli, çılğın birisimi? 

Binalardan yuxarı tərəfdə  zarafatla həmişə “Eyfel” adlandırdığı və üzərində qəbuledici qurğu quraşdırılmış qüllənin qırmızı işığı yanıb-sönüb, sönüb –yanırdı. Gecə səssizliyini və qaranlığın sükütünü hərdən hürüşən küçə itləri və ya yanğınsöndürən maşının yeknəsəq siqnalı pozurdu. Bayırda eyvandan asılan paltar iplərinin titrəməsindən, başa düşdü ki, külək əsməyə başlayıb. Artıq üzərində qaramtıl ləkələr olan narıncı sübh şəfəqi göy təbəqəsini sanki bayırdan yırtırdı. Bir azdan yeni gün başlayacaq, insanlardan bezmiş şəhər sakinlərin gündəlik həyat qayğılarının girovuna çevirilərək yeni günə qədəm qoyacaqdı. Eyvana çıxıb gecə yağmış yaz çiskinin göyə qaldırdığı yumşaq torpaq ətrini bütün nəfəsi ilə çiyərlərinə çəkdi. Tutacağın üzərinə dırmaşıb tərəddüd etmədən özünü çəkisiz boşluğa buraxdı. Uçaraq, binaların üzərində saya oturmuş göyümtül boz buludların arxasında gözdən itdi….

VÜSAL BAĞIRLI