Tribuna İnformasiya Agentliyi

Gənc oğlan sevgilisini öldürüb, intihara cəhd etdi – Bakıda şok olay

06 Noyabr

Bakının Nərimanov rayonunda qeyri-rəsmi yaşadığı qadını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Mahir Qocayevin barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Nərimanov rayonu, Xan Şuşinski küçəsi-63 ünvanda olub.

Həmin ünvanda yaşayan Mahir Qocayev qısqanclıq zəminində sevgilisi, 1994-cü il təvəllüdlü Ülviyyə Allahverdiyevanı bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Ülviyyə Allahverdiyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Məlum olub ki, hadisədən əvvəl Mahir Qocayevlə Ülviyyə Allahverdiyevanın münasibətləri pozulub. Bu səbəbdən onların arasında həmin ünvanda küçədə mübahisə yaranıb. Gənc oğlan mübahisə zəminində Ülviyyə Allahverdiyevaya çoxsaylı bıçaq zərbələri endirib.

Mahir Qocayev daha sonra özünə də bıçaqla zərbələr endirib. O, xəsarətlə xəstəxanaya yerləşdirilib. Cinayət törətdiyi üçün Mahir Qocayev polis nəzarəti altında müalicə alıb.

Daha sonra onun barəsində cinayət işi başlanması üçün istintaq orqanına təqdim olunub.

İstintaq orqanı tərəfindən Mahir Qocayevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Mahir Qocayevin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən Nərimanov rayon Məhkəməsinə təqdimat göndərilib.

Dünən hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə baş tutan qapalı prosesdə müstəntiqin təqdimatı təmin olunub.

Mahir Qocayevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə Nərimanov rayon Prokurorluğunda istintaq hərəkətləri davam etdirilir.